QOZBEL AT
Pyotr Pavloviç Yerşov
(1815-1869)
QOZBEL AT
(Tərcümə edəni Mirmehdi Seyidzadə)
BİRİNCİ HİSSƏ
"Başlanır nağılımız"
Meşələrin, düzlərin,
Dağların, dənizlərin
Arxasında bir kənddə,
Yerdə bir məmləkətdə
Qoca kəndli yaşardı,
Onun üç oğlu vardı.
Böyüyü dərrakəli,
Ortancıl yarım dəli,
Kiçiyisə axmaqdı,
Onun işi lap ağdı.
Qardaşlar əkin əkir,
Paytaxta tərəf çəkir,
Satırdı məhsulunu,
Nəqd alırdı pulunu.
Heybə dolu, üç qardaş
Dönürdü evə birbaş.
Paytaxt yaxındı, hər gün
Getmək olurdu mümkün.
Günlər keçdi, bir səhər
Kəndlilər hiss etdilər
Kimsə gəlib gizlicə
Taxılı əzir gecə.
Ömründə belə kədər
Görməmişdi kəndlilər.
Oğrunu tapsın deyə
Durdular düşünməyə.
Çox düşünüb qardaşlar
Verdi belə bir qərar:
Gecə güdüb oğrunu
Xəlvət tutsunlar onu.
Elə ki, qaraldı qaş,
Geyindi böyük qardaş.
Baltanı alıb ələ
Yollandı birbaş çölə.
Qaranlıqlaşdı hər yan,
Bizim kəndli qorxudan
Döndü əsən yarpağa,
Qaçdı girdi çardağa.
Səhər açılan zaman,
Çardaqdan çıxıb oğlan
Özünü bərk islatdı.
Qapını taqqıldatdı,
Dedi: "Ey yuxucullar!
Qalxın böyük əngəl var.
Yağışın altında mən
İslanmışam sübhəcən".
Qapını açıb dərhal
Ona verdilər sual:
"Gözətçilik edərkən
Nə gördün bu gecə sən?"
Gözətçi tənbəl-tənbəl
Dua oxuyub əvvəl
Sağa, sola əydi baş,
Öskürdü, yavaş-yavaş
Dedi: "Bütün gecəni
Yuxu tutmayıb məni.
Ay qardaşlar, baxtımdan
Qopdu qorxunc bir tufan.
Yağışın şiddətindən
Əldən-dildən düşdüm mən.
Ancaq yoxdur bir zərər,
Yaxşıdır bütün işlər".
Ata tərif eylədi
Daniloya söylədi:
"Oğlum, mətinsən, mətin!
Çox böyükdür xidmətin.
Sən yaman qoçaq oldun,
Eldə üzü ağ oldun".
Üfüq qaralan zaman
Qalxdı ortancıl oğlan.
Baltanı alıb ələ,
Üz qoydu birbaş çölə.
Gecə soyuq düşdü bərk.
Gördü qalsa sübhədək
Donacaq. Kəndli çaşdı,
Çöldə durmayıb qaçdı.
Çəpəri edib dalda, -
Olduqca ağır halda
Orda açdı səhəri...
Lap erkən pillələri
Qalxıb tez-tez yuxarı
О döydü qapıları.
Dedi: "Ey yuxucullar!
Qalxın böyük əngəl var.
Qapını açın tezcə
Donmuşam mən bu gecə"
Açıb qapını dərhal
Verdi qardaşlar sual:
"Qarovulda gecə sən
söylə bir nə görmüsən?"
Dua oxuyub əvvəl,
Növbətçi tənbəl-tənbəl
Sağa, sola baş əyib
Sonra da yavaş-yavaş
Dedi: "Bütün gecəni
Soyuq çaşdırıb məni.
Bir baxın məndə baxta –
Gecə düşdü bərk şaxta.
Ancaq yoxdur bir zərər,
Yaxşıdır bütün işlər".
Atası dedi: "Paho!
Qoçaqsanmış Qavrilo!.."
Növbə çatdı bu gecə
Kiçik oğlana - gicə,
İvan bunu qanmadı,
Sobadan qımıldanmadı.
Nəğmə oxuyub tez-tez
Deyirdi: "Ay qaragöz..."
Qardaşlar ha üz vurdu,
Oğlan dirənib durdu.
Çox bağırdılar ancaq
Sözə baxmadı sarsaq.
Axır atası gəldi,
Ona tərəf yönəldi,
Dedi: "Başa düş, başa,
Növbən çatıb, Vanyuşa!
Qoru, taxılı saxla,
Verərəm sənə paxla, *
Noxud, rəngbərəng şəkil,
Bəzəkli, qəşəng şəkil".
Vanya sobadan endi,
Paltarını geyindi.
Çörək götürüb yola,
Üz qoydu qarovula.
Gecə ay çıxan zaman
Gəzdi tarlanı İvan.
Baxdı bir sağa, sola,
Daldalandı bir kola
Sonra ulduz sayaraq,
Çeynəyib yedi qazmaq.
Bir at kişnədi birdən...
Növbətçi qalxdı yerdən,
Əlcəyinin altından
Baxıb gördü bir madyan.
Madyan qar kimi ağdı,
Qızıl yalı parlaqdı.
İvan dedi: "Budur, bu,
Bizim yaramaz oğru!...
Çox mənim zarafatdan
Xoşum gəlməz, bir dayan.
Ay çəyirtkə, əlimdən
Çıxıb qaça bilməzsən!"
Madyana çatıb İvan
Yapışdı quyruğundan,
Mindi belinə qoçaq,
Yönü arxaya ancaq.
Madyan çıxdı özündən,
Od parladı gözündən.
Qıvrıldı ilan kimi,
Açıldı kaman kimi,
O, bir ox sürətilə
Qaçdı var qüvvətilə.
Keçdi çöldən, çəməndən,
Sıx meşədən, düzəndən.
Yüksək dağlardan aşdı,
İldırım kimi qaçdı.
Vurnuxdu dörd bir yana,
Qalib gəlsin İvana.
İvan sadə deyildi,
Duyub kələyi bildi, -
Bərk tutdu quyruğundan.
Axır yoruldu madyan.
Dedi: "Ivan, məni sən
Minmisən, sahibimsən.
Yer ver, bir az dincəlim,
Yemlənim, cana gəlim.
Sonra burax, üç səhər
Oylağım olsun düzlər.
Üç gün tamam olunca,
Səninçün bir cüt dayça
Doğaram, indiyədək
Yer üzündə olar tək.
Sonra doğaram bir at.
Onu görən qalar mat.
Boyca kiçik olar çox,
Yerişdə sürətli ox.
Özü qozbel, sarışın,
Qulaqları bir arşın.
О bir cüt dayçanı sən
Bax, sata da bilərsən.
Ancaq bu ata əgər
Versələr papaq, kəmər,
Aldanıb başdan getmə
Heç şeylə əvəz etmə.
Çünki yerin altında,
Göylərin üst qatında
Olar bu at yoldaşın,
Əziz dostun, sirdaşın.
İsidər səni qışda,
Qarda, güclü yağışda.
Yay vaxtı sərinlədi.
Acımış olsan əgər,
Çörəyə edər qonaq,
Susasan, verər qaymaq.
Mənsə gedirəm yenə,
Güc yığmaqçın çəmənə".
Bu xoş gəldi İvana.
О söylədi madyana:
"Get qal tövlədə rahat,
аrpа-saman yeyib уat".
Madyanı yemləyərək,
Qapını bağladı bərk,
Nəğmə oxudu şən-şən.
"İgid gəlir döyüşdən".
Komaya çatıb İvan
Tutdu dəmir halqadan:
Döydü qapını sarsaq.
Saldı bir taraq-taraq.
Çaxnaşdı bütün bazar,
Elə bil ki, yanğın var.
Qardaşlar taxt üstündən
Enib soruşdu: "Kimsən,
Belə qapı döyürsən?"
Gic dedi: "İvanam mən!"
Açıb dərhal qapını
Söydü qardaşlar onu.
Söylədi: "Nə cürətlə
Qorxutdun bizi belə?!"
Əynindən arxalığı,
Ayağından çarığı
Soyunub çıxartmadan
Dırmaşdı sobaya İvan.
Nəfəs aldı dərindən,
Gecəki işlərindən
Danışıb dedi ki:
"Mən göz yummayıb sübhəcən
Baxdım ay işığına,
Göyün yaraşığına.
Saydım şən ulduzları
Olunca gecə yarı.
Bir də gördüm qarşıdan
Çıxdı yöndəmsiz şeytan.
Onun məşəl tək gözü,
Pişiyə bənzər üzü,
Bığı, saqqalı vardı,
Ağzından od yağardı...
Qalxıb göyə hoppandı,
Tarlamıza uzandı,
Zəmidə əzib dəni,
Şeytan görmədi məni.
Zarafatla yox aram,
Yeriyib aram-aram,
Birdən yanaşdım ona,
Tez atıldım boynuna.
Çapdı о sağa, sola,
Başım sındı az qala...
Ancaq mən qoçaq çıxdım,
Şeytanı bərk-bərk sıxdım,
Əldən düşdü hiyləgər.
Dedi: "Bir xahişim var:
Öldürmə məni burax.
Qəlbdən and içirəm bax,
Verrəm hiyləyə ara,
Bir il xristianlara
Yaxın düşmərəm inan".
Bu sözləri şeytandan
Eşidib doğru sandım,
Kor şeytana inandım".
Bitirdi sözlərini,
Əsnədi, gözlərini
Yumaraq yatdı sarsaq
Hirsləndisə də ancaq
Qardaşlar elə güldü,
Üçqat olub büküldü.
Az yox imiş canında,
Gülməkdən qocanın da
Lap gözləri yaşardı.
Hərçənd günahı vardı
Qocalarçün gülüşün,
Belə bir yüngül işin.
Nə isə о gecədən
Çoxmu, azmı keçdi, mən
Bunu bilmirəm düzü,
Qoy uzatmayaq sözü.
Keçib bir ya iki il
Bu çox da vacib deyil.
Qulaq asın, ay uşaq,
Biz nağılı danışaq.
Deyirlər ki, bir dəfə
Bayramda baxıb kefə
Bərk sərxoşdu Danilo.
Balağana girdi o,
Gördü bir cüt gözəl at
Ağlı çaşıb, qaldı mat.
Lap misilsiz atlardı,
Qızıl yalları vardı.
Onların yanındaca
Dayanmışdı bir dayça,
Gülməli bir oyuncaq.
Boyu bir qarış ancaq,
Qulaqları bir arşın,
Özü qozbel, sarışın.
Bunu görüb Danilo
Düşünüb dedi: "Paho!
Bax indi bildim ki, mən
Gic burda yatır nədən.
Gör nə gizlədib bizdən!..
Danilo bu möcüzdən
Ayılıb evə qaçdı,
Gicin sirrini açdı.
Qavriloya dedi: "Bax,
Bir cüt at tapıb sarsaq,
Qızıldan yalları var...
Olmaz heç belə atlar".
Daban alıb var güclə
Qaçdı qardaşlar çölə.
Başaçıq, ayaqyalın
Üzərində kolların
Büdrəyib şıllaq atdı,
Gəlib tövləyə çatdı.
Maraqla iki qardaş
Tövləyə girdi birbaş.
Gördü atlar yem yeyir,
Xoruldayır, kişnəyir.
Yaqut gözləri yanır,
Quyruğu dalğalanır.
Hörülüb qızıl yalı,
Parlayır almaz nalı.
İnci dırnağı vardır,
Şaha layiq atlardır.
Qardaşlar baxdı, baxdı,
Ağzının suyu axdı.
Böyüyü dedi: "Hardan
Tapıb bunları İvan?"
Ortancıl dedi ki, "Sən
Hələ eşitməmisən –
El içində məsəl var:
Xəzinəni gic tapar.
Kəsilsən də yeddi qat
Sən tapmazsan bir manat.
