Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« April 2015 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 04 Aprel 2015 10:58

Xortumlu dağ

Sevinc Nuruqızı

Xortumlu dağ

b
iri vardı, biri yox idi. Yamyaşıl meşədə bir qarışqa ailəsi var idi. Bir gün qa­rış­­qa ailəsini qonşu kəndə ad gününə dəvət etdilər. Səhər tezdən yuvadan çıxdılar. Şehdə əməlli-başlı yuyunub, çiçək-ləçəkləri ilə qurulandılar. Yolçu yolda gərək deyib qarşıqa ailəsi yola çıxdı. Bir xey­li yol getdilər. Otların arası ilə nizamla irəlilədilər. Yolüstü çiçək dərməyi də unutmadılar. Axı ad gününə gedirdilər. Birdən başları nəyə isə dəydi:

- Tap... tarap...

O ufuldadı, bu hıqqıldadı. O həyəcanlandı, bu qışqırdı. Başlarını qaldırdılar. Qarşıda dağ var idi. Ad gününə çatmaq üçün dağı aşmaq la­zım idi. Qalxdılar, sürüşüb düşdülər. Bir də qalxdılar, bir də yıxıldılar. Çiçəkləri ətrafa səpələndi. Çox çalışdılar, bacarmadılar. Sonra fikirləşib, başladılar otlardan kəndir hör­məyə. Kəndirləri birləşdirib nərdivan elədilər. Amma nərdivan dağın üstünə at­maq lazım gələndə, bunu bacarmadılar. O tərəfə baxdılar, bu tərəfə baxdılar. Meşədə xə­bərçilik edən sağsağanı gördülər. Sağsağan tələsirdi. Deyəsən, vacib xəbər aparırdı. Dedilər:

- Sağsağan, nə olar bir dəqiqə xəbərçilik etmə də. Xeyirxah iş üçün bircə də­qi­qə vaxt ayır. Bizim nərdivanı dağın üstündən aşırt.

Sağsağan razılaşdı: - Hə nə olar. Xeyirxah iş görmək üçün xəbəri gecikdirə bilərəm.

Nərdivanı dimdiyinə alıb, dağın belindən aşırtdı. Qa­rış­qalar qışqırdılar:

Sağsağan həvəslə qarışqaların hördüyü nərdivanı dimdiyinə götürdü. Elə nərdivan idi ki, onu yemək də olardı. Ətirli, yamyaşıl otlardan, çiçəklərdən hörülmüşdü. Amma nərdivanı yemək olmazdı. Çünki qarışqalar ona inanmışdılar. O da onlara mütləq kömək etməli idi.

- Çox sağ ol. Mehriban sağsağan.

Sonra nərdivanla dağa qalxdılar. Qalxdılar, qalxdılar… Elə yenicə zirvəyə çatmışdılar ki, dağ tər­pən­di. Qarışqa ailəsi çox qorxdu. Yıxılanı oldu, duranı oldu. Birtəhər bir-birindən yapışıb, dayandılar. Möcüzə baş verdi. Dağ ayağa qalxdı. İşə bir bax. Ehey…y…y… Oy…y…y… Ay…y…y. Bu nədir? Get­məyə başladı. Getdi, getdi, getdi. Birdən qarşılarına göl çıxdı. Dağ xortumunu uzadıb gölün suyunu özü­nə çəkdi. Qarışqalar zirbədən aşağı boylandılar. Ən balaca qarışqa qışqırdı:

- Ata, bax, dağın xortumu var.

Qarışqalar tərpəndilər. Gözləri dəhşətdən bərəldi. Ayaqları əsdi. Dağın qulağı qaşındı. Dağ yarpağ kimi yekə qulaqlarını şap­pıldatdı. Şappıltıdan az qala qulaq tutuldu. Ən balaca qarışqa qışqırdı:

- Ana, bax, dağın qulaqları da var.

Sonra günəş çıxdı. Dağ istiləndi. Xortumundakı suyu fəvvarə kimi püskürüb yu­yunmağa başladı. İşə bir bax. Leysan yağır, nədir? Qarışqalar nərdivanla birlikdə yerə düşdülər. Düşən kimi də dağa baxıb qışqırdılar:

- Bu ki, fil imiş. Yekə fil… Dağ boyda… Dağdan da yekə fil. Fil.l.l.l.

Sonra ətrafa nəzər saldılar. Sən demə, fil onları ad günü olan yuvanın düz qa­pı­­sına gətiribmiş. Onlar vaxtında gəlib çatmışdılar. Filə təşəkkür elədilər:

- Çox sağ ol. Mehriban fil. 

Materialın kateqoriyası Sevinc Nuruqızı
Şənbə, 04 Aprel 2015 10:50

Xeyirxah parabüzən

Sevinc Nuruqızı

Xeyirxah parabüzən

b
iri vardı, biri yox. Alqırmızı donlu bir parabüzən var idi. Parabüzən meşədə xalları ilə tanınırdı. Elə xallarına görə də adı Xalxal idi. Xalxal çox xeyirxah idi. Hamıya yaxşılıq etmək istəyirdi. Etdiyi yaxşılıqlara görə hamı onu sevir və hər addımda kimsə deyirdi: «Salam, dostum Xal-xal. Necəsən?» Təzə doğulanda anası ona demişdi:

- Sən çox qəşəngsən. Bu meşədəki parabüzənlərin ən gözəlisən. Rəngin qırmızıdır. Qara-qara xalların var. Qanadların zərifdir. Lap ipək kimi. Amma zəhərlisən. Elə rəngin də ona görə al qırmızıdır. Quşlar səni yesə, zəhərlənərlər.

Xalxal bunu özünə dərd eləmişdi:

- Məni hansı quş yesə, öləcək. Yazıq quşlar. Axı mən qəşəngəm. Qırmızıyam. Ona görə də onlar məni yemək istəyəcək. Onların nə günahı var. Günlərin bir günü yazıq ac və yorğun quş məni görüb sevinəcək və «amm» eləyib yeyəcək. Hamı ac olanda nə isə yeyir. Yeyən kimi də zəhərlənəcək və...

Xalxal bir gün düşündü, iki gün düşündü. Axırda qərara gəldi ki, özünü gölməçəyə atsın. Palçığa bulaşıb, çirkin olsun. Quşlar da onu yeməsinlər. O, gölməçədə çimib palçığa batan begemotları çox görmüşdü. Yəqin ki, bu begemotları heç bir quş yemək istəməzdi. Kimin nəyinə lazımdı çirkin və pinti begemot.

Xalxal necə düşündüsə, elə də etdi. Günlərin bir günü səhər tezdən yola çıxdı. Axtarıb gölməçə tapdı. Ora atıldı.

- Tapp...

Bir xeyli çabaladı. Özünü əməlli-başlı palçığa buladı. Gölməçədən palçıqlı qara böcək olub çıxdı. İndi o, rahat ola bilərdi. Çirkinlikdə və pintilikdə bu meşədə ona çatan olmazdı. Qarşısına çıxan heç kəs ona «salam, dostum xalxal» demədi. Çünki o indii qapqara dozanqurduya oxşayırdı. Bir xeyli belə gəzdi. Birdən göy guruldadı. Şimşək çaxdı. Yağış yağdı. Yağış damcıları Xalxalın palçığını yuyub apardı. İndi o yenə də qəşəng idi. Qıpqırmızı, qaraxallı, zərif qanadlı. Amma o, qəşəng olmaq istəmirdi. Meşənin içi ilə gedib ağlayırdı:

- Quşlar, məni yeməyin də. Nə olar... Çox zəhərliyəm, çox acıyam, çox dadsızam.

Amma heç kəs onu dinləmirdi. Birdən qarşısına bir çiçək çıxdı. Qıpqırmızı Ortasında da qara xal. Xalxal dedi:

- Necə də mənə oxşayır. Çiçək, adın nədir?

Çiçək gülümsəyib dedi:

- Lalə.

Xalxal sevincindən qışqırdı.

- Tapdım.

Cəld çiçəyin üstünə dırmaşdı. Gəlib tən ortasında oturdu. Çiçəkdən seçilmədi. O xoşbəxt idi. Sevinclə deyirdi:

- Axır ki, quşları xilas edə bildim!

Materialın kateqoriyası Sevinc Nuruqızı
Şənbə, 04 Aprel 2015 10:00

Yaxmac

Sevinc Nuruqızı

Yaxmac

   Q
uru çörək yığılan səbətdə bir yaxmac var idi. Üz-gözündən bir vaxtlar cox ləzzətli olduğu duyulurdu.  Əyninin sapsarı donu, yupyumşaq yağı var idi. Bəs niyə birdən-birə gəlib quru çörəklər yığılan səbətə düşmüşdü?! Nə idi bunun səbəbi? Hətta ətrafındakı quru çörəklər belə bu işə mat qalmışdılar. Ömürlərində birinci dəfə idi ki, öz aralarında belə dəblə geyinmiş, ərköyün və mısmırıqlı şörək parçasına rast gəlirdilər. Əslində isə iş belə olmuşdu...

    Yaxmac bu səhər hamıya naz edirdi. Heç kimin fincanının kənarına getmir, yeyiləcəyindən qorxur, hamıdan kənar gəzirdi:

-     İstəmirəm də... İstəmirəm məni bu gün kimsə yesin. Başa

düşürsünüz?! İs-tə-mi-rəm...

