Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
Sentyabrın 18-də Bakı Musiqi Akademiyasının qarşısında Milli musiqi günü münasibətilə təntənəli tədbir keçirildi. Mədəniyyət nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, rəsmi şəxlər, dövlər və içtimai qurumların təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev hər il olduğu kimi, bu il də dahi bəstəkarın doğum gününın ölkəmizdə geniş şəkildə qeyd olunduğunu deyib: "Biz fəxr edirik ki, Azərbaycan musiqisi böyük beynəlxalq festivallarda təmsil olunur, yüksək səviyyədə qarşılanır. Mən inanıram ki, Azərbaycan xalqı yenə də dünyaya böyük sənətkarlar bəxş edəcək". Nazir bu musiqi bayramının tezliklə Üzeyir bəyin doğulduğu Şuşada keçiriləcəyinə əminliyini ifadə etdi.
Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin adı ilə bağlı olan ənənəvi musiqi festivalının bütün musiqisevərlərə gözəl bir hədiyyə olacağını vurğuladı: “Bu gün başlayan Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının proqramı olduqca zəngindir. Festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlər keçiriləcək, eyni zamanda dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olacaqlar”.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli 2021-ci ildə təhsil ocağının 100 illiyinin qeyd ediləcəyini dedi: "Azərbaycan musiqisi, bu ocaq Üzeyir bəyin adı ilə bağlıdır. Bunu unutmamalıyıq. Mən gənclərə müraciət edirəm. Mədəniyyətimizi təbliğ etməkdə fəallıq göstərsinlər, internetdə bizim mədəniyyətimizi yaysınlar".
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə, mədəniyyətinə verdiyi töhfələr, o cümlədən Azərbaycanda yeni bəstəkarlar nəslinin yetişməsində dahi bəstəkarın danılmaz xidmətlərindən söz açıblar.
Qeyd edək ki, tədbirdə Müdafiə Nazirliyinin Nümunəvi hərbi orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.