Bilirsən nə var, qardaş,
Atları çəkək birbaş
Gəl paytaxta, bazara
Satıb biz boyarlara,
Pulları gələn həftə
Bölüşüb olaq kefdə.
Yeyək, içək orda biz
Qoy xoş keçsin günümüz.
Ay canım, sən kefə bax!
Xeyir görməsin axmaq.
Onun nə xəbəri var,
Harda qonaqdır atlar.
Duyub işi bilməz o,
Ver əlini, Qavrilo!"
Qardaşlar razılaşdı,
Sevinci aşdı-daşdı.
Bitən kimi sözləri,
Döndülər evə geri.
Yol uzunu gedərkən
Danışırdılar kefdən,
Qəribə bir heyvandan,
Atdan, о yan-bu yandan.
Günlər bir-bir ötüşdü,
Həftə başa yetişdi.
Yığışdı iki qardaş
Paytaxta getsin birbaş.
Atları satsın deyə.
Həm də dəyib körpüyə,
Öyrənsinlər bir nə var:
Gəmilərlə almanlar
Gəlibmi alsın katan?
Ya gəlibmi çar Saltan
Hökm eyləsin hər yana,
Döndərsin müsəlmana
Bütün xristianları.
Incitsin insanları...
Baş əyib ikonlara,
Atadan xeyir-dua
Alıb qardaşlar səssiz
Atları götürüb düz
Yollandılar şəhərə.
Gecə çökdü hər yerə.
Getdi yatmağa İvan
О çöldən ötən zaman
Çörək gəvələyirdi.
Həm də mahnı deyirdi.
Şirin nəğmə dilində.
Budur əli belində
Bənzəyir İvan pana,
О girdi balağana.
Gördü durur hər nə var,
Yox olub amma atlar.
Qozbel, kiçik oyuncaq
Dayça qalıbdır ancaq...
Sahibini at görcək
Oldu yaman sevincək.
Şəklədi qulağını,
Oynatdı ayağını.
Qaraldı gicin qanı.
Dolandı balağanı,
Yaşla doldu gözləri,
Söylədi bu sözləri:
"Qızıl yallı atlarım,
Qonur xallı atlarım,
Mən ki, sizi oxşadım!
Sevginizlə yaşadım!
Sizi hansı kor şeytan
Oğurlamışdır burdan?
О iti ilan vursun,
Görüm əli qurusun.
Onun qiyamət günü
Alov tutsun üstünü.
Aman, xallı atlarım!
Qızıl yallı atlarım!"
Kişnəyib dedi dayça:
"İvan, qəm yemə bunca!
Dərdin böyüksə də, mən
Qurtarram səni qəmdən.
Şeytana atma böhtan.
Gözəl atları burdan
Aparıbdır о harın,
Yaramaz qardaşların.
Burax dərdi, qüssəni,
Qəmli görməyim səni.
Durma, belimə tullan!
Yəhərdə möhkəm dayan.
Baxma! Kiçiyəm bir az,
Mənə heç quş da çatmaz".
Mindi dayçaya oğlan,
Tutdu qulaqlarından.
At dörd tərəfə baxdı.
Pəncəsi üstə qalxdı.
Sıçradı dərhal yerdən,
Ox kimi uçdu birdən.
Qaçanda ayağından
Qalxdı göyə toz-duman.
Qozbel bir an içində,
Toz və duman içində
Uzun yolları keçdi.
Oğrulara yetişdi.
Görüb qardaşlar onu,
Qaşıdı öz boynunu.
Onlar qorxudan çaşdı.
Oğrulara yanaşdı,
İvan dedi: "Qardaşlar!
Sizdə əyrilik də var?
Utanın! Ağlım sizdən
Az olsa da, düzəm mən".
Böyük qardaş qorxudan
Dedi ona: "Qardaşcan!
Bunu nəzərə al sən,
Yavan çörək yeməkdən
Qarnımız şişib bizim.
Bilirsən ki, əzizim,
На buğda əksək, acıq,
Bir çörəyə möhtacıq.
Tövcüdən gəlib cana
Düşmüşük həyəcana.
Axır Qavriloyla mən
Düşündük ki, bu dərddən
Qurtara bilək necə.
Qərara aldıq, gecə
Bazara çəkib birbaş
Atları sataq, qardaş,
Mincə manat pul alaq.
Qəşəng qırmızı papaq,
Bir dəst təzəcə paltar,
Bir çəkmə, bir də şalvar
Alıb sənə gətirək,
Özün bilirsən gərək
Atan da xoş gün görsün,
Rahatca ömür sürsün.
Yazıq işdən qalıbdır,
Yamanca qocalıbdır.
Sən ağıllı oğlansan,
Hər bir şeyi qanansan".
Razılaşıb əlbəəl
Ivan dedi: "Çox gözəl,
Yalı qızıl atları
Satın, məni də barı
Şəhərə aparın siz".
Qardaşları çarəsiz
Bu işdən keçmədi vaz.
Çünki başqa cür olmaz...
Qaranlıq atdı pəncə,
Gəldi soyuq bir gecə.
Yolda azmasın deyə
Onlar gecələməyə
Bir yer seçib dayandı.
Budur atlar bağlandı...
Sonra məclis qurdular,
Yeyib bir az vurdular.
Düşündülər: gün gələr,
Görək kim üstün gələr.
Danilo düzənlərdə,
Xeyli uzaq bir yerdə
Parlayan işıq gördü,
О, göz vurub öskürdü.
Boynunu qaşıyaraq
Qavriloya dedi: "Bax,
Çöküb gecə qaranlıq.
Ay da çıxmır bir anlıq
Açılsın ürəyimiz.
Yaman darıxırıq biz...
Sonra dedi: bir dayan
İşıqdır, о parlayan?
Hə, hə özüdür ki, var.
Ocaq qursaq, qardaşlar,
Gözəl olar!... Mənə bax,
Vanyuşa, dur qaç, qoçaq!
Özünü ora yetir.
Ocaqdan bir od gətir.
Bilirsən ki, qardaşım,
Yoxumdur çaxmaq daşım".
Qəlbindəsə dedi: "Sən
Görüm sağ dönməyəsən".
Qavrilo dedi: "Orda
Rast gələsən bir qurda!
Səni tutsun qaçaqlar,
Qəlbinə çəksin dağlar".
Qorxu bilmədi sarsaq,
At belinə qalxaraq,
Dayçanı məhmizlədi,
Yanan odu izlədi.
Bir dəfə bağırınca,
Yel kimi uçdu dayça,
Qalmadı izi, tozu...
Qavrilo dedi: "Bizi
Xaç saxlasın bəladan!
Bu, cindir minib İvan".
At getdikcə yüyürdü,
Gic odu aydın gördü,
Gəldi çatdı bir düzə.
Gecə dönüb gündüzə,
İşıqlanmışdı hər yan,
Vanyuşa heyran-heyran
Dedi: "Nə istisi var,
Nə odun tüstüsü var,
Bəs işıq gəlir hardan?
Möcüz yaradıb şeytan.
İşıq verir beş papaq,
Odda isti yox ancaq".
At dedi: "Əlbəttə, sən
Bunu möcüz bilərsən.
Simurqun lələyindən
İşıqlanıb çöl, çəmən.
Bax edirəm xəbərdar:
Lələyin xatası var.
Onu götürsən əgər,
Çəkərsən böyük zərər".
Gic düşündü: "Nə desən
Vaz keçmərəm lələkdən".
Alıb lələyi sarsaq
Əsgiyə sarıyaraq
Papağında gizlədi.
Dayçanı məhmizlədi,
O, burdan geri döndü.
Qavriloyla, Danilo
Soruşdu: "Nə gördün sən?"
İvan dedi: "Çatıb mən
Gördüm bir kötük yanır,
Çəmənlər işıqlanır.
At oda tərəf döndü,
Odlanan kötük söndü.
На püflədim yanmadı,
Od dil-ağız qanmadı".
Bir an yatmadı gecə,
Güldü qardaşlar gicə.
Ayağını uzatdı,
İvan sübhəcən yatdı.
Atları sürüb səhər
Paytaxta yetişdilər.
At satılan meydanda
Dayandılar bir yanda.
Paytaxtda vardı adət.
Darğa verməsə rüsxət
Alış-veriş olmazdı,
Heç bir kəs mal almazdı.
Az qalmışdı nahara,
Darğa gəldi bazara,
Başında xəzdən papaq,
Çəkməsi vardı parlaq.
Yanında yüz nökəri.
Səs bürüdü hər yeri...
Uzun bığlı, saçı gur
Bir carçı qızıl şeypur
Çalıb bağırdı bar-bar:
"Vaxtdır, açılsın bazar!
Sövdəgərlər, mal satın!
İpək satın, şal satın.
Baxıb nəzarətçilər,
Yetirsin işə nəzər.
Olmasın bir dalaşma,
Bir basırıq, çaxnaşma,
Xalqı aldatmasınlar,
Çürük mal satmasınlar!"
Açılınca dükanlar
Tacir xristianlar
Bağırdılar: "Müştəri!
Hər cür mal var, gəl bəri".
Budur qızışıb bazar
Hər tacir, hər sövdəgar
Satdı ipək, satdı bez.
Pulları sayıb tez-tez
Aldı müştərilərdən.
Nəzarətçiyə hərdən
Göz vurar alverçilər,
Sövdəgarlar, çərçilər.
Bu zaman birdən-birə
At, mal satılan yerə
Bir dəstə nökər gəlib,
Gördü səs-küy yüksəlib.
Gülən kim, bağıran kim.
Dostunu çağıran kim.
Burda var bir basabas,
Yol açıb keçmək olmaz.
Darğa düşdü heyrətə,
Dedi: "Bu cəmaətə
Nə olub şəndir belə?"
Əmr elədi: "Tezliklə
Yol açın, görüm nə var".
Nökərlər bağırdılar:
"Ayaqyalın şeytanlar!
Gönü qalın şeytanlar!
Durmayın burda çin-çin,
Dağılın, yoldan keçin?"
Uzun bığlı, uzunsaç
Atlılar əldə qırmac
Qovdu bu izdihamı,
Qaçdı qorxudan hamı.
Gördü bığlı atlılar
Meydanda iki at var,
Tərlan baxışlı, xoşrəng.
Qızıl yalları qəşəng
Hörülüb halqa-halqa;
Quyruğu dalğa-dalğa.
Uzun zaman boynunu –
Darğa qaşıdı, onu
Sardı böyük bir heyrət...
Dedi: "Bir görün, qüdrət
Yaradıb necə möcüz,
Ağıl lap qalır aciz".
Sonra verdi o, fərman:
Mən dönüncə saraydan
Bu atları heç bir kəs
Bazarda ala bilməz!
Gedim gördüklərimdən
Söhbət açım çara mən.
Darğa yola düzəldi.
Çarın qəsrinə gəldi.
Baş əyib çara darğa,
Üz sürtərək torpağa
Söylədi ki: "Ata çar!
Kərəm eylə, ərzim var".
Çar dedi: "Danış, ancaq
Nitqin qısa olsun, bax!"
Darğa dedi: "Hökmüdar,
Ərzim lap gödək olar!
İllərdir sədaqətlə,
Çox böyük ləyaqətlə
Darğayam bu şəhərdə,
Adım gəzir dillərdə.
Nöqsanım olmayıb heç"...
- Yaxşı, mətləb üstə keç!
"Atlılarla bu gün mən
Meydana getdim, birdən
Gördüm düşüb basabas,
İynə atsan tapılmaz.
Dərhal verdim bir fərman:
Qovulsun hamı ordan!
Xalq qovuldu, böyük çar!
Gördüm bir cüt köhlən var,
Pəh-pəh necə xoşrəngdir.
Maral kimi qəşəngdir...
Yalları halqa-halqa,
Quyruğu dalğa-dalğa.
Nalı parlaq incidir,
Hər qəlbin sevincidir".
Davam etməyib bir an
Qalxıb dedi hökmüran:
"Gedək atları görək!
Bəlkə ələ keçirək".
