Aləmzər Əlizadə
ALƏMZƏR ƏLİZADƏ
(1950)
MƏN KÜSMÜŞƏM Mən küsmüşəm anamdan, O getmədi yanımdan. Yağır dümağ, dümağ qar Qoymadı yeyəm ondan. Mən anamdan küsən tək Çəkməm mənlə dalaşdı. Bağını çəkdim bərk-bərk, Açılmadı, dolaşdı. Donuma nə dedilər Baxmır mənim sözümə. Çalışıram nə qədər, Geyilir tərs üzünə. Mən küsmüşəm anamdan, Qoy gedim yatım bir az. Qırmızı, güllü yorğan, Mənlə küsməz, dalaşmaz. Yorğanım, ört üstümü, Yorğanım, ört üstümü, Ayağım açıq qalır─ Sən də məndən küsdünmü Gedim görüm anamı, Danışdırım anamı: Qar yemək istəmirəm Mənlə barışsın hamı!
|
DEYƏCƏM Ay telefon, nə oldu, Yenə susmusan bu gün? Darıxıram atamçün, Darıxıram anamçün. Özün məni səslədin, O gün gecə danışdım. Mən atamla, anamla Gördün necə danışdım... Susma, səslən, telefon, Sən kimi gözləyirsən? Bəlkə sən atamgilin Səsini gizləyirsən? Onlar da darıxırlar Mənimlə danışmaqçün. Hamısını deyəcəm, Atamgil gəlsin bu gün...
|
BOYUM UZANIB Bir səhər gəzə-gəzə, Çıxdıq çiçəkli düzə. Sarı boyçiçəyini Nənəm göstərdi bizə. Söylədi: ─Bu çiçəyin, Yaman gözəl ətri var. Hər kim dərib qoxlasa, Onun boyu uzanar. Mən də dəstə bağladım, Evimizdə saxladım. Boyum uzansın deyə, Axşam-səhər qoxladım. Biləsiz, belə yaxşı, Ətirli çiçək olmaz. Axı, deyəsən mənim. Boyum uzanıb bir az...
|
BACIMIN KİTABI "Əlifba" kitabını Evdə qoymuşdu bacım. İstədim ki, götürüb Onun dalınca qaçım. Sonra fikirləşdim mən, Gedib dərsə girərəm, Dərs soruşarlar birdən, Bəs nə cavab verərəm?... |
MƏNİ GÖRDÜMÜ Oxuyub-oynayırdı Televizorda bacım. Qəşəng idi paltarı, Sığallı idi saçı. Ekranın qabağında Yaman sevincək idim. Görən məni gördümü, Ona əl də elədim...
|
QUZUMUN QOTAZI Quzumuzun boynunda, Ağ qotazı qoşadı. Elə zərif, qəşəngdir, Ağ muncuğa oxşadı. Bərk bitişib boynuna, Əl ilə yoxlanmır o. Bacımın muncuğu tək, Açılıb-bağlanmır o. |
YAĞIŞ KƏSƏR Yağış yağır, Hava təmiz, Göy açıq. Nənəm dedi: - Yağışdan tut Göyə çıx. İnandı bu Sözə Lalə. Nənəmə tez Dedi belə: - Heç yağışdan Tutub göyə Çıxmaq olar? Yağış kəsər Adam yarı Yolda qalar. |
ƏNCİR Ləzzətlə əncir yedim, İçi şirəylə dolu. Elə bil ki, ağacda Qalıb mürəbbə olub. |