ÇİBİN VƏ ARI
İvan Andreyeviç Krılov
ÇİBİN VƏ ARI
Tərcümə edəni Abdulla Şaiq
Bahar çağı bir çibin yaşıl geyimli bağda,
Sərin külək əsdikcə yellənirdi budaqda.
Bir Arını çiçəkdə görüb dedi: - A qonşu,
Gecə-gündüz çalışmaq, söylə, həyatmıdır bu?
Mən о qədər çalışsam, çürüyərəm bir gündə,
Mənim bütün günlərim keçir toyda-düyündə.
Yazda qonaqlıqlara uçmaqdır ancaq peşəm,
Bilsən, qonşu, mən necə dadlı günlər görmüşəm.
Öyünmürəm, inan ki, az deyil bu şəhərdə,
Varlıların evləri; hörmətim var hər yerdə.
Nə nəşələr çəkirəm, görsəydin, ey qonşu, sən.
Harda var kef məclisi, başda ancaq, mənəm, mən
İncə, çini qablarda yeyirəm, ah, nə gözəl!
Şərabı mən içirəm qonaqlardan da əvvəl!
Nə görsəm dadlı bir şey, ki mənfəətdir cana,
Ləzzət ilə yeyirəm, sorğu-sual yox mana.
Doydummu, tez qonuram yanağına gözəlin,
Boğazına, alnına, dodağına gözəlin.
Onlar ilə bir yerdə edirəm istirahət,
Dad verir bu yeməkdən sonra о dadlı söhbət.
Arı dedi: - Bilirəm hamısını bunların
İncimə bu sözümdən, yoxdur namusun, arın.
Çoxdan eşitmişəm mənə söylədiyin bu xəbər
Heç yerdə hörmətin yox, səndən söylənir nələr!
Hər süfrədə adamlar görüncə qaş çatırlar,
Səni qovub otaqdan dışarıya atırlar.
Çibin dedi: - Nə olsun, qovsalar da yenə mən
Burdan çıxıb gəlirəm о biri pəncərədən.