Taxtından yerə endi,
Tez yuyunub bəzəndi,
Əmr etdi, minik gəldi.
Dərhal yola düzəldi.
Arxasmda atlılar,
Meydançaya gəldi çar.
Çatan kimi meydana,
Baş əydi hamı ona.
Padişah yerə endi,
Atlara tərəf döndü,
Bir keçib sağ yanından,
Bir də keçdi solundan.
Atları tumarladı,
Yalını hamarladı.
Dindirdi çox şəfqətlə,
Baxdı, baxdı diqqətlə,
Soruşdu vüqarla çar:
"Kimindir bu dayçalar?"
Əlləri belində yan,
Çıxıb ortaya İvan,
Adlı-sanlı pan kimi,
Dedi: "Mənəm sahibi
Qonur xallı atların.
İpək yallı atların".
Çar söylədi: "Sat alım!"
"Satlıq deyildir malım, dəyişirəm mən ancaq".
"Nəylə?" iki beş papaq
Gümüş versən, çar, əgər,
Bu sövdəmiz düzələr".
"Demək on papaq gümüş,
İstədiyin bu imiş!"
Əmr elədi hökmüdar,
Atları apardılar.
Çar səxavət göstərdi,
Beş manat artıq verdi.
Gəldi on qoçaq mehtər,
Əynində geyimi zər,
Belində güllü qurşaq,
Əlində meşin şallaq.
Atları aparanda
Yüyənini bir anda
Qırıb köhlənlər qaçdı;
Sahibinə yanaşdı.
Çar geri döndü birbaş,
İvana dedi: "Qardaş!
Hürkür bizdən bu atlar.
Yalnız bircə əlac var:
Sarayına gedib sən,
Orda xidmət edəsən.
Bax, olsan mənə mehtər
Geyinərsən zər-zivər.
Yeyib, içib gəzərsən,
Yağda, balda üzərsən.
Olub külli-ixtiyar,
Yaşayarsan bəxtiyar.
Çarın sözü, sözdür, bil!
Razısanmı?" "Bəd deyil,
-Düşünüb dedi Ivan,
-Sarayda mən hər zaman
Üzərəm balda, yağda.
Ollam kefdə, damağda.
Xidmət eyləyib çara
Geyinərəm zər-xara.
Demək çıxıb bostandan,
Çara oldum komandan.
Çox gözəl, razıyam, çar!
Ancaq bircə şərtim var:
Nə qədər yatsam əgər
Danışmasın nökərlər.
Yuxuculam əzəldən,
Belə yaranmışam mən!"
Sürüb atları İvan,
Dərhal çıxdı meydandan.
Yolda nəğmə deyirdi,
Əlini yelləyirdi.
Atlar coşub nəğmədən
Oynayırdı gedərkən.
Qozbel at bu avazla,
Elə süzürdü nazla
-Kim baxırdı kənardan
Olurdu ona heyran.
Pullanıb iki qardaş
Kəndə döndülər birbaş.
Hərə bir qız bəyəndi,
Pulu böldü, evləndi.
Salıb İvanı yada,
Ömür sürdü obada.
Onlar qalsın, ay uşaq,
Biz nağılı danışaq:
Qoy hər bir xristian
Əylənsin, bilsin, İvan
Olanda çara nökər
Gördü nə böyük işlər,
Simurqu necə tutdu,
Gündüz, ya gecə tutdu.
Şahzadə qızı hardan
Qaçırtdı qoçaq İvan
Üzükçün necə getdi,
Necə elçilik etdi.
Balinanı bəladan
Gün kəndində qəhrəman
Necə qurtara bildi,
Bu asan iş deyildi.
O, necə dönüb geri –
Qərq olmuş gəmiləri
Çıxartdı okeandan.
Necə oldu ki, İvan
Qaynar qazana düşdü.
Nə yandı, nə də bişdi,
Oldu bir göyçək oğlan,
Gül oğlan, çiçək oğlan.
Qoy bilsin oxucular
-İvan necə oldu çar.
İKİNCİ HİSSƏ
"Nağıl tez deyər insan,
İş görməksə deyil asan ".
Başlayım nağılı mən,
Danışım hər tərəfdən.
Deyim dəcəl İvandan,
Söyləyim boz madyandan.
Dəryada oğlaq gördüm,
Meşəlikdə dağ gördüm.
Budur bax açıb qanad
Uçdu günəşə bir at.
Göylərin üst qatında,
Ayağının altında
Durab böyük bir meşə,
Bulud süzür həmişə,
Çaxır orda ildırım,
Gurlayır guram-gurum.
Dostlar, sizə bəllidir.
Bu bir qərəvəllidir.
Nağıl durur qabaqda,
Okeanda var ada.
Söyləyir nağılçılar,
Adada bir meşə var.
Meşədə Şahzadə qız
Yatır məzarda yalqız.
Orda bülbül fit çalır,
Heyvan səsi ucalır,
Bitir qərəvəllimiz,
Nağılı söyləyək biz.
Bilsin bütün insanlar,
Dostlar, xristianlar
Ki, bizim qoçaq İvan
Adlı-sanlı qəhrəman
Sarayda nökər olmuş,
Tövlədə mehtər olmuş,
О hər gün baxır ata.
Qardaşlar, qoca ata
Yadına düşmür əsla.
О geyinir zər-ziba,
Tumacdan al çəkmələr,
Şirni yeyir hər səhər
Sarayda lap doyunca.
Yatır hər gün bolluca,
Olur daima kefdə.
Keçir bundan beş həftə.
Bir əngəl çıxır ancaq,
Burda İvandan qabaq
Bir boyar imiş mehtər.
And içib həmin nökər
Demişdi: "Ölsəm də mən
Gərək vəzifəsindən
Qovdurum bu gəlməni,
Nəzərdən salıb məni".
Həmən dediyim alçaq
Yataq ağasıydı bax,
Kələk qurdu hiyləgər
Gəzdi tövlədə lal-kar.
Yumdu qəsdən gözünü,
Kоr göstərdi özünü.
İvançın dedi: "Dayan,
Tutular sənə divan!
Beş həftə keçdi bundan
Güdüb gördü ki, İvan –
Nə atlara yem tökür,
Nə də ki, qaşov çəkir.
Lakin burda bir sirr var,
Tərtəmiz olur atlar.
Gözəl ipək yalları
Andırır maralları.
Hörülmüş kəkilləri
Xatırladır gülləri.
Təmizlənmiş axurda
Vardır təptəzə arpa,
Elə bil ki, xirməndən
İndicə gətirmisən.
Çanaqlarsa dolu su.
Ah çəkdi, düşündü:
"Bu, Cinlərin vərdişidir,
Yoxsa şeytan işidir?..
Gərək yatmayıb gecə,
Güdüm bunu gizlicə.
Verim dumada elan
Ki, bir azğın basurman
Çara olubdur mehtər.
Görür dumanlı işlər
О cadugər, boşboğaz,
Bir oğrudur yaramaz.
Cinlə dostluq eyləyir,
Duz-çörək kəsib yeyir.
Pəhriz etmir, xaçı var,
Kilsəyə getmir murdar".
Yataq ağası gecə,
Nökərlərdən gizlicə
Gəlib axura endi,
Ot içində gizləndi.
Gecə yarıya qədər
Qaldı orda hiyləgər.
Dərmədi nəfəsini,
Çıxarmadı səsini.
Baxıb о bir deşikdən
Göz çəkmədi eşikdən.
Gecə keçdi hənirdən...
Qapı açıldı birdən,
Gəldi köhnə atqovan.
Atlar kişnəyib о an
Ona tərəf baxdılar,
Dərhal şaxə qalxdılar.
Qapını yavaş-yavaş
Bağlayıb gəldi birbaş
Pəncərə qabağına.
Əl atdı papağına,
Ordan bir lələk aldı,
Lələk bir şəfəq saldı,
Nura boyandı hər yan...
Keçmiş mehtər qorxudan
Az qaldı çəksin nərə,
Axurdan dəysin yerə.
Cin nəğmə deyə-deyə
Girişdi işləməyə.*
Atlara qaşov çəkdi,
Su verdi, arpa tökdü,
Hördü ipək yalını,
Tumarladı dalını...
Axurdakı hiyləgər
Tökür puçur-puçur tər,
Bərəldib sağ gözünü,
Kələf kimi özünü
Büküb baxdı lələyə.
Mat qaldı bu kələyə.
Fikirləşdi, bu zaman
Cin gəlib bura hardan?
Saqqalı, buynuzu yox,
Qüvvətli görünür çox.
Saçı hamar oğlandır,
Həm də xeyli cavandır.
Geyib əyninə tafta,
Köynəyində var bafta,
Çox bənzəyir İvana.
Diqqətlə baxıb ona
Dedi: - "İvandır ki, var.
Yaxşı, dayan sabah çar
Bilər bütün hiyləni.
Güdaza verrəm səni,
Aşın asılar şəksiz.
" İvan bundan xəbərsiz
Şən nəğmə deyə-deyə
Girişdi işləməyə.
Sürətlə gecə yarı
Qaşovladı atları.
Yal birçəyini hördü,
Bütün işləri gördü,
Doldurdu axurlara
Dənəvər gözəl arpa.
O, çənlərə su tökdü,
Sonra lələyi bükdü
Gizlətdi papağında.
Uzandı yatağında.
Açılan kimi səhər
Qalxıb həmən hiyləgər,
Gördü yatıbdır İvan
Elə bil ki, Yeruslan
Xoruldayır, sevindi.
Axurdan yerə endi,
İvana yaxınlaşdı,
Papağını tez aldı,
Lələyi alıb yavaş
Saraya getdi birbaş,
Çarı etsin xəbərdar.
Təzə oyanmışdı çar.
Yataq ağası gəldi,
Hüzurunda baş əydi,
Söylədi: "Çar sağ olsun!
Hər zəfərin dağ olsun.
Mən olsam da günahkar,
Hüzurunda ərzim var".
Çar dedi: "Sirrini aç!
Ancaq yalan sözdən qaç.
Yalan danışsan əgər,
Sənə yüz şallaq dəyər".
Yığıb var qüvvəsini,
Qabardıb sinəsini,
Nökər dedi: "Çar ata,
Sözümdə yoxdur xəta!
And içirəm İsaya,
Çox müqəddəs kilsəyə,
Danosum düzdür, inan!
Çox şeylər bilir İvan,
Ancaq gizlədir səndən,
Hiyləsini bilmirsən.
Gizlətsə qızıl, gümüş,
Olmazdı böyük bir iş.
Duymursan kələyini,
Simurqun lələyini
Gizlətmişdir qudurğan".
"Aha, məlun! Bir dayan,
Başın gedər bədəndən!
Gör, nə gizlədir məndən".
"Tək bu deyil, ata çar!
Hələ başqa iş də var.
Özünü təriflədi,
Söhbətdə о gün dedi:
Əmr etsə çar, istəsəm,
Simurqu tuta billəm".
Deyə nökər dil tökdü,
Taxt önündə diz çökdü,
Lələyi qoyub yerə,
Taxtı öpdü üç kərə.
Çar baxıb heyran-heyran
Nəşəylə güldü bir an.
Saqqala verib sığal,
Lələyi qoydu dərhal,
Sandıqçada gizlətdi.
O, bağırıb əmr etdi,
Taxtı yumruqlayaraq
Söylədi: "Gəlsin sarsaq!"
Qalxdı dörd-beş dvoryan
Görsün hardadır İvan.
Lakin getmədən qabaq
Onlar aşdı mayallaq.
Çarın xoşuna gəldi,
Güldü, kefı kökəldi.
Gördülər xoşlanır çar.
Göz qıyıb dvoryanlar
Qaçıb küncdə durdular,
Yenə mayallaq vurdular.
Onları alqışladı,
Çar papaq bağışladı.
Əl çəkib bu oyundan,
Getdi dörd-beş dvoryan,
Əmri gicə yetirsin,
Onu çəkib gətirsin.