 O, yenicə dünyaya gəlmişdi. Lap təzə idi. Səhər süfrəsi arxasında

onu ana düzəltmişdi. Bir tikə yupyumşaq, ağappaq çörəyin üstünə əvvəlcə yağ, sonra əncir mürəbbəsi çəkib, hamarlamışdı... Və yaxmac eləmişdi. Sonra təzə yaranan bu yaxmac qəhvədanın parıldayan üzündə özünə baxıb valeh olmuşdu. O tərəf, bu tərəfə çevrilib, nazla:

-     Ay aman, necə gözələm. Paltarım sapsarı günəş rəngdədir. Zərlidir.

Muncuqları da var. Qoymayacağam, məni yesinlər,- demişdi. 

    Qərarı qəti idi. Dediyi kimi də elədi. Kim əlini uzatdısa yaxmac cəld hərəkətlə qaçdı. Özünü gah çörəkqabının, gah qənddanın arxasına verıb gizləndi. Nəhayət, diqqətdən yayına bildi. Yeyilmədi...

     Səhər süfrəsi yığıldı. Hərə öz işinin ardınca getdi. Yaxmac gözləndiyi yerdən çıxıb dikəldi. Bayaqkı qəhvədanın üstündə özünə baxıb nazlandı. Qədd-qamətini  həvəslə nəzərdən keçirdi. Gülümsədi. Hətta yüngülvarı rəqs də elədi. Günortaya qədər qəhvədanın önündən çəkilmədi. Sonra qəfildən gördü ki, özünü pis hiss eləyir. Əsnədi, gərnəşdi və zəif səslə:

     - Başım ağrıyır, -dedi. Amma başına gələnlər tək bununla bitmədi. Halsızlığı get-gedə artdı. - A,a... Bu nədir?! Yağım əriyib süzülür ki. Donum da daralıb. Sıxır məni. Ay... Darıxıram... Ay, boğuluram.

   Başını o tərəfə qoydu, bu tərəfə qoydu. Özünə gələ bilmədi. O saat da səhv etdiyini anladı. Mətbəxdə nahar hazırlığı edən ananın yan yörəsində dolandı:

-     Götür, məni ye!- dedi.- Mən razıyam.

-     Yox, yeyə bilmərəm. Ürəyim istəmir.

   Yaxmac kor-peşman Nərgizin yanına gəldi. Onun gözünün qarşısında axsaya-axsaya irəli-geri getdi. Nərgiz  diqqətlə onu süzdü:

     - Nə pis yaxmacdır. Yağı əriyib süzülür. Ey, nə gəzirsən burada. Çəkil, üstümü mürəbbəyə bulayarsan.

     - Ye, məni... Nə olar, xahiş edirəm.

 Nərgiz dodaqlarını büzdü:

-     Mən indi nahar edəcəm. İstəmirəm səni. Ana, gəl apar bu yaxmacı.

Sonra isə ana mətbəxdən gəldi. Yaxmacı aparıb quru çörək səbətinə tulladı.

Materialın kateqoriyası Sevinc Nuruqızı
Şənbə, 04 Aprel 2015 09:46

Vurma cədvəli və Myao

Sevinc Nuruqızı

Vurma cədvəli və Myao

   İ
nanın mənə, dili olmamaq çox pis şeydir... Yox, deyəsən, düz olmadı. Xallının dili var idi, axı. Özü də uzun, yupyumşaq, çəmçəhrayı. Hər səhər onunla üzünü, qulaqlarını, boyun-boğazını yuyub, tərtəmiz eləyərdi. Mən gərək belə deyəydim: danışa bilməmək çox pis şeydir. Danışa bilmirsən və dostun köməksiz olur. Baxa-baxa qalırsan. Nə edəsən, necə edəsən axı... Bütün danışa bilməyənlər kimi Xallı da çətinlik çəkirdi. İş isə belə idi. Düz üç həftəydi ki, Fəxriyyə vurma cədvəlini əzbərləyirdi. İki dəfə ikin dörd, iki dəfə üçün altı... Xallı da bir küncdə oturub, bütün bunları dinləyirdi. Eşitdiklərinin hamısını əzbərləmişdi. Fəxriyyə isə tərslikdən unudurdu. Rəqəmlər onun başından çıxıb hara isə qaçırdılar. Yazıq qız ha çalışırdı onları başında saxlaya bilmirdi... Və hər gün danlanırdı:

-     Fəxriyyə, dörd dəfə dördün neçə eləyir?

-     On səkkiz...

  Bunu eşidən Xallı dik atılırdı. Demək istəyirdi ki:

-     Yox, on altı eləyir.

     Amma deyə bilmirdi. Ancaq quyruğunu qaldırıb salır, qulaqlarını şəkləyir, gözlərini oynadırdı:

-     Fəxriyyə, üç dəfə doqquz...

-     İyirmi bir...

     Xallı həyəcandan yerində hoppanıb düşür. O tərəf, bu tərəfə qaçırdı. Çığırmaq istəyirdi:

-     İyirmi yeddi...

    Əvəzində isə, yalnız “myao” alınırdı... 

Materialın kateqoriyası Sevinc Nuruqızı
Şənbə, 04 Aprel 2015 09:37

Süd dənəciyi

Sevinc Nuruqızı

SÜD DƏNƏCİYİ

b
u hadisə səhər tezdən baş verdi. Nənə yerindən duran kimi, sevimli inə­yi Alagözü sağmağa getdi. Ağappaq süd sırımları bir-birini itələyə-itələ­yə vedrəyə doluşdular. Süd köpüklənib vedrənin ağzınadək qalxdı. Və elə bu zaman... Hə elə bu zaman daşmağa hazırlaşan vedrədə özünə yer tapmayan ağappaq, napnazik, cəld və ağıllı bir süd sırımı «hop» eləyib vedrənin kənarından yerə atıldı:

- Bu mənəm, tanış olun, - dedi. - Süd sırımı Ağqız. Ey, tanış olun da, mənimlə. Bu mənəm Ağqız.

Ətrafda heç kəs ona fikir vermədi. Hərə öz işi ilə məşğul idi. Nənə süd sağır, baba isə ot çalırdı. Kürən toyuq yumurtalamağa hazırlaşırdı. Xoruz hasa­rın başına çıxıb diqqətlə kənd yoluna baxırdı. Cücələr cücü tutmaqla, ördəklər göldə çimməyə yollanır,  qazlar ördəklərdən geri qalmamağa çalı­şır­dılar. Süd sırımı Ağqız isə kiminləsə tanış olmaq istəyirdi. Axı kiminlə? Bəlkə gedim buzovla tanış olum. Ağqız nazik, ağ ayaqların qara torpağın üstünə basa-basa ala buzov bağlanan dirəyə yaxınlaşdı:

- Tanış olaq. Buzov eşitmirsən?! Tanış olaq, dedim. Mən süd şırımı Ağqızam.

Buzov onu görmədi. Heç səsini də eşitmədi. Ağqız buzovun quyru­ğun­dan yapışıb kürəyinə, oradan başına atıldı. Burununun üstündən sallanıb qışqırdı:

- Bura bax, yuxarı. Mən süd şırımı Ağqızam.

Buzov artıq südün ətirini almışdı. Gözləri burnundan yuxarı baxırdı. Və on­lar ikisi də birdən Ağqıza sataşdı. Buzov Ağqızı görən kimi sevindi:

- Ah, necə ətirlidir.

Ağqız özünü öydü. Burnundan aşağı qışqırdı:

- Əlbəttə ətirliyəm. Adım da Ağqızdır.

Buzov onun adına əhəmiyyət vermədi. Dadını bilmək istədi. Böyük dili­ni çıxardıb burnunun üstüylə yuxarı sürüşdürdü. Ağqız qorxuya düşdü. Dil indicə onu yaralayacaqdı. Daha süd şırımı Ağqız olmayacaqdı. Ağqız var gücü ilə kənara sıçradı. Gözünü açanda özünü geniş, yaraşıqlı fincanın için­də gördü. Tez özünü düzəldib ayağa durdu. Fincanın kənarına qalx­maq istədi. Bir neçə dəfə cəhd elədi. Nəhayət, alındı. İki əli ilə fincanın kənarından tutub başını çölə çıxartdı.

- Qəşəng fincandır. Üstündəki çiçəklərə bax. Görəsən, kimin fincanıdır?!

Ağqız başını qaldırıb fincanın sahibinə baxdı. Pırpız saçlı oğlan idi. Ağqız sevindi. Onunla tanış olmaq istədi:

- Ey, burada mən varam. Süd şırımı Ağqız. Oğlan onun səsini eşitdi. Amma harada olduğunu bilmədi. Ağqız yenə qışqırdı:

- Bura bax. Fincanın içindəyəm. Süd şırımı Ağqızam.

Oğlan əlindəki fincanın içinə baxdı.

Ağqız sevindi. Gülümsədi. İndicə oğlanla tanış olacaqdı. Amma sevinci uzun sürmədi. Çünki fincanın sahibi var gücü ilə ağlayırdı.

- Mən süd içmirəm. Süd içmək istəmirəm. Kim mənim fincanıma süd töküb? Gəlin aparın bu südü buradan.

 Ağqız da elə onun kimi qışqırdı:

- Niyə bağırırsan. Görmürsən dişlərin necə çürüyüb. Boyun da bapba­la­ca qalıb. Saçların da parıldamır. Süd içmirsən ona görə. Amma mən heç istəmirəm sən məni içəsən. Sadəcə tanış olmaq istəyirəm. Süd şırımı Ağqızam...

