MOYDODIR
Korney Chukovski
MOYDODIR
(Tərcümə edəni Teymur Elçindir)
Yorğan qaçdı,
Döşəkağı
Qanad açdı.
Yastığa bax,
Qurbağa tək
Tullanaraq
Qaçdı məndən.
Əl uzatdım
Tutum şamı,
Girdi peçə;
Güldü hamı.
Götürəndə
Kitabı mən
Qorxub qaçdı
О da məndən,
Çarpayının
Altına lap
Qaçıb girdi
Tap-tap, tarap.
İstədim ki, bir çay içim,
Yaxınlaşdım samovara,
Yekəqarın, qorxu yaman,
Heç bilmədim qaçdım hara.
Nə var belə,
Nə olmuşdur?
Deyin görək
Niyə hər şey
Yerbəyerdən
Təkər kimi
Hərlənərək,
Fırlanaraq
Qaçdı birdən
Düzüldülər
Dalbadal:
ütü,
çəkmə
və qoğal,
Maşa,
çəngəl
və кәmər.
Hərlənirlər,
Fırlanırlar.
Mayallaq da
aşırlar.
Birdən yataq otağından
Çıxdı çolaq əlüzyuyan.
Yırğaladı başını:
"Bir buna bax,
Pinti uşaq.
His yaxıbsan üz-gözünə,
Utan ban, bax özünə:
Qapqarasan kömür kimi,
Boynun paslı dəmir kimi.
Əllərini görüb gendən
Şalvarın da qaçıb səndən,
Şalvarın da, şalvarın da
Qaçıb səndən.
Səhər-səhər yuyunurlar
Uçanlar da, qaçanlar da,
Bapbalaca siçanlar da,
Pişiklər də, ördəklər də.
Hörümçəklər, böcəklər də.
Təkcə sənsən çirkli qalan.
Yuyunmayan, pinti olan,
Odur qaçıb kitabların,
Ayaqqabın, corabların.
Mənəm
Böyük Əlüzyuyan,
Məşhur, məşhur Moydodır!
Pintiləri təmiz yuyan,
Liflərə də komandir.
Ayağımı döysəm yerə,
Qoşunumu çağırsam,
Neçə-neçə əlüzyuyan
Uçub gələr - bağırsam.
Səninlə bərk dalaşarlar.
Tutub səni,
Çimməyəni
İsladarlar
О ki, var
Sənin kimi pis uşağı.
Başaşağı
Ağ ləyənə vurdu qapaz,
Çığırdı bərk: "Kara-baras".
Tez şotkalar düşdü işə.
Çox çəkdilər məni dişə.
Hey sürtdülər bədənimi,
Oxudular:
"Kömürçünü yuyuruq biz,
Olur təmiz, olur təmiz.
Görürsünüz kömürçümüz,
Olur təmiz, olur tomiz".
Sabun gəldi tələsərək
Saçlarımdan yapışdı bərk
Arı kimi sancdı məni,
Çox danladı,
Sabunladı.
Quduz lifdən qorxdum yaman,
Vermədi heç mənə aman.
Qaçdım, qaçdım,
Elə bil ki, qanad açdım.
Keçdim neçə
Uzun küçə,
Hasar aşdım, girdim bağa,
Gəlib çatdı, başladı tez
Ac qurd kimi dalamağa.
Birdən çıxdı qabağıma
Çox sevdiyim timsah lələ,
Totuş, Kokuş yanındaydı,
Gəzirdilər gülə-gülə.
Timsah lələ
Bircə anda lifi tutdu,
Кörpә quş tək onu uddu.
O, üstümə birdən necə
Böyürdü,
Hirslənmişdi, ayağını
Döyürdü,
Dedi: "Tez ol, çıx get evə
Nədir bu
-Dedi - tez get, əl-üzünü
Təmiz yu,
-Dedi - yoxsa gəlib səni
Tutaram.
-Dedi - əzib-tapdalaram,
Udaram".
Qoyub qaçdım, qorxdum yaman,
Evimizdə gözləyirdi
Əlüzyuyan.
Sabun sürtdüm
Əl-üzümə,
Sabun sürtdüm
Üz-gözümə.
Yudum, yudum,
Yudum, yudum,
Sizdən daha nə gizlədim.
Üzümdəki, boynumdakı
Ləkələri təmizlədim.
Elə bu vaxt
Şalvar çıxdı yolum üstə,
Tez tullandı qolum üstə.
Dalınca da pendir-çörək
Dedi: məni tez ye görək.
Gəlib salam verdi qutab,
Düz ağzıma girdi qutab.
Bax, kitabım döndü geri
Yanında da ev dəftəri,
"Ana dili" "Hesab" ilə
Oynayırdı aşa-aşa
Eləyirdim mən tamaşa.
Bu vaxt Böyük Əlüzyuyan
Məşhur, məşhur Moydodır
Pintiləri təmiz yuyan,
Liflərə də komandir,
Qaçıb gəldi düz yanıma,
Tutdu məni, rəqs elədi,
Öpə-öpə belə dedi:
"Xoşum gəlir indi səndən
Tərifıni deyirəm mən.
Təmizlədin hisi, qırı,
Sevindirdin Moydodırı".
Pintilərə
Ayıb olsun,
Min-min kərə
Ar olsun!
Çiçək sabun,
Yumşaq dəsmal,
Narın daraq
Var olsun.
Yuyun, yuyun səhər-axşam,
Sən hər səhər, sən hər axşam
Min yaşasın
Ağ diş tozu,
Unutmayaq
Dostumuzu.
Gəl yuyunaq, üzək, çimək.
Baş vuraq, gəl, sulara biz
-Təknə və teşt, ləyən, çəllək,
Hər yerdə çay, bulaq, dəniz
Olsun bizim məskənimiz.
Vannada da, hamamda da
Bapbalaca bir camda da
Üzümüzü yuya-yuya
Biz hər yerdə, hər bir zaman
Alqış deyək, var ol deyək
Sərin suya,
Şirin suya.