Açıb qapını lay-lay,
Tövlədə salıb haray,
Çarın beş dvoryanı
Təpiklədi İvanı.
İvan qımıldanmadı,
Yuxudan oyanmadı.
Bir saat əlləşdilər...
Axırda bir yekəpər
Süpürgəyə əl atdı,
Gic İvanı oyatdı.
İvan qalxdı yerindən,
Od yağdı gözlərindən.
Soruşdu: "Nə cürətlə
Axışıb bura belə
Oyatdınız İvanı?
Qaralıb onun qanı,
Qamçısına əl atar,
Sizləri qırıb çatar".
Dvoryanlar dedi: Sən
Saraya getməlisən,
Bu, çarın öz əmridir!"
"İndi ki, çar əmr edir
Geyinib gəlləm bu an".
Deyə qalxdı gic İvan,
Təmiz-təmiz yuyundu,
Kaftanını gey indi.
Bəzəndi səliqəylə
Kəmər bağlayıb belə,
Şallaq taxdı bəy kimi,
Süzdü bir ördək kimi,
Gəlib çara hörmətlə
Baş əyərək, cürətlə
Dedi: "Bu nə işdir, çar,
Məni kal oyadıblar!"
Çar qəzəblə dedi:
"Sus! Ey yaramaz uğursuz.
Simurq lələyini sən
Nə hədlə gizlətmisən
-Mənim xoş nəzərimdən.
Qorxmursan qəzəbimdən?!
Ölümcül olanadək
Vurdurram sənə kötək.
Söylə görək, ay tatar,
Burda mən çaram, boyar?"
Heyrətlə dedi İvan:
"Ey çar, sənə papaqdan
Söz açmamışam, hardan
Bəs bunları duymusan?
Sən peyğəmbərsən yoxsa?
Döydürüb versən cəza,
Bil, məndə yoxdur lələk,
Quran deyiləm kələk".
Çar dedi: "Etmə inkar,
İvan, səndə lələk var!"
İvan dedi: "İnan mən
Xəbərsizəm lələkdən
Çarın artıb həyəcanını
Tez açdı sandıqçanı.
Dedi: "Bax, budur lələk!
Mənə gəlirsən kələk".
İvanı bu söz kəsdi,
О yarpaq kimi əsdi.
Titrədi əl-ayağı,
Yerə düşdü papağı.
Çar bir az gülümsədi,
İvana belə dedi:
"Göstərir görünüşün
Bərkə düşübdür işin.
Səbr et, görərsən, qardaş!
İvan töküb qanlı yaş.
Dedi: "Bağışla, ey çar!
Günahkaram, günahkar.
Söz verirəm mən inan,
Bir də demərəm yalan".
Qorxudan birdən-birə
Sərildi İvan yerə.
Çar dedi: "Bu dəfə mən
Keçirəm təqsirindən.
Bir də günahın olsa
Görərsən böyük cəza.
Mən keçsəm də onu bil,
Tanrı əfv edən deyil.
Başın gedər bədəndən,
Məni yaxşı tanı sən.
Sözüm budur müxtəsər,
İvan demisən: əgər
Çar əmr etsə, istəsəm
Simurqu tuta billəm,
Danma bax, dostum, bunu.
Get tap Simurq quşunu".
Fırfıra kimi bu an
Fırlanıb dedi Ivan:
"Lələyi danmıram mən.
Ancaq quşun özündən
Xəbərsizəm, hökmüran!
Gəl mənə atma böhtan".
Çar söylədi: "Mənimlə
Bəhsə girirsən hələ?
Verdim üç həftə möhlət.
Sən gedib hələ-həlbət
Tapmasan quşu əgər,
Qollarm zəncirlənər.
Bu saqqalım haqqı bax!
-Tökülər qanın nahaq!
" İvan axıdıb qan-yaş,
Tövləyə döndü birbaş.
Qozbel İvanı görcək,
Rəqs eylədi sevincək.
Hiss edib gözündə nəm,
Üz verdi ona da qəm.
Soruşdu: "Vanyuşa, sən
Neçün belə dərdlisən?
Başını dikib yerə
Nə batmısan kədərə?
Bəlkə xəstəliyin var,
Ya bəlkə bir zülmkar
Etmişdir sənə zülüm?
Danış, dərdini bilim,
Bir əlac tapım ona".
İvan atın boynuna
Sarıldı, qucaqladı,
Ona ümid bağladı.
Dedi: "Böyük bəla var!
Mənə əmr etmişdir çar
-Tapım Simurq quşunu.
İtirmişəm huşumu.
Bununçün neyləyim mən?"
At dedi: "Həqiqətən,
Böyükdür bu dərd, kədər.
Lakin köməyim dəyər
Bu işdə sənə İvan!
Yadındamı о zaman
Lələyi alanda sən
Dedim: vaz keç bu işdən,
Çəkərsən böyük bəla.
Sözə baxmadan əsla.
Görürsənmi, əzizim,
Düz imiş mənim sözüm.
Olan olub keçmişdir,
Bu qulluq kiçik işdir,
Düzəlib gedər, ancaq
Xidmət qabaqdadır bax!
Get birbaş saraya çıx,
Çara söylə sən açıq:
Hazırlansınlar yola
İki təknə ən əla
Sarı buğda, iki qab
Xaricdən gəlmiş şərab.
Söylə, biz sabah səhər
Edirik burdan səfər".
İvan yola düzəldi,
Birbaş saraya gəldi.
Açıq söylədi: "Ey çar!
Əmr et, hazırlasınlar
Mənimçün bu gün yola
İki təknə ən əla
Sarı buğda, iki qab
Xaricdən gəlmiş şərab.
Açılan kimi səhər
Edirik burdan səfər".
Çar bir neçə dvoryan
Çağırıb dedi: "İvan
Nə istəsə tez verin!
Yolçun tədarük görün".
İvana dedi: "Sağ ol,
Get sənə uğurlu yol!"
Ertəsi günü səhər,
Qızaranda şəfəqlər
At gəlib dedi: "İvan!
Getmək vaxtıdır, oyan!'
İvan dərhal oyandı,
Səfərə hazırlandı,
O, götürdü iki qab
Xaricdən gəlmiş şərab,
İki təknə də əla
Təzə döyülmüş buğda.
Çox qalın paltar geyib,
Çörək qazmağı yeyib,
Mindi atın belinə.
Yollandı Şərq elinə...
Simurqu axtarmaqçün
Yol getdilər yeddi gün,
Düz yeddi gecə tamam.
Səkkizinci gün axşam
Çatdılar bir ormana.
At söylədi İvana:
"İvan, indi burda sən
Bir tala görəcəksən.
Talada bir gümüş dağ,
Dağ döşündə bir bulaq
Simurqlar səhər-səhər
Qızaranda şəfəqlər
Su içməkçün о dağa
Gəlir qonur bulağa.
Bax, gərək biz о zaman
Bir Simurq tutaq dağdan".
Qurtarıb sözünü at,
Quş kimi açıb qanad
Talaya gəlib çatdı.
İvan heyrətə batdı.
Gördü zümrüddür hər daş,
Meh əsir yavaş-yavaş.
Titrəyir zərif güllər,
Oxuyur şən bülbüllər.
Ortada var gümüş dağ
Dağda billur bir bulaq
Günəşdən alıb min rəng
Hər yan görünür qəşəng.
Su kimi axır qızıl,
Parlayır parıl-parıl.
Ən yüksəkdə şam yanır,
Hər tərəf işıqlanır...
Yamaclara yüksəldi,
Dağın döşünə gəldi.
İvana söylədi at:
"Buğdanı şəraba qat,
Dostum, bir az keçincə
Çökəcək dərin gecə.
Səni qorusun deyə
Gir о biri təknəyə.
Dayan pusquda xəlvət.
Əldən qaçmasın fürsət,
Açılan kimi səhər
Simurqlar bura gələr.
Quşlar qonar bulağa,
Başlayar qışqırmağa.
Dən yeyəndə təknədən,
Yaxındakı quşu sən
Tut, saxla, çək bir nərə.
Mən gəlim həmən yerə"
İvan söylədi: "Gərək
Taxım əlimə əlcək,
Ki, qızışan zaman ov
Yandırmasm od-alov".
Qozbel sisdə, dumanda
Gözdən itdi bir anda.
Pusquda dursun deyə
İvan girdi təknəyə,
Ölü kimi uzandı.
Gecə dağ işıqlandı,
-Döndü aydın gündüzə.
Yayıldı şəfəq düzə.
Bütün Simurqlar gəldi,
Civ-civ səsi yüksəldi.
Gedib təknəyə sarı
Yeyəndə buğdaları.
İvan baxıb təknədən,
Düşünüb söylədi: "Mən
Simurqu tutsam belə
Keçirə billəm ələ.
Burda on beş simurq var
Ələ keçsə bu quşlar
Mənim kefim olar saz.
Heyif, buna güc çatmaz!
Simurqlar çox qəşəngdir,
Sevimlidir, xoşrəngdir,
Qırmızıdır ayağı,
Nə itidir caynağı,
Dimdiyi sanki tuncdur,
Quyruqları gülüncdür,
Toyuqlarda görəsən
Olmur bu quyruq nədən?
Olmur belə yaraşıq?
Var Simurqda bir işıq
İnan ki, evdəki peç
Bunca işıq verməz heç..."
Belə düşünüb bir an
Asta çıxdı pusqudan,
Quşlara yaxınlaşdı,
Bir Simurqa yanaşdı.
Yapışdı quyrağundan.
Bağırıb dedi İvan:
"Quşu tutdum, atım, gəl!
Yoxsa iş olar əngəl".
Birdən-birə о saat
Hazır oldu qozbel at.
Dedi: "Ey sahibim, sən
Doğrudan da zirəksən.
Simurqu torbaya bas,
Tez mənim boynumdan as.
Torbanı möhkəm bağla!
Düşürük bu an yola".
İvan söylədi: "Bu an
Dayan, mən bu quşları
Hürküyə salım bir az.
Gülüm, nəşəm olsun saz".
Torbasına əl atdı,
Başı üstə fırlatdı,
Quşlar qanad açdılar,
Ətrafa od saçdılar.
Yüksəldilər bir anda,
Uçdular asimanda.
Üz tutub göyə baxdı,
İvan gülməkdən axdı.
Qışqırdı əl eylədi,
Qollarını yellədi.
Quşlar qalxıb yuxarı,
Aşdılar buludları.
Dərhal itdilər gözdən.
Xəzinəni alıb, şən
-Qayıtdı İvan geri.
Bitdi ağır səfəri...
Burdan yola düzəldi,
Birbaş paytaxta gəldi.
Çar danosçuya baxdı...
Azğını həsəd yaxdı.
Öz əlini çeynədi.
Qəlbini dərd-qəm yedi.
Çar soruşdu İvandan:
"Hə, Simurqu tutmusan?
"Tutmuşam, ey hökmüdar!
"Ver!" "Əmr elə qapılar
Bərk bağlansın bir anlıq
Çöksün dərin qaranlıq".
Eşidən kimi bunu,
Pəncərəni, qapını
Bağladı üç dvoryan.
İvan açıb torbadan
Gözəl quşu buraxdı,
Hər уana işıq axdı...
Çarın gözü qamaşdı,
O, qorxusundan çaşdı.
Qışqırdı ki: "Yanğm var!
Tez gəlsin yanğınçılar.
Hər yana buraxsın su..."
"Yox-yox, yanğın deyil bu,
Simurqun alovundan
İşıqlanıbdır hər уan".
Deyib güldü Vanyuşa.
Söylədi: "Et tamaşa,
Gör nə gətirmişəm, çar!"
Nəşələnib hökmüdar
Dedi: "Doğrudan da sən
Mənə sevinc vermisən.
Dostum Vanyuşa, gərək
Qulluğunu böyüdək,
Bu gündən ol baş mehtər!
Sənə baxsın tövlələr".
Bic yataq ağasının
Qəlbini gəmirdi kin.