Oğlanın qışqırığı Ağqızın titrək səsini elə batırırdı ki, onu heç eşidən olma­dı. Bağıran oğlanın anası yaxınlaşdı. Ağqızı aparıb daha dərin bir qaba tökdü. Ağqız bu qabdan çıxmağa çalışdı. Ağladı, yalvardı. Onu eşidən olmadı. Sonda sakitləşib yatdı.

- Səhər yenicə açılmışdı. Ağqızın yatdığı qaba bir qaşıq girdi. Qaşıq dəmir ağzı ilə onun üstü ilə irəlilədi. Ağqız şikayətləndi:

- Ey, qaşıq xanım, siz nə edirsiniz? Əzilirəm axı...

Xanım qaşıq ona əhəmiyyət vermədi. Üzündəki qaymağı yığdı kənar­la­rı zərli bir nimçəyə. İlk dəfə Ağqız üzündən yığılan qaymağın adını eşitdi:

- Xama!

Xamanı masaya apardılar. Ağqız qaldı qabın içində. Yağsız və dadsız oldu­ğu­nu hiss etdi:

- Yağımı apardılar. Adına «Xama» dedilər. Amma eybi yoxdur. - Ağqız özünə ürək-dirək verdi, - hələ də ağappaq və ətirliyəm. Ah... Kimin­ləsə tanış olmaq istəyirəm....

Amma bunu edə bilmədi. İki əl yaxınlaşıb onu içində yaşadığı qabla birlik­də yerindən qaldırdı. Aparıb sobanın üstünə qoydu. Və... Dəhşət... Alov dilimləri qabın ətrafını yalamağa başladı. Ağqız istiləndiyini hiss elədi. Haray qaldırdı:

- Ay yandım. Ay bağrım çatladı. Ay boğuldum...

Bunu deyib o qabın kənarı ilə sürətlə qalxdı. Kimsə qışqırdı:

- İndi süd daşacaq...

Onu daşmağa qoymadılar. Güclə qabın kənarına çatmışdı. Lap az qal­mış­­dı ki, «hop» eləyib azad olsun onu sobadan götürdülər. Ağqız kədər­lən­di.

- Lap azca qalmışdı düşüb yenə azad süd şırımı Ağqız olam. Qoymadılar...

Ağqız yavaş-yavaş soyudu. Sakitləşib qabın dibində qaldı. Birdən yenə də kiminsə yaxınlaşdığını hiss elədi:

- Qaşıq, nə var yenə də?! Daha qaymağım yoxdur. Özüm də dincəlmək istəyirəm. Məni narahat etmə.

Amma qəzəbli qaşıq ona əhəmiyyət vermədi. İçindəki ağ nə idisə boşaltdı Ağqızın üstünə. Sonra onu yaxşıca qarışdırdı. Üstünə isti dəsmal salıb sakit yerə qoydular. Ağqız içinə atılanla tanış olmaq istədi:

- Tanış olaq. Mən süd şırımı Ağqızam. Bəs sən kimsən?

- Mən qatıq. Ha-ha-ha... İndi sən də qatıq olacaqsan.

Ağqız səksəndi qışqırdı:

- Çıxardın bu ağ vəhşini mənim yaşadığım qabdan. Mən... mən qatıq olmaq istəmirəm. Mən süd şırımı Ağqız olmaq istəyirəm...

Amma sözünü deyib qurtaranda o artıq qatıq olmuşdu. Sonra həyatında çox hadisələr baş verdi. Onu taxta qabda çalxaladılar. Qabla tanış olmaq istədi:

- Mən süd şırımı... Yox ey mən qatıq Ağqızam. Bəs sən...

- Mən Nehrəyəm... - Bunu deyib nehrə necə sürətlə irəli-geri çalxalandısa Ağqızın ürəyi bulandı. Başı gicəlləndi. Canında olan yağ ayrı­lıb qalxdı yuxarı. Sonra yağın kənarı zərli nimçəyə yığıb apardılar. Ağqız yerdə qalanla tanış olmaq istədi:

- Mən Ağqızam... Bəs sən...

Yeni tanışı üz-gözünü turşutdu. Həvəssiz dilləndi:

- Mən Ayranam. Amma indi elə sən də Ayransan.

Ağqız özünə baxdı. Təzə adı xoşuna gəlmədi: Ayran Ağqız. Çox pis. Canında yağı, qaymağı qalmamışdı. İndi o kimə lazım idi. Yəqin ki, heç kimə... Amma bu, belə olmadı... Ağqızı yenə sobanın üstünə qoydular. Yenə alov dilimləri onun dörd yanını bürüdü. Ağqız çürüdüyünü kəsil­di­yi­ni hiss etdi. Qolları boşaldı. Ayaqları hərəkətədən düşdü. Amma yenə də yanındakı ağ, yumşaq bədənli birilə tanış olmaq istədi:

- Mən Ayran Ağqızam, bəs sən kimsən?

Kobud bir səs Ağqızın səsini batırdı.

- Mən Kəsmiyəm. Elə sən də kəsmiksən. Kəsmik Ağqız... Ha-ha-ha - Kəsmik Ağqız...

Sonra onu bir dilim isti və ətirli çörəyin üstünə qoydular. Və Ağqız daha heç kimlə tanış olmadı.

Materialın kateqoriyası Sevinc Nuruqızı
Şənbə, 04 Aprel 2015 09:20

Görəsən, itlər də ağlayır?!

Sevinc Nuruqızı

GÖRƏSƏN, İTLƏR DƏ AĞLAYIR?!

         Şümşad nənə, ay Şümşad nənə!

       Cavab verən olmadı. Sərçə bir də çağırdı:

         Şümşad nənə, ay Şümşad nənə!

Hay gəlmədi. Sərçə yaxşı bilirdi ki, neçə dəfə çağırsa da      Cavab almayajaqdı. Axı, çağırdığı qarı heç nə eşitmirdi. Amma Sərçə də çağırmamış artırmaya qalxmağa jəsarət eləməzdi.

Üzü yuxarı boylandı. Arıq ayaqlarını çürüyüb qaralmış taxta pilləkənlərə yavaşja basa-basa yuxarı qalxdı. Artırmada balaja uşaq boyda, beli bükülmüş qarı oturmuşdu.

         Şümşad nənə, mən gəldim.

         Yaxşı elədin, Xanım bala. Gəl otur.

Onu təkjə bu qarı öz adı ilə çağırardı.

           Qəşəng adın var. Xanım! Qoyma sənə Sərçə desinlər, - deyərdi.

Amma Sərçənin əlindən bir şey gəlməzdi ki. Çünki, çoxları onun əsl adını belə bilmirdilər.

Eynən Şümşad nənə kimi bardaş qurub oturdu. Gözlərini qarının həvəngdəstədə nə isə döyən qupquru, damarları çıxmış əlinə zillədi. Haradansa damjılar düşdü bu əllərin üstünə. Damjılar daşa dəymiş kimi çırtladı. Ətrafa səpələndi. Sərçə gözlərini qaldırdı. Baxışlarını qarının qırışlardan susuz torpaq kimi çat-çat olmuş sifətinə zillədi. Çatlar parıldayırdı.

Ağlayırdı. Sərçə kədərləndi. Ətrafa baxdı. Hər dəfə Şümşad nənənin suyu sovrulmuş dəyirmana bənzəyən bu səssiz-küysüz evinə gələndə darıxardı. Bu lal divarlar arasında yaşayan qarının halına ajıyardı:

         Xanım, sənə bir sözüm var.

         Nədir, Şümşad nənə?

         Xanım, balamsan. Özün bilirsən ki, qulaqlarım tamam batıb. Yanımda top atsalar da eşitmərəm. O qu-durmuşlar kəndə girəndə xəbərim olmayajaq. Məni qoyub getmə…

Səsi əsdi. Boğazı tıxandı. Qırışlar yenidən parıldadı.

Sərçə heykəl kimi lal-dinməz durub baxırdı. Öz-özünə: «Gör kimə ağız açır. Gör ümidi nə qədər kəsilib ki…».

Gözlərinin qarşısından tanış və dəhşətli kadrlar keçdi: çöllərə səpələnmiş qoja, uşaq meyitləri. Daşa dönmüş meyitlərin üstündə hönkür-hönkür ağlayan videooperator. Titrəyən kamera…

Qarının səsi onu qısa həyatının ən qorxunj xəyallarından ayırdı:

         Ölüm gözəl şeydir. Amma  rahat ölüm.

Sərçə gözlərində sonunju ümid qığıljımları öləziyən qarıya baxdı:

           Yox, qoymaram sönsün onun sonunju ümidi, - dedi.  Qətiyyətlə:

           Qorxma, nənə, səni qoyub heç yerə getməyəjəyəm.

Dedi, amma dediyi sözü yerinə yetirə biləjəyinə özü də inanmadı. Kiçik, zərif əlini, qupquru, damar-damar əlin üstünə qoydu:

         Mütləq, mütləq aparajağam.

Qarı gülümsədi. Parıldayan jığırlar işıqlandı. Bənizindəki kölgə çəkildi.

