QORXUNC TARAKAN
Korney Chukovski
QORXUNC TARAKAN
(Tərcümə edəni Teymur Elçindir)
Birinci hissə
Ayılar minmişdilər Kiçik velosipedə. Pişik miyoldayırdı Dal-dalı gedə-gedə.
Qonmuşdu şar üstünə Vız-vız ağcaqanadlar Xərçənglərin altında Çolaq it olmuşdu zar.
Canavar at sürürdü, Şirlərsə avtomobil. Xortumunu sallayıb Yeriyirdi ana fil.
Tramvaydan baxırdı Dovşanlar sola, sağa, Süpürgənin üstündə Yol gedirdi qurbağa.
Deyirdilər, Gülürdülər, Şirin qoğal Yeyirdilər.
Birdən qapı altından Çıxdı qorxunc pəhləvan Sarı bığlı Ta-ra-kan. Tarakan, Tarakan, İri, yekə Tarakan.
Bığlarını tərpədib Bar-bar bağırdı birdən: "Dayanın, tələsməyin, Udacağam sizi mən. Qurtara bilməyəcək Heç kəs mənim əlimdən". Heyvanlar hürküşdülər, Titrətməyə düşdülər. Qorxudan canavarlar Bir-birini diddilər, Bir-birini yedilər. Yazıq timsah Çəkdi ah, Qurbağanı ötürdü. Fil qorxudan kirpinin Düz üstündə oturdu.
Dava qorxutmadı heç Dalaşqan xərçəngləri, Onlar çəkilib geri Bığlarını eşdilər. Uzunbığ pəhləvanın Üstünə bərk düşdülər: "Çığırma çox, sərsəri, Qalmırıq səndən geri, Bizim də bığımız var; Tərpətsək, hamı qorxar". Bu sözü deyə-deyə Çəkildilər geriyə.
Söylədi Hippopotam "Belə iş olmaz, atam, Timsahlar, balinalar, Qulaq asın, sözüm var: Kim о zalımı yıxsa, Kim ondan güclü çıxsa, Məndən bəxşiş alacaq. İki dənə qurbağa Bir dənə şam qozası О qoçağın olacaq".
"Əsla qorxmuruq, inan, Dediyin yırtıcıdan. Onu didib-parçalar İti, xəncər dişimiz, Tapdalarıq onu biz".
Heyvanlar hücum çəkib Döyüşə girişdilər. Bığlını görən təki (Ay-ay-ay!) Əl-ayağa düşdülər. (Ay-ay-ay!) Heyvanlar dağılışdı Meşələrə, düzlərə, -Hərə qaçdı bir yerə. Yazıqlar qorxmuşdular: (Ay aman!) Tarakanın bığından. Hippopotam yüyürdü, Hirsindən bərk böyürdü: "Ayıb olsun, utanın! Ey kəllər, kərgədanlar, Rüsvay oldu heyvanlar, Tez çıxın mağaradan, Buynuz vurun, Düz vurun, Düşmən qaçar aradan". Kərgədanlar və kəllər Mağaradan dedilər: "Buynuz vurardıq, Lap düz vurardıq, Amma ki, bizdən ötrü Şirindir öz canımız, Təkcə buynuza gəlir Bizim də gümanımız". -Kol-kosda gizləndilər.
Qorxudan əsə-əsə, Verib nəfəs-nəfəsə. Vurdu gicitkanlığa Timsahlar özlərini Fillər girib xəndəyə Yumdular gözlərini.
Şaqqıldayan dişlərin Səsi gəlirdi ancaq, Tir-tir əsən qulaqlar Görünürdü ağappaq.
Qapıb çamadanları Meymunlar gözdən itdi, Kim bilir hara getdi.
Qaçdı naqqa balığı, Tərpətdi quyruğunu, Görən olmadı onu.
Dalınca su ilbizi -Dizin-dizin süründü. Gah itdi, gah göründü. |
İkinci hissə
Beləliklə, hamıya Qalib gəldi tarakan. Meşələrə, düzlərə Oldu sahib, hökmran. Bütün heyvanlar onun Hüzurunda durdular, Görüm lənətə gəlsin, Yerə girsin о murdar. Tarakansa onların Arasında gəzirdi, Qarnına sığal çəkib, Gözlərini süzürdü: "Ey heyvanlar, mənə siz Balanızı gətirin. Bu axşam yeyəm gerək, Ət istəyir xətirim".
Məzlum, yazıq heyvanlar Ağlaşır yenə zar-zar, Ulayır, bağırırlar, Köməyə çağırırlar. Qarğış edir hamısı Yekəqarın zalıma, Yazıqlar belə dərdi Kimə desinler, kimə? Bir deyin, hansı ana Qıyar öz balasına? Sallayıb qulağını Ayı, canavar, ya fıl. Verərmi uşağını - Acgöz axmağın biri Çeynəsin diri-diri? Heyvanlar hey ağlaşır, Hər kəs öz balasıyla Öpüşüb-qucaqlaşır.
Çox keçmədi, bir səhər Qaçıb gəldi kenquru. Bığlını görən kimi Bərkdən güldü kenquru Dedi: "Budur pəhləvan? (Ha-ha-ha) Bu - cücüdür, - Tarakan! (Ha-ha-ha) Tarakan, Tarakan, Tarakancığaz, Balaca cücüdür Bu heyvancığaz! Bəs qanmırsınız, Utanmırsınız? Хәncərə oxşar Dişləriniz var. Bir-birinizə Nə dəymisiniz, Kiçik cücüyə Baş əymisiniz". Begemotlar qorxudan Pıçıldadı: "Dinmə, kəs, Başımıza iş açma Çıx get burdan, salma səs". Birdən kolun dalından, Kiçik göy meşəcikdən Çıxdı balaca Sərçə. Buraya uçdu gəldi Çöllərdən keçə-keçə. Hoppanaraq Cikgildədi, Belə dedi: Çik-çirik, Çiki-riki-çik-çirik. Dimdiklədi Tarakanı -Uddu yekə pəhləvanı. Çatdırdı cəzasına, Bığı da heç qalmadı, Onu görən olmadı. Aha, buna görədir Heyvanların bayramı, İndi igid Sərçəni Tərif eləyir hamı. Notlara baxa-baxa, Gözləri axa-axa Nəğmə oxuyur ona Ulaqlar yana-yana.
Keçilərin saqqalı Süpürgə çəkir yola -İstəmirlər toz ola. Görün, dəcəl qoyunlar, Bilir necə oyunlar. Şeypur çalır yapalaq, Dolaşada səsə bax. Dama çıxıb yarasa Dəsmal edir harasa. Rəqs eləyir fıl xanım, Yaman çıxıb özündən. Qırmızı ay titrəyir, Fırlanır göy üzündə Birdən-birə Düşür yerə -Yazıq filin üstunə. Sonra da nə deyim, nə Min əzıyyət başlanır: Çıxarmaq üçün ayı Girirlər bataqlığa Batırlar lilə, zığa. Sonra da başlayırlar. Nərdivanlar qurmağa, Ayı göyə vurmağa.
|