Durdu mırıldamağa,
Dedi: "Südəmər çağa
Bu dəfə güldü baxtın,
Enmədin, göyə qalxdın!
Daim zirək olmazsan,
Hələ səbr et, bir dayan!
Kələklə ancaq yenə
Qalib gələrəm sənə".
Üç həftə keçib tamam,
Yığışmışdı bir axşam
Mətbəxə xidmətçilər
Aşpazlar, naib-nökər
Şərab içir dolçadan.
Deyirdi nəğmə, dastan.
Bir nökər qalxıb yerdən
Söylədi: "Qonşumdan mən,
Dostlar, bir kitab aldım,
Oxuyub heyran qaldım.
Kitab böyük deyil, bax
Beş dastanı var; ancaq
Hər maraqlı nağılı
Heyran edir ağılı".
Xidmətçilər bir səslə
Qalxıb dedi həvəslə:
"O nağılları danış,
Qoy biz də olaq tanış".
"Hansını deyim, dostlar!
Kitabda beş nağıl var:
Biri bəhs edir çardan,
Biri şərqli boyardan,
Üçüncünü, deyəsən,
Tamam unutmuşam mən.
Pələngdən danışır, hə...
Dördüncüsü fıkrimə
Gəlmir əsla, bir dayan,
Deyən, Bobıl knyazdan
Eyləyirdi hekayət.
Bax, beşinci rəvayət
Düzü düşmür yadıma.
Yaddaş, çat imdadıma!"
"Beşincisini, burax!"
"Bir dayanın, ay uşaq,
Bəlkə о bir gözəldən
Danışır". "Düz bilmisən!
Gözəl Şahzadə qızdan
Bəhs eyləyir о dastan.
Sizə kimdən söyləyim,
Hansı nağılı deyim?"
Qışqırıb hamı birdən,
Dedilər yerbəyerdən:
"Çox eşitmişik çardan,
Əyanlardan, boyardan.
Danış bizə gözəldən,
Qoy olsun qəlbimiz şən
Hamı sakit dayandı,
Nağıl belə başlandı:
"Var bir uzaq okean,
Ora gedir basurman.
Ancaq etməyib səfər
О yerlərə bir nəfər
-Hələ nə xristian,
Nə də ki, bir dvoryan.
Danışır sövdəgərlər,
Orda vardır bir dilbər,
О qız deyildir sadə,
Söylədiyim Şahzadə
Parlaq Ayın qızıdır,
Gözəllik ulduzudur.
Onun qardaşı Gündür,
Hüsnü Aydan üstündür.
Deyirlər, Ayın qızı
Bir kürk geyir qırmızı.
Sürür şahlara layiq
Saf qızıldan bir qayıq.
Həmən qayıqdasa var
Xalis gümüşdən avar.
Qız gözəl qusli çalır,
Şən nəğməsi ucalır".
Bu sözü keçmiş mehtər
Eşidincə, hiyləgər
Taxtından enib yavaş,
Saraya qaçdı birbaş.
Yeri öpüb dedi: "Çar!
Bağışla, bir ərzim var!"
Çar söylədi: "Danış, bax
Sözün düz olsun ancaq:
Kimsəyə atma böhtan.
Bir kəlmə demə yalan".
Yataq ağası yenə
Baş əyib dönə-dönə,
Dedi: "Bir məclis qurduq,
Biz sağlığına vurduq.
Biri Şahzadə qızdan
Danışdı gözəl dastan.
Söhbət çox şirin keçdi,
Saqqalına and içdi".
İvan dedi: "İstəsəm,
О qızı tapa billəm".
Bunu deyib, üç kərə
Üz sürtdü yenə yerə.
Çar bağırdı ucadan:
"Hüzura gəlsin İvan!"
İvanı tutsun deyə
Dərhal çıxıb eşiyə
Dvoryanlar gəldilər.
Tövləyə yönəldilər.
Gördülər İvan yatıb.
Bərk yuxudan oyadıb,
Alıb onu araya
Gətirdilər saraya.
Çar dedi: "Vanyuşa, sən
Öyünərək demisən
İstəsən gedib bu an
Şah qızını taparsan".
"Çar, məndə hanı hünər!
Mənasızdır bu sözlər
Canım, yaxamdan əl çək!
Bu bir kələkdir, kələk.
Törətsən də min fıtnə,
Mən aldanmaram yenə".
Dəyişdi çarın halı.
Əsdi uzun saqqalı,
Bağırıb çəkdi nərə:
"Çox danışma, heyvərə!
Tayın deyiləm, axmaq.
Üç həftə vaxt verdim, bax
Mənim dediyim vaxtda
Qız olmasa paytaxtda
Bu saqqalım haqqı, sən
Dərin dənizə girsən
Tutub salaram həbsə!
Girmə mənimlə bəhsə".
Göz yaşı töküb İvan,
Halı oldu pərişan.
Qorxu düşdü canına,
Gəldi atın yanına.
At soruşdu: "İvancan!
Yenə nədir bu həyəcan?
Başını dikib yerə,
Nə batmısan kədərə?
Söylə, bir görüm nə var,
Bəlkə azğın zülümkar
Edibdir sənə zülüm.
Aç dərdini, qoy bilim.
Neçin sınıb qanadın?..
" Boynunu öpüb atın
İvan dedi: "Dərdim var!
Əmr eyləyib hökmüdar
-Şah qızını az vaxtda
Hazır edim paytaxtda.
Bununçün neyləyim mən?
At söylədi: "Bu qüssən
Böyük olsa da əgər,
Sənə köməyim dəyər.
Lakin yanıram, İvan,
Sözlərimə о zaman
Baxmadın mənim əsla,
Odur çəkirsən bəla.
Olan olub keçmişdir,
Bu qulluq kiçik işdir.
İş qabaqdadır, qardaş!
Saraya yollan birbaş,
Çara söylə: səfərçün,
О sevimli dilbərçün
Versinlər: iki dəsmal,
Zər çadır, mürəbbə, bal".
İvan yola düzəldi,
Çarın yanına gəldi.
Dedi: "Mənə səfərçün,
О Şahzadə dilbərçün
Lazımdır: iki dəsmal,
Zər çadır, mürəbbə, bal".
Taxtından çar dedi: "Bax,
Belə söylə, ay qoçaq!"
Bir neçə dvoryana
Əmr eylədi: "İvana
Hər nə istəsə verin,
Yolçün tədarük görün".
Gicə söylədi: Sağ ol!
Get, sənə uğurlu yol..."
Ertəsi günü səhər
İşıqlananda göylər
At gəlib dedi: "İvan!
Getmək vaxtıdır, oyan".
İvan dərhal oyandı.
Səfərə hazırlandı,
О mürəbbəni, balı,
Zər çadırı, dəsmalı
Basdı böyük heybəyə.
Soyuq olmasın deyə
Qalın paltar geyindi,
Sonra atına mindi.
Çörək aldı əlinə,
Yollandı Şərq elinə,
Şah qızını tapmaqçün.
Yol gedərək yeddi gün
Çatdı bir sıx ormana.
At dedi: "Okeana
Bir yol ayrılır burdan.
Axtardığın о canan
Dənizdə olur, ancaq
İldə iki yol qonaq
Gəlir bu göy çəmənə...
Sabah görünər sənə".
Bunu deyib qozbel at
Açdı quş kimi qanad.
İldırım sürətilə
Çatdı coşqun sahilə.
At dedi: "Tədbir budur:
İndi burda çadır qur!
Dəsmalları yerə sal.
Düz şirni, mürəbbə, bal.
Çadırın altında sən
Gizlənib zirəng tərpən.
Odur bir qayıq üzür,
Şah qızı suda gəzir,
Gələr bura о dilbər,
Çadırda yeyər, içər.
Eşidəndə səsini
Çalan kimi quslini
Bil ki, çatıbdır zaman,
Dərhal çadıra tullan.
Şahzadəni qucaqla,
Buraxma, möhkəm saxla.
Qışqır, ilk əmrinlə mən
Qaçıb gələrəm həmən.
Düşərik burdan yola,
Yaxında dur, gözlə ha!
Yuxuya batsan əgər,
Çəkərsən min dərd, kədər".
At bunu deyib getdi,
Bir anda gözdən itdi.
Güdməkçün qızı İvan
Dəlik açdı çadırdan,
Durub gözlədi orda.
Gəldi çatdı günorta
Hava safdı, açıqdı...
Şah qızı sudan çıxdı.
Qusli vardı əlində,
Şirin nəğmə dilində
Nazlanıb, yavaş-yavaş
Çadıra girdi birbaş.
Oturub yemək yedi.
İvan düşünüb dedi:
"Nağıllar tərifləyir,
"Şah qızı" - buna deyir?
Bununmu təravəti,
Hüsnünün məlahəti
Gəzir dildə, ağızda?
Düzü, mən ki, bu qızda
Görmürəm bir yaraşıq,
Kim olur-olsun aşiq.
Versələr əgər pulsuz,
Mən almaram belə qız.
Solğun rəngi sapsarı,
Çöp kimi ayaqları
Üç verşok da boyu var.
Belə də gözəl olar?!"
Qusli çalıb bu zaman
Qız oxudu ucadan.
Xoş nəğməsindən qızın
İvan yatdı ansızın.
Gün batanda at gəldi,
Hirsli səsli yüksəldi.
Bulud kimi kişnədi,
Oyadıb gici dedi:
"Yat, şirin yuxuya bat,
Ulduzlar doğunca уat!
Səni bəla izləyir,
Qara zindan gözləyir".
İvan xeyli ağladı,
Atını qucaqladı.
Dedi: "Keç günahımdan!
Bir də yatmaram, inan".
Halına yana-yana,
Qozbel at dedi ona:
"Haqq bağışlar qüsuru...
Qəm yemə, düzələr bu.
Ancaq yatma, bax səhər
Gələr yenə о dilbər.
Çadırda yeyib-içər,
Oxuyar şən nəğmələr.
Yatsan bu dəfə də sən,
Başın gedər bədəndən".
Qozbel at qanad açdı,
Harasa yenə qaçdı.
Gəmi qırıqlarından
Mıxları çəkib İvan
Sancdı bütün canına,
Yuxu gəlməsin ona.
Ertəsi gün о pəri
Yarıb ağ ləpələri
Çıxdı geniş sahilə,
Quslini alıb ələ,
Qızıl çadıra gəldi.
Ağ süfrəyə yönəldi.
Qusli çaldı о dilbər,
Oxudu şən nəğmələr.
İvan yatmaq istədi,
Ancaq hirslənib dedi:
"Bir dayan, ay yaramaz!
Əlimdən qaçmaq olmaz.
Aldanmaram daha mən".
Sonra atılıb birdən
O, çadırda ansızın
Tutdu saçından qızın.
Qışqırdı: "Atım, tez gəl,
Yoxsa iş olar əngəl".
Bir göz yumub açınca
Köməyə çatdı dayça.
Dedi: "İndi bildim sən
Ey sahibim, kişisən!
Durma, belimə tullan!
Birbaş şəhərə yollan.
Tapşırıram sənə, bax,
Qızı bərk saxla ancaq".
Qozbel at az bir vaxtda
Gəlib çatdı paytaxta.
Çar sıçradı yerindən,
Qızın ağ əllərindən
Tutub taxt üzərində
Əyləşdirdi yerində.
Pərdə çəkdi üzünə,
Baxdı şəhla gözünə.
Dedi: "Yalnızsan, yalnız,
Gözəllikdə, sən ay qız!
Gəl xanım, sultanım ol,
Sevimli cananım ol!
Səni görüncə inan,
Titrədim həyəcandan.
Şahin baxışlarından
Yatmaram gecə bir an.
О gözlər gündüzlərdə
Salar məni min dərdə.
Al könlümü, ey pəri,
Hazırdır toy işləri!
Ey gözümün işığı,
Ömrümün yaraşığı
Kəsilsin kəbinimiz
Bəxtiyar gün görək biz".
Dinmədi Şahzadə qız.