Sərçə hoppana-hoppana çürümüş, taxta pilləkənlərdən endi. Daha yıxılajağından da ehtiyat etmədi…

Bu gün o erkəndən oyanmışdı. Hamı yuxuda idi. Sərçə isə qonşunun itinin səsinə durmuşdu. Stolun altındakı çörək teştini çəkdi. Üstündəki dəstərxanı qaldırıb bir parça çörək kəsdi, aşağı yüyürdü. İt çörəyi havada qapdı:

         Yazıq. Bənövşəyə nə deyim elə. Heç olmasa gedəndə bu heyvanı zənjirdən açıb buraxaydı. İndi ona kim yaxın düşə bilər ki…

İtə baxdı. Çörəyi yeyib qurtarmışdı. Yazıq-yazıq ona baxırdı. Sərçəyə elə gəldi ki, onun qapqara gözləri yaşarıb. Sonra öz-özünə:

         İtlər də ağlayar?! - sualını verdi. Daha onun gözlərinə baxa bilmədi. Dönüb eyvana tərəf getdi. Eşitdiyi qəfil gurultudan qulaqları uğuldadı. Yerindəjə dondu. Qonşu evin divarı gurultu ilə töküldü.

Anası və bajıları eyvana atıldılar. Gurultu kəsilmirdi. Sərçənin başının üstündən vıyıltıyla güllələr keçirdi. Bajıları çığırışırdı. O da qışqırmaq istəyirdi. Səsi çıxmırdı:

         Kəndə giriblər. Ay jamaat, ermənilər kəndə giriblər.

Anası hazır qoyduğu bağlamanı götürüb maşina atdı. Dəhşət içində qaçışan uşaqları içəri yığdı. Babası ağır bədənini güjlə gətirib sükanın arxasına salmışdı. Atası jəbhəyə gedən gündən maşını o sürürdü.

Sərçə maşına sarı getdi. Oturmaq istədi. Bajarmadı. Qulaqlarında: «Ölüm yaxşı şeydir. Rahat ölüm…» səsləndi, gözlərinin önündə buza dönmüş meyitlər və hönkürən videooperator janlandı…

Qaça-qaça kənd yoluna çıxdı. Anasının səsi gurultuya qarışdı:

         Sərçə, Sərçə, hara,  ay bala?! Sərçə, qayıt!!!

Çürümüş pilləkənləri nejə çıxdı xəbəri olmadı. Artırmada heç kim yox idi. Ağlından keçən fikirdən dəhşətə gəldi:

         Yatıb!!!

Kiçik yumruqlarını pənjərəyə döydü:

           Dur, Şümşad nənə, dur! Dur, nənə, dur. Giriblər. Kəndə giriblər.

Xeyri olmadı. Qarı tərpənmirdi. Ölü kimi uzanmışdı.

…Yenə buza dönmüş meyitlər, yenə boğuq hönkürtü… Əsdi. Pilləkənlərə tərəf atıldı. Bir pilləkən düşdü. Dayandı:

         Rahat ölüm yaxşı şeydir. Rahat ölüm.

Döndü. İlk gözünə dəyən pənjərənin qarşısındakı həvəngdəstə oldu. Həvəngin dəstəsini götürüb qarşısındakı şüşəyə çırpdı. Onun tamam tökülməsini gözləyə bilmədi. İçəri atıldı:

         Dur, nənə, dur. Dur, nənə, - deyib qarını silkələdi.

Qarı dik atıldı:

         Gəlmisən, Xanım bala?! Gəlmisən…

Sərçə verdiyi sözü yerinə yetirmişdi. Bu sözün doğruluğuna inanmasa da belə. Qarı da arzusuna çatmışdı. Nə vaxtsa öləjəkdi, amma rahat ölümlə…

Arxasınja boşalmış yurd yeri baxan bir maşın şütüryürdü kənd yoluyla. Bu maşında bir uşaq hönkürürdü, zənjirdə qalmış qonşu itdən ötəri.

Üstündən illər keçəjək. Hönkürtüsü içinə hopmuş qız böyüyəjək. Amma onu ömür boyu yaşla dolmuş qonşu itin gözləri tə'qib edəjək. Elə hey fikirləşəjək:

- Görəsən itlər də ağlayır?!

Materialın kateqoriyası Sevinc Nuruqızı
Şənbə, 04 Aprel 2015 09:15

Əsl dost

Sevinc Nuruqızı

Əsl dost

A
nası artıq qapıdan çıxırlı. Adəti üzrə bir də səsləndi:

-  Elvin, əl çək o, göyərçinlərdən! Get otur dərsiərini hazırla!

- Ana, məktəb yoxdur axı. Hansi dərsləri eləyim?

- Götür bəlii kitab oxu. Lap quşbaz olub getmisən. Qoy atan   gəlsin, deyəcəyəm aparıb o göyərçunləri Qarqardan o yana uçurtsun.

Anası deyinə - deyinə getdi. Elvini fikir apardı: «Görəsən atam göyərçinləri  Qarqardan o yana uçurtsa, gəlib məni tapa bilər?»

Anasının sözlərindən çox narahat idi.bir istədi göyərçinlərini qolunun üstünə alıb aparsın qonşu kənddəki Qarqar çayına tərəf ki, qoy yolu öyrənsinlər. Amma qorxdu. Axı onların kəndləri ermənilərlə sərhəddə idi. Düşmən tez-tez kəndi bombalayırdı. Qonşu kəndə isə xeyli yol getməli idi. Həm də anasına verdiyi sözdən çıxa bilmirdi.onu arxayın etmişdi ki, tək heç yerə getməyəcək. Eybi yoxdur,atası ilə özü danışıb, başa salar onu. Atası cəbhədə idi. Kəndə gec-gec gəlirdi. «O gələnə qədər quşlarla az oynayaram,anamın da hirsi soyuyar.» - deyə öz-özünə fikirləşdi.

Belə düşüncələrlə həyətin kənarındakı quş damına girdi. Göyərçinlər uçuşub çiyninə, başına qondular. Elvin onlara dən.su töküb içəridəki kötüyün üstündə oturdu. Ovcunu açıb dedi:

- Gəl, Cığalı, gəl sən də ye.

Cığalı onun ən sevimli göyərçini idi. Onu həmişə ovcundan yemləyirdi.Cığalı uçub biləyində oturdu.Aramla ovcundakı dəni dənləməyə başladı.Elvin yuxulu idi.Bütün gecəni yatmamışdı.Anası ilə həyətin o başında qazdıqları qazdıqları qazmada oturmuşdu.Ermənilər səhərədək kəndi bombalamış, səhərə yaxın dayanmışdılar.Ona görə də Elvi-nin oturduğu yerdəcə gözləri yumulurdu:

- Cığalı, doydun?Onda mən gedim bir az dıncəlim.

Cığalı dil bilirmiş kimi, tez yerə düşdü.Eivin qalxıb tez evə yollandı.Yatağına girib yorğanı başına çəkdi.Büzüşdü.Axır vaxtlar tək olanda çox qorğurdu.Amma bunu anasına deyib onu narahat etmək istəmirdi.Xoşbəxtlikdən çox tez yuxuya getdi.Yuxuda atasını gördü.Ona təzə quş damı tikirdi.Özü də heç yerə tələsmirdi.Atası cəbhə paltarında deyildi.Elvin gördüyü yuxunun təsirindən gülümsəyir, duyduğu sevinc üzünə yayılırdı.

Nə qədər yatdığını özü də bilmirdi.birdən kiminsə üzünü qıdıqladığını hiss etdi.Amma gözünü aça bilmədi.O biri böyrü üstə çöndü.Onu yenə qıdıqladılar. Gözünü zorla açdı. Cığalı idi. Quş qəribə səslər çıxardır, qanadlarını qabardıb açır, narahat-narahat üzünü dimdikləyirdi.

-  Nə istəyirsən? Heç adamı da belə gözəl yuxudan oyadarlar?

Bu sözləri deyəndə Elvin hələ də yuxulu idi. Birdən çöldən gələn gurultu səsindən tam ayıldı. Tez yerindən qalxdı. Vahimə içində pilləkənləri düşüb, həyətin o biri başındakı qazmaya girdi. Ciğalı da qolunun üstündə idi. Yerə çöməldi. Əsə-əsə kiçik deşikdən bayıra baxdı. Gördüyü dəhşətdən var gücü ilə bağırdı. İndicə içində yatdığı otaq göyə sovrulmuşdu. Yeridə toz dumanı qalmışdı. Elvin Cığalını sinəsinə sıxıb ağlayırdı. Hönkürə-höhkürə deyirdi:

- Sağ ol, Cığalı, sən əsl dostsan! 

Materialın kateqoriyası Sevinc Nuruqızı
Şənbə, 04 Aprel 2015 08:46

Ağca və cubbulu

Sevinc Nuruqızı

AĞCA VƏ CUBBULU

S
ürəyya
sakit qız idi. Həyətdə uşaqlar atılıb-düşəndə, qaçdı-tutdu, ip atdı oynayanda, o evin bir küncünə çəkilib bapbalaca, yumşaq gəlinciyi Cubbulunu yedizdirir, saçlarını darayırdı. Cubbulu ilə söhbəti maraqlı olurdu. Hərdən onu danlayırdı:

- Cubbulu, bu gün özünü pis aparırsan. Dərslərini hazırlamamısan, evi zibilləməmisən. Tənbəllik edirsən ha!

Sonra səsini bir az nazildib Cubbulunun da əvəzinə danışırdı:

- Bağışla, Sürəyya. Mən səhvimi düzəldərəm.

- Onda get əllərini yu, gəl otur yeməyini ye.

- Mən hələ acmamışam.