Üz çevirərək yalnız,
Baxmadı hökmüdara.
Toxunmadı bu çara...
Qaynadı məhəbbəti,
Getdi əldən taqəti.
Qarşısında diz çökdü,
Yalvarıb çox dil tökdü,
Tutub zərif əlindən,
Dedi: "Neyləmişəm mən,
Bir kəlmə din, ay gözəl!
Çox insafsız olma gəl".
Qız dedi: "Ey hökmüdar!
Qəlbimdə niskilim var.
Məni almaq istəsən,
Üç günəcən gərək sən
Sahilsiz okeandan
Üzüyümü tapasan".
Çar dedi: 'İvan gəlsin!
Tezliklə iş düzəlsin".
Qalxınca dvoryanlar,
Elə tələsirdi çar
İstədi özü getsin,
İvana xəbər etsin.
Çəkmədi bir о qədər
Hazır oldu baş mehtər.
Çar söylədi İvana:
"Yollanıb okeana,
Qızın üzüyünü sən
Əgər tapıb gətirsən
Alarsan böyük xələt!"
"Etmərəm elə qələt,
Ey çar, yorğunluqdan lap
Düşüb qalmışam tir-tap.
Çox uzaqdır okean",
Deyə söylədi İvan.
Çar bağırdı qəzəblə,
Dedi: "Durmusan hələ?
Axmağın biri axmaq,
Evlənirəm mən, tez qalx!
Tutmasın səni əcəl,
Bu saat yola düzəl".
İvan getmək istədi,
Şahzadə xanım dedi:
"Bir mənə bax, ay oğlan!
Sən yoldan ötən zaman
Zümrüd hərəmxanama
Gir, salam de anama.
Söylə, əziz, mehriban
Qızın deyir, anacan,
Üç gecə-gündüzdür sən,
Nə üçün gizlədirsən
Övladından özünü,
Görmür aydın üzünü.
Məgər nə olub yenə,
Çöküb qızıl rənginə
Qardaşımın sis, duman,
Məhrumam işığından..."
Qız tapşırdı bir daha:
"Soraşarsan bunu ha!"
"Soruşacağam, əgər
Yadımda qalsa sözlər.
Ancaq başqa bir iş var,
De görək kimdir onlar,
Kimdən soruşacağam?"
Qız dedi: "Aydır anam,
Qardaşım isə Gündür".
"Bax möhlətin üç gündür,
İndidən ol xəbərdar!"
Deyə əmr eylədi çar.
İvan yola düzəldi,
Atın yanına gəldi.
At soruşdu: "İvancan?
De, nədir bu həyəcan?
Başını dikib yerə,
Nə batmısan kədərə?"
"Sınıb qolum, qanadım.
Köməyimə çat, atım!
Çar evlənmək istəyir.
Mənə əmr edib deyir,
Okeana get, bu an
Şahzadə qızın ordan
Üzüyünü tap gətir.
Neyləyim, nədir tədbir?
Belə bir çətin işçün
Möhlət verilib üç gün.
Qız da ki, dönə-dönə
Tapşırıb Aya, Günə
Ondan salam yetirim,
Sifariş də gətirim".
At dedi: "Düzələr, bil,
Bu çətin qulluq deyil.
On böyük xidmət ancaq
Qabaqdadır hələ, bax.
Get sən bu gecə rahat
Öz yerində uzan уat!
Edərik sabah səhər
Okeana biz səfər".
Ertəsi gün İvan
Aldı üç kiçik soğan,
Qalın paltar geyindi,
Atın belinə mindi,
Yola düşdü tərlantək...
Gəlin biz də dincələk.
ÜÇÜNCÜ HISSƏ
"Makar əkirdi bostan.
Indi olub komandan ".
Ta-ra-ra-li, ta-ra-ra!
Atlar qaçdı bayıra;
Kəndli tutdu bağladı,
Atları buxovladı.
Palıda qondu qarğa,
Durdu şeypur çalmağa.
Hər dindar xristian
Təsəlli tapdı bundan:
"Bir ərlə arvad vardı,
Çox kefcil insanlardı.
Kişi edər zarafat,
Oxuyardı şən arvad.
Şənlənib axşam-səhər
Xoş günlər görərdilər".
Dostlar, sizə bəllidir,
Bu bir qərəvəllidir.
Nağıl sonra gələcək.
Oxuyurdu bir milçək:
"Qayınanası gəlini döydü...
Yenə əlini,
Ayağını bağladı.
Sinəsini dağladı".
Dedi: "Hər səhər erkən
Qoşulub gənclərə sən
Evdən qırağa getmə!
Komacığı tərk etmə!"
Bitir qərəvəllimiz,
Nağılı deyirik biz.
Gedir, üzüyü, İvan
Gətirsin okeandan.
Təpələrdən yel kimi,
Dərələrdən sel kimi
Keçib bizim qəhrəman
Heç yerdə dayanmadan
Birinci gecə-gündüz
Yüz min verst yol keçdi düz.
Çatınca okeana,
At söylədi İvana:
"Üç dəqiqədən sonra
Çatırıq bir talaya
-Orda ayıq ol, ayıq!
Bil ki, okeandayıq.
Orda bir balina var,
Boyu dəryacan olar.
On ildir düşübdür dərdə,
Qalıb qorxulu yerdə.
Tapmır qurtuluş yolu,
Bəladan çıxış yolu.
Yalvarıb deyər sənə
Gedəndə gün kəndinə
Çalış mən bağışlanım,
Dərddən qurtarsın canım.
Bununçün balığa sən
Qəti vədə verərsən".
Talaya çatıb Ivan
Gördü coşur okean.
Burda bir balina var,
Boyu dəryacan olar.
Kələ-kötürdür böyrü;
Olmuş bir bağ çəpəri
Onun hər qabırğası.
Gəlir heyvan sədası
Yekəpər quyruğundan,
Meşə kimi bığından
Göbələk yığır qızlar.
Kürəyində bir kənd var,
Dodağında kəndlilər
Əkin əkir hər səhər.
Gözündə oğul-uşaq
Oynayır, tutur qurşaq.
İvan buna qaldı mat...
Balığın üstündən at
Yeriyəndə pəncəsi
Sümüyə dəyir, səsi
-Yayılırdı hər yana.
Kədərdən yana-yana
Balina dilə gəldi,
Ahı göyə yüksəldi.
Dedi: "Haradır səfər?
Dost, yolunuz bixətər!"
"Şərqədir səfərimiz,
Günəşə gedirik biz.
Dünən çıxdıq şəhərdən,
Bir şahzadə dilbərdən
Hər ikimiz çaparıq".
Bunu eşidib balıq
Dedi: "Sizə əziyyət
Olmasa, çəkib zəhmət
Bir soruşun Günəşdən,
Günahım nədir ki, mən
Olub dərdə mübtəla,
Çəkirəm bu cür bəla.
Gün söyləsin, nə zaman
Qurtararam əzabdan".
İvan dedi: "Çox gözəl,
Çatan kimi ən əvvəl
İnan ki, dönə-dönə
Bunu deyərəm Günə".
Yalvarıb dedi balıq:
"Elə mənə atalıq.
On ildir düşüb tir-tap,
Burda çəkirəm əzab.
Dəysə mənə köməyin,
Hədər getməz əməyin".
İvan dedi: "Çox gözəl,
Çatan kimi ən əvvəl
Tapşırıb dönə-dönə
Bunu deyərəm Günə".
Sahilə qaçıb birdən
At uçub qalxdı yerdən.
Ayağından toz-torpaq
Göründü onun ancaq.
Az gedib, üz getdilər,
Dağ aşıb, düz getdilər.
Kimi gördülərsə mən
Xəbərsizəm bu işdən.
Nağıl danışar insan!
İş görmək deyil asan.
Yel yerişli qozbel at
Quş kimi açıb qanad
Uçdu gəldi о yerə,
Ki, orda göydən cəhrə
Asır ip əyirənlər.
Belə deyir görənlər.
Yerlərlə vidalaşdı,
Geniş fəzalar aşdı,
Bir knyaz kimi İvan.
Papağını qoyub yan
Gəzən zaman göylərdə,
Söylədi: "Düzdür, yerdə
Gözəllik çoxdur, lakin
Deyildir göylər təkin.
Yer qara bir torpaqdır,
Göy mavidir, parlaqdır.
Atım, Şərqə sal nəzər!
Orda yanır şəfəqlər,
Görünür yaraşıqlı,
Könül açan işıqlı
Çox yüksəkdə bir qəsr.
Yəqin burda var bir sirr:
Odur Günün paytaxtı!
At çox diqqətlə baxdı.
Anladıb dedi ona:
"Həmən gördüyün bina
Qəsridir şah qızının,
Gözəllik ulduzunun.
Günəş ki, axşam batır,
-Gecələr orda yatır.
Ay da gündüzlər gəlir,
О qəsrdə dincəlir".
Darvazaya çatdılar,
Gördülər bir günbəz var:
Sütunları büllurdan
Hər tərəfə baxırsan
Görünür qızıl naxış.
Bu günbəzə sancılmış
Üç parlaq ulduz yanır.
Hər tərəf işıqlanır...
Çox səfalı, çox sərin
Bağdır ətrafı qəsrin.
Gümüşdəndir budaqlar,
Zümrüddəndir yarpaqlar.
Qonub qızıl qəfəsə
Quşlar verib səs-səsə...
Bu qəsri görən deyər
Yanında kənddir şəhər.
Həyətə çatan zaman,
İvan endi atından,
Qəsrə tərəf yönəldi,
Ayın yanına gəldi.
Qapını açıb lay-lay,
Dedi: "Salam, parlaq Ay!
İvan Petroviçəm mən,
Gəlmişəm uzaq yerdən.
Dost, gətirmişəm sənə
Bolluca dua, sənə".
Ay dedi: "Otur, danış,
Olum yaxından tanış,
Görüm neçin gəlmisən,
Bu işıq ölkəyə sən.
Hansı eldən-soydansan?'
Əyləşib dedi İvan:
"Keçib mavi okean
Mən buraya uzaqdan
-Yerdən uçub gəlmişəm
Göylərə yüksəlmişəm.
Gələndə dönə-dönə
Şah qızı deyib mənə:
Zümrüd hərəmxanama
-Gir, salam de anama.
Söylə əziz, mehriban
Qızın deyir, anacan,
Üç gecə-gündüzdür sən
Nə üçün gizlədirsən
Övladından özünü?
Görmür aydın üzünü?
Məgər nə olub yenə,
Çöküb qızıl rənginə
Qardaşımın sis-duman,
Məhrumam işığından.
Unutmamışam əgər,
Budur dediyi sözlər".
"Hansı qızdır o, canım?"
"Şah qızıdır о xanım!"
"O sənin okeandan
Apardığındır, İvan?"
"Bəli, ey işıqlı Ay!
Gözəl, yaraşıqlı Ay!
Mən çara baş mehtərəm,
Sarayında nökərəm.
Bu işin tarixi var,
Əmr etmişdi hökmüdar
Üç həftəyə, az vaxtda,
Qızı gətir paytaxta.
Aparmasaydım, inan,
Olardı yerim zindan".
Ay öpüb, qucaqladı
Vanyuşanı, ağladı...
Dedi: "Şad xəbərindən
Könlüm uçdu yerindən.
Qızı itmiş sanırdıq,
Biz odlanıb yanırdıq.
Buna görə buluddan
Çıxmadım üç gün bir an;
Sardı qəlbimi kədər,
Mən yatmadım gecələr,
Dərddən qaldım yuxusuz.
Üç gün gəzdim ac, susuz.
Buna görədir yenə
Günəşin al rənginə
Çəkildi qara pərdə.
Oğlum, Gün düşdü dərdə,
Üç gün saxladı matəm.
İşıqsız qaldı aləm
Ban qızımız sağmı,
Kefı-damağı çağmı?
Yoxmu daha bir dərdi?"
Deyə Ay sual verdi.