- Sən həmişə belə edirsən. Vaxtlı-vaxtında yemək yeməsən böyüməzsən. Elə cubbulu qalarsan. Bütün uşaqlar məktəbə gedər, sən evdə oturarsan.

Çox vaxt evcik qururdu. Cubbulunu da evciyin ortasında oturdurdu. Hərdən başı elə qarışırdı ki, cəbhədə döyüşən atası belə yadından çıxırdı. Birdən nəyi isə xatırlayır, kədərlənir və deyirdi:

- Cubbulu, atam müharibədən qayıdanda, mənə də, sənə də güllü paltar alacaq. Özü deyib.

Bütün günü Sürəyyanın yanında sevimli, xırda gəlinciyi Cubbuludan savayı bir ağ göyərçin də olurdı. Sürəyya onu Ağca çağırırdı. Ağca Sürəyyanın ən sevimli dostlarından idi. O, eyvana sarmaşmış tənəyə qonur, saatlarla Sürəyya ilə Cubbuluya tamaşa edirdi. Hamıya elə gəlirdi ki, o Sürəyyanın nə danışdığını da başa düşür.

Bəzən görürdün ki, Ağca uçub qızın evciyinin kənarına qonub. Sürəyya onu suya, dənə qonaq edir, Ağca əvvəlcə utanır, sonra məmnuniyyətlə yeyirdi. Bəzən oyuna da qoşulur, dimdiyi ilə nəlbəkidəki sudan götürüb damcı-damcı tökür, Sürəyya Cubbulunu çimizdirirdi.

Hərdənbir atılan güllə səsindən Ağca da, Sürəyya da səksənirdi. Cubbulu isə heç nəyi vecinə almırdı. Belə olanda onlar tələsik evciklərini yığışdırıb zirzəmiyə düşməli olurdular. Axı Sürəyyagilin kəndləri erməni kəndlərinin əhatəsində yerləşirdi.

Günlər bir-birini əvəz edirdi. Cəbhədən ağır xəbərlər gəlirdi. Sürəyya çoxdandı ki, atasından məktub almırdı. Bir gün səhər tezdən atışma başlandı. Düşmən Sürəyyagilin kəndinə hücuma keçmişdi. Gülləni dolu kimi yağdırırdı. Silahsız camaat kəndi tərk edirdi. Sürəyyanın anası da qızını götürüb güc-bəla ilə bu güllə yağışından salamat çıxdı. Onlar başqa kənddə yaşayan xalasıgilə gəldilər. Bütün gecəni heç kəs yatmadı. Hamının gördüyü dəhşətdən yuxusu qaçmışdı. Sürəyya da yata bilmirdi. Axı necə yataydı?! O, Ağca ilə Cubbulunu düşmənlərin əlində qoyub gəlmişdi. Bunu heç zaman özünə bağışlamayacaqdı. Elə hey ağlayırdı. Xalasının verdiyi gəlinciyə yaxın durmur, «Cubbulu», - deyib gözünün yaşını axıdırdı.

Sürəyyagilin kəndini düşmən dağıtmışdı. Uçmuş evin eyvanındakı tənəyə qonmuş Ağca çox kədərli idi. O, toz-torpağın içinə düşmüş Cubbulu ilə dərdləşirdi:

- Tək qalmısan, Cubbulu?

- Hə Ağca. Çox darıxıram. Sən də darıxırsan?

- Əlbəttə. Lap ürəyim partlayır. Görəsən, Sürəyya qayıdıb bura gələr?

- Yox, Ağca, yox. Kənd düşmənlərlə doludur axı...

- Bəs onda neyləyək?

- Hələ bir soruşursan?! Sənin ki, qanadların var! Mən uça bilsəydim bir dəqiqə də burada qalmazdım. Gəl məni də al dimdiyinə, gedək Sürəyyanın yanına.

Ağca elə bil yuxudan ayıldı. Diksinən kimi oldu. Uçub Cubbulunun yanına qondu. Güc-bəla ilə çəkib toz-torpağın içindən çıxartdı. Dimdiyinə alıb qanadlandı. Yolu yaxşı tanıyırdı. Sürəyya onu bir dəfə özü ilə xalasıgilə aparmışdı.

Sürəyya çox kədərli idi. Dodaqlarını büzüb pəncərədən bayıra baxırdı. Səhərdən heç nə yeməmişdi. Gözü yol çəkirdi.

Birdən ayağa qalxdı. Gözlərini ovxaladı. Gördüyünün yuxu, yoxsa həqiqət olduğunu anlamaq istədi. Yox, yuxu deyildi. Bu ki, doğrudan da Ağca idi, dimdiyindəki isə Cubbulu.

Sürəyya sevincindən atılıb düşdü. Dostlarını qucaqladı. İndi onlar yenə də üçü bir yerdə idilər. Üç dost öz sevimli kəndlərinə qayıdacaqları günü və Sürəyyanın əsgər atasının yolunun gözləyirdilər. 

Materialın kateqoriyası Sevinc Nuruqızı
Şənbə, 04 Aprel 2015 08:37

İpəkcənin macəraları

Sevinc Nuruqızı

İpəkcənin macəraları

                             Kirpi balasına ad qoydular

 

b
iri vardı, biri yox. Meşələrin birində bir kirpi balası var idi... Yox, bu, deyəsən, düz olmadı. Axı kiçik kirpi balası bu gün də var. Adına İpəkcə deyirlər. İndi deyəcəksiniz ki, kirpi balası hara, İpəkcə hara? Amma onun adı, doğrudan da,  İpəkcədir. Bu adı körpə kirpi balasına qonşuları Bozqulaq qoyub. Necə olub? Deyim siz də bilin.

Günlərin bir günü kirpi balası öz ilk addımını koğuşdan çölə atdı. Əvvəlcə büdrəyib yerə yıxıldı. Sonra qalxıb ovcundakı qırmızı meşə almasından bir dişlək alıb dedi:

—Ay aman, necə dadlıdır?! —birdən kirpicik çəməndə həvəslə oynaşan dovşan balalarını gördü.—Ey, siz kimsiniz?

Koğuşdan anasının səsi gəldi:

—Əvvəlcə salam verərlər.

Kirpicik gözlərini döydü. Axı haradan bilsin. Birinci dəfədir ki, yuvadan çıxır:

—Salam.

Dovşan balaları ona tərəf baxmadılar. Çünki kirpi çox balaca idi. Otlardan seçilmirdi. Səsi də çox zəif idi:

—Ey, sizinləyəm, salam!—deyə kirpi balası qışqırmağa, kiçik dabanları üstə qalxıb özünü göstərməyə çalışdı... və dovşan balaları onu gördülər.

—Bir baxın, bapbalaca kirpi.

—Yaxın getmə, Bozqulaq, kirpilər tikanlı olurlar.

—Deyirsən, oxları mənə batar.

—Hə... Sonra anamız bizi bir də bayıra buraxmaz.

—Axı, o, bizə salam verdi...

—Doğrudan da... Gəlin, salamını alaq.

Dovşan balaları sıraya düzülüb hamısı bir yerdə:

—Salam,—dedilər.

Kirpicik heç nə anlamadı: ”İşə bax. Onlar da “Salam!” verdilər. Axı bu “salam” nədir belə? Olsun ki, yaxşı şeydir. Onda bir də verəcəyəm”. Kirpicik dilləndi:

—Salam.

Dovşanlar mat qaldılar:

—Sən verdin, biz də aldıq. Neçə dəfə olar?

Kirpi gözlərini döydü:

—Nəyi verdim?

—Salamı.

—Axı mənim əlimdə salam yox idi. Alma var idi, onu da yedim, qurtardı.

Dovşanlar başa düşdülər ki, kirpi bilmir “salam” nədir. Bozqulaq cəsarətlə irəli çıxdı. Gəlib kirpi balasının yanında oturdu. Sonra dedi:

—Hamı bir-bir ilə görüşəndə mütləq salam verməlidir. Salam ələ götürüləcək bir şey deyil. O, sözdür. Onu dil ilə deyirlər. Dilin var?

Kirpi balası balaca çəhrayı dilini bayıra çıxartdı:

—Gör nə boyda dilin var? Onunla gündə min dənə salam vermək olar.

Bunu deyib, Bozqulaq özü də bilmədən əlini kirpi balasının başına çəkdi:

—Yupyumşaqsan. Lap ipək kimisən.—Sonra qardaşlarını səslədi.—Bir bura gəlin. Heç də qorxulu deyil. Onun tikanları əlimə batmadı.

Dovşanlar kirpinin ətrafına toplandılar. Hamısı qorxa-qorxa da olsa ona toxunmağa çalışdı... Bozqulaq dilləndi:

—Mən bildim. Gəlin, onu İpəkcə çağıraq.

—Kirpiyə İpəkcə deyək?

—Axı burada yalan heç nə yoxdur. Onun oxları, doğrudan da, ipək kimidirlər.

—Onda deyək!

O gündən körpə kirpinin adı belə qaldı... İpəkcə...

 

                                 İpəkcə ilə Bozqulaq alma axtarışında

 

İpəkcə artıq tez-tez koğuşdan çıxıb gəzməyə gedirdi. Daha darıxmırdı. Çünki Bozqulaqla dostlaşmışdı. İsti ot yatağında, ayağını-ayağının üstünə aşırdıb istirahət edəndə Bozqulağın gülüşünü eşitdimi, o saat qalxar və özünü koğuşdan bayıra atardı:

—Bozqulaq, salam!

Bozqulaq atılıb-düşər, sevinə-sevinə dostuna tərəf qaçardı. 

  Bu gün də belə oldu. Koğuşdan başını çıxardan İpəkcəni görəndə Bozqulağın sevincinin həddi-hüdudu olmadı:

—Gəldin?

—Hə... Gedək, gəzməyə?

—Hara?

—Alma yığmağa.

Bozqulaq təəccüblə İpəkcəyə baxdı: ”Necə də cəsarətlidir”.

—Alma yığmağa?! Axı yolu tanımırıq.

İpəkcə sakitcə dedi:

—Hə, nə olsun, gedib taparıq.

Bozqulaq razılaşdı. Razılıq əlaməti olaraq İpəkcənin sivri burnuna bir çırtma da vurdu. İpəkcə adəti üzrə yumrulandı. Lap top kimi oldu. Bozqulaq güldü:

—Yaxşı, yaxşı... Qorxma... Zarafat etdim. Başını çıxart görüm. Getdik...

Yola düşdülər. Ətirli meşə almaları İpəkcənin sevimli yeməyi idi. Bozqulaq isə olsa, yeyərdi, olmasa, yox. Onun sevdiyi yerkökü idi. Bir də kələm... Vəssalam.

Axşam düşənə kimi qarşılarına bir dənə də olsun alma ağacı çıxmadı. Artıq hər ikisi yorulmuşdu. İpəkcə tez-tez burnunu yuxarı qaldırıb əsnəyir, yatmaq istəyirdi. Elə Bozqulaq da. Həm də ac idilər.

—Bircə dənə alma olsaydı, yeyib yolumuza davam edərdik.

—Bir dənə də yerkökü... Bəh, bəh, bəh...

—Mən yerkökü istəmirəm.

—Mən də alma.

—Bəs onda alma yığmağa niyə gəldin?

—Sənə görə...

İpəkcə sevindi. Bozqulaq, doğrudan da, yaxşı dostdur. Amma gərək gəlməyəydi. Onda İpəkcə də gəlməzdi. İndi də...

İkisi də ağlayırdı. Çünki gecə düşmüşdü. Onlar qorxurdular.

—Üüü... Üüüü... Üüüüü

—Üüü... Üüüü... Üüüüü

—Mən alma istəmirəm. Anamı istəyirəm.

 —Mən də...

—İndi qaranlıqda canavar gəlib bizi yeyəcək.

—Heç sümüyümüz də qalmayacaq.

İpəkcə göz yaşlarını saxlaya bilmirdi:

—Üşüyürəm, soyuqdur... Ayaqlarım əsir. Daha gedə bilmirəm.

Bilmirəm, sizə demişəm, ya yox, onlar artıq geri qayıdırdılar. Amma bu gedişlə çətin ki, gedib yuvalarına çata biləydilər.

—Mən heç nə görmürəm, — deyə Bozqulaq ürəkdən ağlayan İpəkcəni səslədi.—Sən görürsən?

—Bir az...Üüü...Üüüü

Elə bu vaxt qonşuları Köstəbək əmi meşənin içi ilə işdən evə qayıdırdı. İpəkcəni səsindən tanıdı. Axı Köstəbək əminin evi İpəkcəgilin koğuşu olan ağacın dibində idi. Lap balaca olanda İpəkcə gecəni səhərədək ağlayırdı. Su istəyirdi, ağlayırdı, süd istəyirdi, ağlayırdı. Yatanda da ağlaya-ağlaya yatırdı, duranda da ağlaya-ağlaya dururdu. Sonra danışmağı öyrəndi... Daha ağlamırdı. Köstəbək əmi İpəkcəni tanımışdı:

—Ay bala, kirpicik. Burada nə gəzirsən, gecə vaxtı?

—Dostumla alma yığmağa gəlmişdim.

Köstəbək əmi Bozqulağı sanki elə indicə gördü:

—Bıy, Bozqulaq da burada imiş ki...

Köstəbək əmi onların ikisini də götürüb kürəyindəki kisəyə atdı və yola düzəldi.

                     

                              Köstəbək əminin kisəsində

—Bozqulaq, nə yaxşı Köstəbək əmini gördük, hə...

—Yoxsa, qalardıq meşədə...

—Yeyərdilər bizi...

—Tülkülər, canavarlar. Belə-belə gələrdilər...

Bozqulaq başına barmaqları ilə buynuz qoydu. Kisənin içində gülməkdən uğunub getdi.

Köstəbək əminin kisəsində əməlli-başlı canlanma var idi. Səs-küydən narahat olub oyanan kisədəkilər  tərpənməyə başladılar:

—Ay ana, bu kimdir belə, nə pis gülür...

—Lap qulağım batdı.

—Öhö, öhö, öhö...

—Məni tapdaladılar.

—Vay başım.

Narahat olanlar Köstəbək əminin bütün günü yer qazıb çıxartdığı soxulcanlar idi. Balaları üçün aparırdı. Onların şam yeməyi ağ soxulcan süzməsi olacaqdı. Yuxudan narahat olub oyanan soxulcanlar üzü yuxarı dırmaşmağa başladılar. Çox keçmədi,Ş gülüşənlər sakitləşdilər:

—Bozqulaq, elə bil kimsə qarnımı qıdıqlayır.

—Ay, ay... Bu nədir belə? Qulaqlarımdan kim sallaşıb?!

—Oxlarımın arası ilə kimsə sürünür.

—Necə?! İpəkcə, mənim də... Boğuluram. Boynuma ip dolaşıb.

Onlar hara əl atdılarsa, soxulcan gəldi əllərinə. İpəkcənin üstünə elə bil bir nimçə əriştə tökmüşdülər. Yeriyən əriştələr. Yüyürən, danışan əriştələr.

—Kömək edin!

—Köstəbək əmi, Köstəbək əmi...

Köstəbək əmi isə nəğmə oxuyurdu:

—Fuf, fuf, fuf, fuf

Yaman uzaqdır yolum.

İşləməkdən yorulub

Həm ayağım, həm qolum.

İpəkcə ilə Bozqulaq ha qışqırdılar, Köstəbək əmi eşitmədi. Kisədə isə vəziyyət gərgin idi. Soxulcanlar hirslənib hücuma keçmişdilər. İpəkcə ilə Bozqulaq əllərinə keçən soxulcanları kisədən bayıra atır, canlarını bu yolla onlardan qurtarmağa çalışırdılar. 

Bir xeyli davam edən mübarizədən sonra kisədə bir dənə də olsun soxulcan qalmamışdı. Qəhrəmanlar isə hərəsi kisənin bir küncündə oturmuşdu. Tər içində idilər. Tövşüyürdülər.

Köstəbək əmi isə oxuyurdu:

Fuf, fuf, fuf, fuf                 

Yolum yaman uzaqdır.

Kisəmdə soxulcanlar

İndi qalaq-qalaqdır.

                                               Günahkarlar

 

İpəkcəni yuvanın küncünə qoymuşdular. Dəqiq bilirdi ki, Bozqulaq da cəzalanıb. Ya küncə qoyulub, ya da qulaqları əməlli-başlı dartılıb. Hamısı İpəkcənin günahı üzündən baş vermişdi. Anası hirslənmişdi, Bozqulaq tənbeh olunmuşdu, Köstəbək əminin balaları acından zarhazar ağlamışdılar. Əlbəttə, əgər soxulcanları İpəkcə ilə Bozqulaq kisədən bayıra tullamasaydılar, indi Köstəbək əminin balaları marçamarçla ağ soxulcan süzməsi yeyirdilər. Amma... İpəkcə ağlına gələn fikirdən sevindi. Axı onlar xeyirxah iş görmüşdülər. Gör bir nə qədər soxulcan azad etmişdilər?! Qoy Köstəbək əminin gombul-gombul balaları ot yesinlər. Bu fikrə görə özünə də, dostu Bozqulağa da ürəyində “afərin” dedi. Sonra elə küncdəcə yuxuya getdi.

   Səhər yenicə açılmışdı. İpəkcə gözünü açanda özünü ot döşənmiş yataqda gördü. Yəqin anası gətirib uzandırmışdı. Yuvanı alma ətri bürümüşdü. İpəkcə sevindi. Sivri burnunu oynatdı. Qara muncuq gözlərini ətrafa gəzdirdi. Küncdə bir qalaq alma var idi. İpəkcə əlini uzatdı. Almanın birini götürüb dişinə çəkmək istəyəndə anasının səsi gəldi:

—Əvvəlcə əl-üzünü yu.

İpəkcə üz-gözünü turşutdu. Almanı qaytarıb yerinə qoydu. Yuyunmaq üçün koğuşdan yerə tullandı.

Hava tutulmuşdu. İpəkcə diqqətlə səmaya baxdı: ”Bəs, günəş haradadır? Görəsən, niyə yoxdur?”  

—Bozqulaq,— İpəkcə dostunu çağırdı. – Bozqulaq...

  Bozqulaq eyvanda göründü. Astadan dedi:

—Nə var, nə deyirsən?

—Gəl də həyətə...

—Anam qoymur.

—Gəl gedək əl-üzümüzü yuyaq.

Bozqulaq yavaşca yerə endi:

—Amma alma yığmağa getmərik...

—Əlbəttə, getmərik. Çünki yuva doludur alma ilə. İstəyirsən, gedim sənə də gətirim.

Bozqulaq başını silkələdi. İpəkcə diqqətlə onun yellənən qulaqlarına baxdı. Dünənkindən bir xeyli uzun idi:

—Bozqulaq, anan qulaqlarını dartıb?