"Düzü gözəlliyindən
Söhbət gedir, ancaq mən,
Gözəl sanmıram onu.
Vardır üç verşok boyu.
Nazik çöp kimi incə,
Arıq bir qızdır, məncə,
Ərə getsə kökələr.
О canlanar, yekələr.
Alır onu hökmüdar".
Ay dedi: "Azğın, murdar
Çarın yetmiş yaşında
Sevda gəzir başında,
Vurulub cavan qıza.
Qoymaram uğursuza
О dilbər ərə getsin,
Ömrü hədərə getsin.
Xam xəyala düşüb çar,
Əkməmiş biçir kaftar.
Yox, fayda görməz bundan".
Aya söylədi İvan:
"İndi var başqa bir iş
Balina edir xahiş,
On ildir qazıq-qazıq
Olmuşdur cam... yaziq
Uzanib böyrü üstə,
Dənizdə yatır xəstə.
Soruşurdu о bədbəxt
Görəsən, canım nə vaxt
Xilas olar bu dərddən,
Bununçün neyləyim mən?
Ay dedi: "Haqqın əmri
Olmadan, otuz gəmi
Udub suda balina.
Gedib deyərsən ona:
Əgər sözümə baxsa,
Gəmiləri buraxsa
О sağalar bir anda...
Çox ömr edər cahanda".
İvan qalxdı ayağa
Ayla vidalaşmağa.
Üç dəfə öpüb onu,
Qucaqladı boynunu.
Ay söylədi: "Dünyada
Görməyəsən dərd, qada.
Qızımdan verdin xəbər.
Sənə çox təşəkkürlər!
Qızımı görüncə sən
Məndən salam deyərsən.
Ona söylərsən, anan
Səninlədir hər zaman.
Deyir ki, qəm çəkməsin,
Göz yaşları tökməsin.
Çıxıb xoşbəxt günlərə
Tezliklə gedər ərə.
Qocaya уox, bir gəncə..
Qəlbi batar sevincə".
İvan mindi dayçaya,
Vida eyləyib Aya,
Böyük pəhləvan kimi,
İgid qəhrəman kimi
Qayıtdı burdan geri.
Həmən günün səhəri
Yetişdi okeana.
At gələrək cövlana
Balinanın üstündən
Addımlayıb keçərkən
Balina dilə gəldi,
Ahı göyə yüksəldi,
Soruşdu: "Ay atalar,
İşimdən nə xəbər var?
Xilas olub bu dərddən
Bağışlanarammı mən?"
Qozbel at dedi ona:
"Bir az dayan, balina!"
Sonra o, kəndə getdi,
Öz yalını tərpətdi,
Söylədi: "Ey insanlar!
Dindar xristianlar!
Xəbər verirəm sizə.
Kim istəmir dənizə
Düşüb ölsün tufanda,
Qaçsın burdan bir anda.
Bu saat coşub sular,
Qopacaq gurultular.
Qarışacaq aralıq,
Çevriləcəkdir balıq",
Bunu bildi insanlar,
Dindar xristianlar
Qışqırdı ki, bəla var!
Kim qaçsa can qurtarar.
Yüyürüb evə sari
Qoşub arabaları,
Nə vardısa yığdılar,
Dərhal yola çıxdılar.
Çöldə, evdə, həyətdə,
Kimsə qalmadı kənddə.
Sanki Mamay davası
Düşüb... Eli, obası,
Köçdü о yurdun tamam
Yola çıxdı izdiham.
At quyruq səmtə qaçdı,
Qanada yaxınlaşdı,
Sonra kişnəyib bərkdən
Balinaya dedi: "Sən
Olmadan haqqm əmri,
Udmusan otuz gəmi.
Gəmiləri buraxsan,
Haqq keçər günahından.
Xoş gün görüb cahanda
Gəzərsən okeanda".
Qozbel at bunu dedi,
Yüyənini çeynədi.
Qalxıb durduğu yerdən,
Sahilə qaçdı birdən.
Balina tez tərpəndi,
Sağ tərəfə hərləndi,
Dənizdə qopdu tufan.
Balinanm ağzından
Bir-bir gəmilər gəldi...
Elə səs-küy yüksəldi,
Oyandı dəniz çarı,
Atdılar tunc topları;
Şeypurçu şeypur çaldı,
Dorda bayraq ucaldı.
Gəmilər açdı yelkən...
Keşişsə göyərtədən
Ruhanilərlə bütün
Dua oxudu о gün.
Avarçılar həvəslə
Nəğmə dedi xoş səslə.
"Gəmilər üzüb gəzdi,
Quş kimi süzüb gəzdi
Dəryalarda dərində,
Dünyanm son yerində".
Tufan qopdu dənizdən,
Gəmilər itdi gözdən.
Geniş ağzını açdı
Suyu ətrafa saçdı
Balina dedi: "Dostlar!
Deyin nə arzunuz var?
Sizə xidmət göstərim,
Qızıldan balıq verim.
Çıxarım coşqun sudan
Balıqqulağı, mərcan.
Verim iri, ağ inci
-Gün kimi parlaq inci".
"Şahzadə dilbərin sən
Üzüyünü dənizdən
Tapıb gətirsən əgər
Bil ki, hər şeyə dəyər",
Deyə söylədi İvan.
"Tapıb gətirrəm inan,
Qopsa da min qasırğa,
Həm üzük, həm də sırğa"
Deyib balina getdi,
Bir anda gözdən itdi.
Balina bərk bağırdı,
Balıqları çağırdı.
Əmr elədi: "Sübhədək
Şahzadə qızın gərək
Göy dənizin dibindən,
Sandıqçanın içindən
Üzüyünü tapıb siz,
Yanıma gətirəsiz.
Üzüyü tapan balıq
Alacaq dvoryanlıq.
Hər kəs çıxsa əmrimdən.
Ona cəza verrəm mən".
Osetrinlər əydi baş,
Yola düzəldi birbaş.
Dörd-beş saat hər yeri,
Gəzib döndülər geri.
İki qorxacaq balıq,
Osetrinlə ağ balıq
Dedi: "Qəzəblənmə, çar,
Gəzdik nə qədər yer var,
О sandıqdan, müxtəsər,
Tapmadıq heç bir əsər.
Bir xanı vardır ancaq,
Çox zirəkdir, çox qoçaq
О hər yana yollanır,
Dəryaları dolanır.
Çar əmr eləsə əgər
Üzüyü tapa bilər,
Hünəri-fənni çoxdur...
Tərslikdən о da yoxdur".
Bığlarını tərpətdi,
Qəzəblənib əmr etdi.
Balina verdi fərman:
"Tapılsın xanı bu an!"
Balinaya əyib baş,
Balıqlar çıxdı birbaş
Əmri çatdırsm deyə
Yollandı məhkəməyə.
Söylədilər: "Hökmüdar
Əmr edir, getsin çapar
Axtarsm dəryalardan
Xanını tapsın əyan".
Yazdı fərmanı çapaq
Naqqa imza etdi bax,
Çünki о müşavirdi.
Xərçəng möhrünü vurdu
İki delfin fərmanı
Aldı, gəzsin dəryanı;
Axtarıb о fitnəkar,
О gəzəyən davakar
Xanıya əmri versin,
Onu tutub gətirsin.
Delfinlər endirib baş,
Yola çıxdılar birbaş.
Dənizləri gəzdilər,
Çayda, göldə üzdülər,
Axtardılar hər yanı,
Gördülər yoxdur xanı.
Axırda gözü nəmli,
Onlar qayıtdı qəmli.
Ancaq bir gölməçədən
Bu delfinlər keçərkən
Səs-küy eşidib durdu,
Dərhal suya baş vurdu.
Bir qamış arasında
Gördülər salıb dava
Xanı daban balıqla.
Əmr eyləyib acıqla
Dedilər: "Savaşmaym,
Həddinizi aşmayın!"
Xanı balıq cürətlə
Söylədi: "Siz nə hədlə
Qarışırsız işimə?
Salıb sizi dişimə
Əzişdirrəm bu saat,
Sevmərəm çox zarafat".
Delfinlər söylədi: "Sus!
Ey gəzəyən, uğursuz!
Peşən ya dalaşmaqdır,
Ya gəzib dolaşmaqdır.
Hökmüdar verib fərman
Çağırır səni bu an".
Xanının sərt tükündən
Tutub balıqlar həmən
Döndülər burdan geri.
Səs bürüdü hər yeri.
Salıb yaman qışqırıq,
Söylədi xanı balıq:
"Qoyun dalaşım bir az!
Daban balığı qanmaz
Söyübdür məni dünən,
Acıqlıyam əlindən..."
Səs-küyünə baxmayıb,
Xanını buraxmayıb
Saraya apardılar.
Onu görüb dedi çar:
"Azğın, indiyədək sən
Haralarda gəzirsən?"
Duydu xanı balığı
Çarın tutub acığı
Qabağında diz çökdü,
Yalvarıb çox dil tökdü.
Dedi: "Keç günahımdan!"
Bunu görüb hökmüran
Söylədi: "Keçdim, ancaq
Bir tapşırıq vardır bax,
Ona tez əməl elə".
"Nə əmrin varsa, söylə!"
Balina dedi: "Xanı!
Gəzirsən hər dəryanı
Şahzadə gözəlin sən
Qiymətli üzüyündən
Yəqin verərsən xəbər".
"Üzük tapılıb gələr!"
"Elə isə dayanma,
Tez get axtar, yubanma!
Baş əyib çox hörmətlə,
Xanı çıxdı sürətlə
Padşahın sarayından.
O, yoldan ötən zaman
Çamça ilə söyüşdü,
Beş balıqla döyüşdü.
Axır burnunu əzdi.
Axtarıb xeyli gəzdi.
Dənizin hər yerində,
Burulğanda, dərində
Tapdı yekə bir qutu,
Ağırlığı yüz putu
Keçərdisə də, ancaq
О, mətəl qalmadı bax.
Səs-küy salıb bağırdı,
Tez seldləri çağırdı.
На çalışdısa seldlər
Qutunu bir tük qədər
Yerindən dəbərtmədi,
Zərrəcə tərpətmədi.
Xanı bağırıb bar-bar,
Dedi: "A selyodkalar!
Heyifdir araq sizə,
Layiqdir şallaq sizə.
Yox sizdə əsla hünər".
Gəldi osetrinlər
Tez qutuya yönəldi.
Qutunu qumsal yerdən
Dartıb çıxartdı birdən,
Xanı dedi: "Uşaqlar!
Mənim yaman yuxum var.
Siz bir yaxşı iş görün,
Qutunu çara verin,
Mənsə burda uzanım,
Dincəlsin bir az canım".
Balıqlar yollandılar...
О gəzəyən davakar
Xanı da yola düşdü,
Gəlib göldə döyüşdü –
Yenə daban balıqla.
Bunu qoyaq bir yana.
İndi gəlin, ay uşaq,
Biz İvandan danışaq.
Çox sakitdi okean,
Qumda oturub İvan
Gözlədi balinanı,
Sıxıldı onun canı.
Qozbel uzanıb yerdə,
Batmışdı qəmə-dərdə.
Gün batdı, çökdü axşam,
Yandı üfüqlər tamam
Qızıl rəngə boyandı,
Buludlar alovlandı.
Balinasa gəlmədi,
İvan düşünüb dedi:
"Məni balıq aldatdı,
О şeytan yalan satdı.
Demişdi gün doğmadan
Okeandan, dəryadan
Qızıl üzük çıxacaq.
Gün doğdu, batdı,
ancaq Balinadan yox əsər.
Aldanmışam, müxtəsər..."
Su çalxalandı birdən
Köpüklü ləpələrdən
Baş qaldırdı balina,
Hörmətlə dedi ona:
"Öz vədəmi, Vanyuşa,
Budur yetirdim başa!"
Balıq sandığı atdı
О gəlib quma batdı.
Yer əsdi zərbəsindən,
Balina dedi ki: "Mən
Artıq gedirəm, İvan!