—Nə bildin?

—Bunu bilməmək olar? Gör, bir nə boyda olublar?! İkisi də uzanıb.

—Çox uzundurlar?

—Çox... Lap çox...

—Birdən mənə uzunqulaq deyərlər.

İpəkcə gözlərini döydü:

—Deyə bilərlər.

—Amma mən istəmirəm desinlər. Yox, heç istəmirəm, — Bozqulaq kövrəldi.

—Bəs, onda nə edək?

—Bilmirəm.

—Tapdım. Gedim qayçı gətirim, bir az kəsək qulaqlarından.

Bozqulaq sevindi:

—Əsl dostsan. Necə fikirləşdin?! Çox ağıllısan.

İpəkcə həvəslə gülümsədi. Öz-özünə düşündü: ”Ağıllı olmaq yaxşı şeydir”.

—Sən dayan, indi gəlirəm.

İpəkcə koğuşu ələk-vələk etdi. Qayçını tapa bilmədi:

—Ana, ay ana...

—Nə var, oğul?

—Ana, qayçı hanı?

—Nəyinə lazımdır qayçı? Uşaqlar qayçı ilə oynamazlar.

—Mən oynamıram.

—Bəs onda qayçı nəyinə lazımdır?

—Dostuma kömək etmək üçün...

—Qayçı ilə dostuna necə kömək edəcəksən?

—Qulaqlarını kəsəcəyəm...

Ana kirpi həyəcanlandı:

—Nə danışırsan? Yaramazın biri yaramaz.

—Ana, Bozqulaq dünən cəzalanıb. Anası qulaqlarını dartıb. Bilirsən, nə boyda olublar... Upuzun. Axı mənim günahım üzündən olub. Gərək, səhvimi də özüm düzəldim. Qayçını aparıb Bozqulağın qulaqlarından bir az kəsib atacağam.

Ana kirpi eşitdiklərinə inanmağı gəlmirdi. Qayçını əvvəlcədən gizlətdiyinə görə sevindi.

Bozqulaq dostunu çox gözlədi. O qədər gözlədi ki, lap darıxdı. Oxumağa başladı:

Mən bir Bozqulaq dovşanam

Dünən hirslənibdir anam.

Qulağımı çəkib aman

Qulağım uzanıb yaman.

Uf, uf, uf, uf ağrıyır bərk

Kəsəcəyik, olsun gödək.

Oxuyub qurtaranda artıq İpəkcə yanında idi. Anası ilə gəlmişdi. Ana kirpi Bozqulağa diqqətlə baxıb, dilləndi:

—Dostun bu dovşandır?

—Budur, ana.

—Nə gözəldir. Qəşəng qulaqları var.

Bozqulaqla İpəkcə bir-birinə baxdılar. İkisi də eyni anda dedi:

—Qulaqları?

—Əlbəttə. Axı ağıllı dovşanların qulaqları başqalarınkından daha uzun olur. Əgər dovşanın qulağı bir gecənin içində uzandısa, deməli, o artıq böyük və ağıllı dovşandır.

Bozqulaq çox xoşbəxt idi. Çünki gecə yatıb, səhər ağıllı dovşan kimi oyanmışdı.

 

                                 Bulud heç kimin olmadı

 

Bozqulaq da İpəkcə də ana kirpinin söylədiklərinə inandılar:

—Sən ağıllanmısan, Bozqulaq. Böyümüsən. Amma mən balaca qalmışam.

İpəkcə kövrəldi. Bozqulaq dostunu sakitləşdirməyə başladı:

—Sən də böyümüsən. Mən görəndə bapbalaca idin.

—Yox, mən indi də balacayam.

—Dedim axı, böyümüsən.

—Onda başımı sığalla.

Bozqulaq onun başını sığalladı. İpəkcə daha bərk ağladı:

—Bax, görürsən, anam deyir ki, böyüyəndə tikanların iti olacaq. Hamı səndən qorxacaq. Amma mənim tikanlarım hələ də ipək kimidir. Elə olmasaydı, sən başımı rahatca sığallaya bilməzdin.

Bozqulaq səhv etdiyini anladı. İşə bax, bir gecəyə o böyümüşdü, dostu yox. Haqsızlıqdır... Bu günəş hara getdi görəsən? Heç olmasa, o gəlsəydi, İpəkcə sevinərdi. O, isə yoxdur.

Bozqulaq başını qaldırıb səmaya baxdı. Qəfildən:

—İpəkcə, ora bax. Buludlar harasa köçürlər.

İpəkcə yuxarı baxdı:

—Görəsən, hara gedirlər?

Bozqulaq çiyinlərini çəkdi:

—Mən də bilmirəm.

İpəkcə hərəkət edən buludları diqqətlə nəzərdən keçirdi. Qəfil tapıntı onu sevindirdi:

—Buluda bax. Göbələyə oxşayır. Yekə ağ göbələyə.

—Çox gözəldir. Amma, mənə elə gəlir ki, o, göbələkdən çox kələmə oxşayır.

—Göbələyə daha çox oxşayır. O, mənim buludumdur.

—Elə göbələk olmaz. Amma kələm olar... Nə yeyərəm onu...

—Özümündür. Əl vurma mənim göbələk buluduma. Özüm tapmışam.

—Nə olsun ki, sən tapmısan. Axı sən kələm xoşlamırsan?

—O, kələm deyil, göbələkdir...

—Göbələk deyil, kələmdir.

Oturduqları kötüyün üstündə itələşməyə başladılar. İkisi də yıxıldı. İkisinin də başı əzildi.

—Vay başım...

—Ay başım....

—Birinci mən gördüm...

—Özüm görmüşəm...

O qədər dalaşdılar ki, bulud dözmədi. Hirsindən partladı. İçindən yekə-yekə damcılar tökülməyə başladı:

—Bu nədir belə? Kimsə başıma su tökdü.

—Mənim də qulağıma.

Yağış damcıları sürətlə töküldülər. Hər ikisi göyə baxdı. Bulud yoxa çıxmışdı. Yəqin, heç kəsin buludu olmaq istəməmişdi. Dostlar kədərləndilər:

—Qaçaq evə. Yağış yağır.

—Həm də acıq.

Tapdılar. Sən demə, acından dalaşırmışlar. Axı hələ səhər yeməyi yeməmişdilər...

 

                                            Bozqulaq  xəstələnib

 

Onlar evə qayıdanda artıq nahar vaxtı idi. Nahara ləzzətli göbələk və meşə fındığı yeyən İpəkcə anasının təkidi ilə yatağa uzandı: “Günortalar mütləq dincəlmək lazımdır. Yoxsa, böyüməzsən”. Bu, İpəkcənin anasının fikri idi. İpəkcə razılaşmağa məcbur oldu. Düşündü ki, yəqin anası günortalar yatıb dincəlib. Ona görə də tez böyüyüb. Tikanları əsl oxlara çevrilib:

—Eh,—deyib İpəkcə o biri böyrü üstə çevrildi.—Axı nə vaxt mənim də iti-iti oxlarım olacaq? Onlara alma-armud keçirdib yuvama daşıyacağam...

Yuxudan axşamüstü durdu. Bayırdan şən dovşan balalarının səsi gəlirdi. İpəkcə yatağından düşdü. Ayaqlarının ucunda koğuşun qapısını açıb bayıra çıxdı. Hava sərin idi. Zəif külək əsirdi. İpəkcə qaçışan dovşan balalarının yanından keçib bayaqkı kötüyün üstündə oturdu:

—Bozqulaq, gəl də yanıma...

İpəkcə cavab gəlmədiyini görüb oynayan dovşanları diqqətlə nəzərdən keçirdi. Bozqulaq onların arasında yox idi.

—Uşaqlar, mənim dostum haradadır?

—Xəstələnib.

İpəkcə qulaqlarına inanmadı. Necə yəni xəstələnib?! Axı bayaq sapsağlam idi. Yazıq Bozqulaq...

İpəkcə kötüyün üstündən düşdü. İti addımlarla Bozqulaqgilin eyvanına qalxdı. Eyvanda heç kəs yox idi. İçəridən Bozqulağın iniltisi gəlirdi:

—Ay boğazım... Ay, ay boğazım. Ay qulağım... ay, ay qulağım.

Bozqulağın vəziyyəti yaxşı deyildi. Boğazı sarınmışdı. İpəkcə əlini onun alnına qoydu:

—Dostum, niyə xəstələndin, hə?

—Bilmirəm,—danışan Bozqulaq idi. Amma səsi qoca dovşanların səsi kimi çıxırdı. İpəkcə ona baxıb düşünürdü: “Səsi kobudlaşıb. Qulaqları uzanıb. Bəlkə, Bozqulaq qocalıb?”

Bozqulaq isə öskürürdü. İpəkcə qalın səsli dostunun qayğısına qalırdı:

—Nə istəyirsən, gedim gətirim sənin üçün?

—Kələm.

—Kələm necə olur?

—Bayaqkı bulud kimi.

—Axı bulud göbələyə oxşayırdı.

—Sən kələm görməmisən. Görsən, bilərsən ki, bayaqkı buluda çox oxşayır. Öhö, öhö, öhö...

İpəkcə danışmadı. Çünki dostu xəstə idi. İndi onunla mübahisə etmək olmazdı:

—Mən indi gəlirəm.

İpəkcə bunu deyib çıxdı.

 

                                  İpəkcə kələm axtarmağa gedir

 

İpəkcə gedə-gedə düşünürdü: “Bu kələm nə olan şeydir, görəsən? İndi mən xəstə dostuma onu necə tapım? Göbələk olsaydı tanıyardım. Kələm... maraqlıdır... Eybi yoxdur soruşa-soruşa gedim, bəlkə kimsə tanıdı”.

İpəkcə az getdi, üz getdi, qarşısına bir tısbağa çıxdı:

—Tısbağa, bilmirsən, kələm necə olur?

Tısbağa bir xeyli fikirləşdi, sonra dedi:

—Tıs, tıs... Yeməlidir, yoxsa geyməli?

—Yeməli.

—Tıs, tıs... Deməli belə... Yeməlidirsə, deməli bitkidir. Bitkidirsə, deməli torpaqda bitir, torpaqda bitirsə, deməli... Onu haradasa görmüşəm. Amma yadımda deyil.

Tısbağa çox uzatdı. Tısbağanı danışa-danışa qoyub, yoluna davam etdi. Qarşısına çıxan hər kəsdən kələmin nə olduğunu soruşdu. Dələ kələmi qozaya, arı çiçəyə, qarışqa yarpağa, sağsağan soğana, qarğa qoza, sərçə dənə bənzətdi. Nə isə “kələm” deyilən əşyanı gördüm deyən olmadı. Meşədə İpəkcənin:

—Bir dostum xəstələnib. Onun ürəyi kələm istəyir. Bilmirsən, kələm nədir? —sualını vermədiyi heyvan qalmadı. Amma sualına dəqiq cavab ala bilmədi. Kor-peşman evə qayıtmaq istəyəndə, yolu bir bostanın yanından keçdi. Bir qoca dovşan gözündə eynək, əlində əsa bostana keşik çəkirdi. İpəkcə ayaqları üstə qalxıb onun qoruduğu bostana gözucu nəzər saldı. Bostan ağ yaşılaçalan toplarla dolu idi. Axı bunlar nədir, belə? Qəribədir. Bir yerdə bu qədər topu İpəkcə heç vaxt görməmişdi. Yaxınlaşıb onların nə olduğunu qoca dovşandan soruşmaq qərarına gəldi:

—Salam.

—Salam, mənim balam, salam.

—Babacan, bostandakı o, ağ, toplar nədir elə?

—Toplar, ha, ha, ha... Top deyil onlar, mənim balam. Dünyanın ən ləzzətli yeməyidir.

Yemək... İpəkcənin ağzı sulandı. Bəlkə onlar içinə göbələk doldurulmuş yekə kokos almalarıdır? Kokos alması... Hm... Kokos alması da olur? Qəribədir. Ağlına gələn fikirləri dəqiqləşdirmək üçün İpəkcə soruşdu:

—Adı nədir axı dünyanın ən dadlı topunun.

—Kələm...

—Kələm... İşə bir bax. Kələm bu imiş? Bu imiş kələm? Ağ top. Qar kimi ağ top...— İpəkcə sevincindən atılıb düşürdü.—Kələm bu imiş. Ağ-ağ, yekə-yekə, yumru-yumru... Lap dünənki buluda bənzəyir. Bozqulaq haqlı imilş. Bulud göbələkdən çox kələmə oxşayırmış.

İpəkcə geri qayıdırdı. İndi onu kim görsəydi, tanımazdı. Kürəyinə qoca dovşandan aldığı bir kələm yarpağı yükləmişdi. Sevindiyindən nəğmə oxuyurdu:

Dostum dovşan, döz bir az

Artıq tapmışam kələm.

Qaçıram, yüyürürəm

İstəyirəm, tez gələm.

Bozqulaq İpəkcənin gətirdiyi kələmi ləzzətlə çeynəyirdi:

—Xırt, xırt, dadlıdır. Xırt, xırt, çox sağ ol!

Bozqulaq kələmi çeynəyə-çeynəyə İpəkcəni sığallamaq fikrinə düşdü. Minnətdarlığını bildirmək üçün. O saat da qışqırdı:

—Ay, ay... Ay aman, əlimə nə isə batdı...

Bozqulaq barmaqlarını ağzına soxdu. Ağrısı keçən kimi sevinclə qışqırdı:

—İpəkcə, bildim barmağıma batan nədir...

—Nədir?

—Sənin oxların.

—Nə deyirsən... Mənim oxlarım?

—Əlbəttə. Sən böyümüsən. Bir neçə saatda. İşə bir bax.

İpəkcə sevinirdi. Həm böyümüşdü, həm də dostu sağalmışdı.

     Belə... Bapbalaca kirpi balası İpəkcə haqqında bu qədər. Onun haqqında günlərlə danışa bilərəm. Amma qorxuram ki, yorulasınız...

                                  SON

                                                                          2005-2007-ci illər

Materialın kateqoriyası Sevinc Nuruqızı
Şənbə, 04 Aprel 2015 05:30

İki dost qaçırdı...

Sevinc Nuruqızı

İKİ DOST QAÇIRDI…

A

 

ra, vur onu gəbərt. Gör nejə həyasızdır, səs-küyünə bir bax. Ha, ha, ha, ha…

- Ara, nə durmusan, at da. Türkün köpəyinə bax da. Gör bir nejə dayanıb? Qorxusu-hürküsü yoxdur. Vur onu, vur…

Tamerlan vahimə içində gözlərini açdı. Gördüyünün yuxu olduğuna sevindi. Yorğanı üstündən atıb qalxmaq istədi. Anası onun tərpəndiyini hiss etdi. Qalxıb oturdu:

- Hara belə? Niyə durmusan? - Sonra əlini onun alnına çəkdi, - Bu nədir? Su içindəsən ki?

- Yuxu görürdüm, ana. Gördüm ki, ermənilər mənim Ala itimi güllələyir.

- Yat, bala. Ermənilərin itlə nə işi var. Allahın heyvanıdır. Dili yox, ağzı yox.  Həm də allah bilə, çoxdan qaçıb janını qurtarıb Ala köpək o vəhşilərin əlindən.

- Yox, ana, yox. O məni gözləyir. Mən yaxşı dost deyiləm, ana.

Ağlamağını gizlətmək üçün uzanıb yorğanı başına çəkdi. Çox keçmədi yuxuya getdi. Bu dəfə açılan güllə səsindən diksindi. Bu dəfə parça-parça ətrafa səpələnən onun Ala itinin güllə dağıtmış başı idi. Oyandı. İşıqlanırdı… Ehmalja  yerindən durdu.  Dəhlizin qapısında dayanıb öz-özünə fikirləşdi:

- Getməliyəm, nəyin bahasına olursa olsun. Yolu ki, tanıyıram.

Həyətə düşdü. Ağzını su kranına dirəyib doyunja içdi.

Kənd yoluna çıxdı. Gah aramla yeriyir, gah da qaçırdı. Belə getsə bir-iki  saata kəndlərinə çatardı. Yolu çox yaxşı tanıyırdı. Neçə dəfə xalası oğlu ilə  payi-piyada gəzə-gəzə gedib kəndlərinə çıxmışdılar. Yolüstü hələm-hələm suyu olmayan Qarqar çayın içinə düşüb oynayar, jürbəjür çay daşları toplayar, orda-burda qabaran yumru-yumru, ovuj boyda təpəjikləri qazıb oradan dombalan çıxardar, yığıb evlərinə gətirərdilər.

Bunları düşünə-düşünə nə qədər getmişdi özü də bilmədi. Onda ayıldı ki, qarşısında doğma kəndlərinin ajınajaqlı mənzərəsi tüstülənir.  Kənddə səs-səmir yox idi.

Tamerlan çəpərdən tullanıb əmisigilin həyətinə düşdü. Əmisigilin evi salamat idi. İlk gözünə dəyən nənəsinin yanıxa-yanıfxa xatırladığı ağ əriyin dibində oturan kişi oldu.  Erməni əsgəri idi. Ərik yeyirdi. Hənirti eşidən kimi başını qaldırdı:

- Dayan, kimsən, dur. Tərpənmə.

Sözün düzü Tamerlan heç tərpənə də bilmirdi. Qorxudan quruyub qalmışdı.

Erməni yaxınlaşdı. Əlini onun boynuna atıb sıxmağa başladı.  Boğulmağa az qalan uşağı özünə tərəf çəkdi:

- Hə, nədir? Yanan xarabalarına yas tutmağa gəlmisən, ay musurman küçüyü?

Mən itimi, Ala itimi aparmağa gəlmişəm.

Ha, ha, ha… İtini? Eləmi? Burda indiyə it qalar? Allah bilir harada gəbərib. İndi səni də göndərərəm onun yanına.

Tamerlan vahimə içində onun gözlərinə baxdı.  Ona elə gəldi ki, qarşısındakı insanın gözləri şüşədəndir. Qışqırmaq istədi. Amma bajarmadı. Səsi çıxmadı. Böyümüş gözlərini şüşə gözlərə zillədi. Sonra onları bərk-bərk yumub tətiyin çəkiləjəyi anı gözlədi. Birdən qulağına Ala itin hənirtisi gəldi. Hansı dəhşətdən gözlərini qapadığını unutdu. Gözlərini açanda artıq şüşə gözlərin sahibi  Ala itin ayaqları alıtnda çabalayırdı…

Tüstülənən kənd evlərinin arası ilə iki dost qaçırdı. 

Materialın kateqoriyası Sevinc Nuruqızı