Əgər başqa bir zaman
Gərəyin olsam yenə,
Kömək göstərrəm sənə.
Yaxşılığın yadımdan
Çıxmaz, əzizim, inan".
Balina vidalaşdı,
Suyun dibinə qaçdı.
Öz dərin yuxusundan
Oyanıb qozbel bu an
Durdu sahilə baxdı,
Pəncəsi üstə qalxdı.
Dedi: "Balina, əhsən!
Öz borcunu vermisən,
Okeanda gəz, sağ ol!
Dərddən-qəmdən uzaq ol!"
İvana da dedi: "Dur,
Artıq getmək vaxtıdır.
Üç gündür yoldayıq biz,
Sabah bitir vədəmiz.
Xiffətlənər qoca çar,
Dərddən bağrı çatlayar".
İvan cavab verdi: "Mən
Bu qutunu yerindən
Qımıldada bilmədim.
Əliboş necə gedim?
Balina beş yüz şeytan
-Doldurub bura inan".
Eşidən kimi bunu
Dinmədən at qutunu
Sağ ayağilə aldı,
Boynunun üstə saldı.
Dedi: "İvan, dayanma!
Min belimə, yubanma!
Sabah vədə bitir, bax,
Gərək uzun yol aşaq".
Çarın dediyi vaxtda
İvan çatdı paytaxta.
Onu qarşılayıb çar,
Soruşdu: "Nə xəbər var?
Üzük gəlib ver görək!"
İvan atdan enərək
Söylədi: "Bir polk əsgər
Bu sandığı dəbərdər,
Qutu ağırdır yaman,
Qaldırmaz bunu şeytan"
Tez əmr etdi hökmüdar
Sandığı nişançılar
Aparsınlar dəhlizə.
Sevincdən süzə-süzə
Gəldi qızın yanına,
Söylədi cananına:
"Tapılıbdır üzüyün!
Toy edək günü bu gün!
Çünki artıq, əzizim,
Əngəlimiz yox bizim.
Dostum, üzüyünü sən
Əgər görmək istəsən
Saraydadır, gəl ora".
Cavab verdi qız çara:
"Bilirəm, ey çar, ancaq
Bu toy baş tutmayacaq".
Yalvarıb söylədi çar:
"Ey sevimli, gözəl yar!
Düşün məhəbbətimi,
Bağışla cürətimi,
Vurulmuşam ürəkdən,
Gərək mənə gələsən.
Rədd etsən bunu əgər,
Məhv edər məni kədər.
Rəhm et mənə, ey pəri!.."
Eşidib bu sözləri
Qız söylədi: "Hökmüran!
Sən tamam qocalmısan,
Mənim on beş yaşım var.
Gülüb söyləyər çarlar,
Baba alıb nəvəni".
Çar qışqırdı ki: "Məni
Kim ələ sala bilər?
Onun nəsli kəsilər.
Əsir edib elini,
Sındıraram belini".
"Qoy gülməsinlər yenə,
Sən tay deyilsən mənə,
Qışda bitməz gül-çiçək.
Bir qızam gözəl-göyçək,
Hüsnüm tutub dünyanı,
Səndə xoş cəhət hanı?"
"Qocalsam da nə qədər
Məndə var böyük hünər.
Bir özümü düzəltsəm
Cavan görünə billəm.
Bu sözlər yersizdir, bax,
Qoy biz evlənək ancaq".
Qız dedi: "Dişidüşmüş,
Üzü-gözü büzüşmüş
Bir qocaya mən heç vaxt
Gedib, olmaram bədbaxt".
Boynunu qaşıyıb çar
Dedi: "Belə iş olar?
Toyçun tələsirəm mən,
Məhv oluram həsrətdən.
Sən yox deyib durursan,
Qəlbimə ox vurursan".
"Dirənmə nahaq yerə,
Getmərəm sənə ərə,
Məni almaq istəsən,
Dön bir gənc oğlan ol sən!
"Bu mümkün deyil, xanım
Qoca gəncləşməz, canım,
Möcüz olmaz hər zaman,
Bir yol yaranar insan".
Dilbər qız dedi: "Əgər
İstəsən sabah səhər
Dönüb olarsan cavan.
Əmr eylə, ey hökmüran,
Üç mis qazan qurulsun,
Biri qaynar süd olsun,
İkincisi buzlu su.
О biri qaynar duzlu su.
Paltarını tez soyun
Əvvəl süddə gir yuyun,
Sonra çim duzlu suda,
Sonra da buzlu suda.
Əgər bu üç qazanda
Çimsən, dönüb bir anda
Cavan oğlan olarsan,
Sonra məni alarsan".
Daha qıza dinmədi...
Çar əmr eyləyib dedi:
İvanı çağırsınlar.
İvan gəlib dedi: "Çar,
Məni sən okeana
Yoxsa başqa bir yana
Göndərmək fikrindəsən?
Düşmüşəm əldən-dildən,
Gedən deyiləm daha!"
Çar söylədi: "Vanyuşa,
Artıq bitibdir səfər.
Əmr vermişəm, səhər
Üç mis qazan qurulsun:
Biri qaynar süd olsun,
О biri qaynar duzlu su,
Üçüncü də buzlu su.
Təcrübəyçün gərək sən
Qazanlarda çiməsən".
Qəlbində dedi İvan:
"Lap çaşıb bu qudurğan!"
Sonra söylədi: "Ey çar,
Hər işin ölçüsü var,
Pörtərlər hinduşkanı,
Cücəni, ya çoşkanı.
Sən məni nə sanmısan?
Qaynar olmasa qazan
Soyuq suda bir təhər
Yenə də adam çimər.
Ocaqlar yana-yana
Girmərəm mən qazana.
Bəsdir, hiylədən əl çək!
Mənə gəlmə çox kələk".
Dəyişdi çarın halı,
Titrədi çal saqqalı.
Dedi: "Tayınam məgər?
Əmrimi sabah səhər
Yetirməsən yerinə
Saman təpər dərinə,
Açma burda mərəkə,
Danışma yekə-yekə,
Rədd ol gözümdən, alçaq!
İvan zarıldayaraq
Tez tövləyə yönəldi,
Atın yanına gəldi.
At dedi: "Nə var yenə,
İvan, nə olub sənə?
Başını dikib yerə,
Batmısan qəm-kədərə.
Yoxsa qoca kaftar bəy
Tapıb yenə bir kələy?"
Atını qucaqladi,
İvan öpdü, ağladı.
Dedi: "Atım, dərdim var.
Çar əmr edib ki, qaynar
Neçə qazan qurulsun.
Biri qaynar süd olsun,
О biri qaynar duzlu su,
Üçüncü də buzlu su...
Qazanlara mən girim,
Çimim, soyulsun dərim".
At dedi: "Qulluq ancaq
Buna söyləyərlər, bax!
İndi gərəyəm sənə.
О zaman dönə-dönə
Dedim: lələyi alma,
Başını dərdə salma.
Həmən lələkdən bunca
Dərd verir sənə qoca.
Ağlama, iş düzələr,
Keçib gedər qəm-kədər.
İvan, ölsəm də, səndən
Bil ki, ayrılmaram mən.
Sabah yuyunan zaman
Xahiş edərsən çardan:
"Mümkün sanırsan əgər
Atımçün adam göndər
Həsrət qalmasın könlüm,
Atla görüşüm, ölüm".
Çar razı olar buna.
Gələn kimi yanına
Quyruğumla əlbəəl
İşarə verrəm əvvəl.
Burnumu salıb, sonra
О qaynar qazanlara
Üstünə çilərəm mən.
Bir fit çalaram bərkdən...
İvan, ayıq ol, ayıq,
Əvvəl süddə yuyun çıx,
Sonra çim duzlu suda,
Axırda buzlu suda...
İndisə rahat-rahat
Get yerində yıxıl yat".
Səhər açılan zaman
At gəlib dedi: "İvan!
İş vaxtıdır, qalx, yatma!
Dostum, yuxuya batma".
İvan yerindən durdu,
Gözünü ovuşdurdu,
Yuyunub yavaş-yavaş
Həyətə gəldi birbaş.
Gördü ocaq qurulub,
Altına od vurulub.
Saraydakı nökərlər
Sürücülər, mehtərlər
Odunu qucaq-qucaq
Tökür, qızışsın ocaq.
Danışıb xəlvət-xəlvət,
İvandan edir söhbət,
Dodaqları qımışır,
Arabir də gülüşür.
Qapı açıldı birdən
Çar qalxdı pillələrdən,
Yanında gözəl dilbər,
Ətrafında nökərlər.
Çar dedi: "İvan, soyun!
Qazanlara gir, yuyun".
İvan dinməz-söyləməz
Paltarı soyundu tez.
Yaşınmaqçün özünü
Xanım örtdü üzünü
Qaşnıb bir az İvan,
Qazana baxdı yan-yan.
Çar dedi: "Durma, qardaş!
Tez ol qazana dırmaş".
İvan söylədi: "Ey çar!
Səndən bir xahişim var.
Mümkünsə, adam göndər,
Atımı gətirsinlər.
Həsrət qalmasm könlüm,
Atla görüşüm, ölüm".
Fikirləşib bir qədər,
Çar əmr etdi, nökərlər
Yüyürdülər tövlədən
Atı gətirib həmən
Tapşırdılar İvana
Çəkildilər bir yana.
Quyruğunu tərpətdi,
At bir işarə etdi.
Burnunu saldi sonra
Qaynayan qazanlara.
Onun üstə çilədi,
Bir fit çalıb kişnədi.
İvan atına baxdi,
Ocağın üstə qalxdı.
Baş vurub о bir anda
Çimdi bu üç qazanda.
Oldu gözəl bir oğlan.
Belə sərvi-xuraman
Nə sığardı ağıla,
Nə də ki, bir nağıla.
Geyindi təzə paltar,
Üzündə qürur, vüqar
Bənzəyirdi knyaza.
Baş əydi dilbər qıza.
Səs-küy düşdü yer-yerdən
Hamı bağırdı birdən,
Söylədi: "Olub möcüz!
Heç eşitməmişik biz
Dönüb çirkin bir keçəl
Olsun belə bir gözəl".
О saat əmr etdi çar:
Onu soyundursunlar.
Göstərmədi heç təlaş,
Xaç çəkib gəldi birbaş
Qaynar qazana düşdü,
Hökmüdar suda bişdi.
Qalxdı şahzadə dilbər.
Əmr etdi: "Nayib, nökər
Sakit dayansın bir an".
Sonra dedi: "Hökmüran
Bu dünyanı tərk etdi,
Sizdən ayrılıb getdi.
İstəyirəm bu gündən
Şah arvadı olum mən.
Razılıq verir əgər,
Qoy dinsin nayib-nökər!
Bilsin bütün əyanlar,
Ərim olmalıdır çar".
Sonra işarə verdi,
Qız İvanı göstərdi,
Sakit, səssiz dayandi...
Dərhal məclis canlandı,
Hamı qışqırdı birdən,
Səs ucaldı yer-yerdən:
"Razıyıq, yolunda biz
Oda girrik şübhəsiz.
Təki sən ol bəxtiyar!
İvanı edərik çar".
Arvadının qolundan
Tutdu cavan hökmüran,
Kəbin kəsilsin deyə
Yollandılar kilsəyə.
Toplardan səs ucaldı,
Nökərlər şeypur çaldı.
Fit verdilər gəmilər,
Açıldı zirzəmilər,
Paylandı çox bal, şərab;
Hamı içdi al şərab.
Tamaşayçün adamlar
Doldu küçələr, damlar.
Carı təbrik edərək
Dedilər: "Toy mübarək!
Bəxtiyar ol, hökmüran!
Sağ olsun xanım sultan".
Şərab sel kimi axdı,
Əyanlar kefə baxdı.
Sarayda boyar, knyaz
Yedi, içdi kefi saz.
Mən də məclisə düşdüm
Bal yedim, şərab içdim.
Mənə bir damcı çatdı,
Yalnız bığlarım batdı.