Bir damla su
AYGÜN BÜNYADZADƏ
Bir damla su
apbalaca damla buludların arasından yerə boylandı:
- Ay aman, bu nə gözəllikdir?!
- Bu gözəlliyi də sənin kimi damlalar yaradıblar! - Bulud gülümsündü. - Siz olmasaydınız, hər yan qupquru quruyar, Yer üzündə bir canlı belə qalmazdı.
- Bəs okeanlar, dənizlər, çaylar, göllər?
- Onlar da damlalardan ibarətdir, balaca! Bəs eşitməmisən ki, deyirlər «Dama-dama göl olar»?
- Bəs mən özüm təkcə necə, xeyirxah bir iş görə bilmərəm?
- Tək? Yəqin ki, yox! Siz damlalar birlikdə güclü olursunuz.
Balaca damla buluda diqqətlə qulaq assa da, tamam başqa şey fikirləşirdi: «Buralarda onsuz da mənə ehtiyac yoxdur. Hər yer yamyaşıldır. Deyirlər, uzaqlarda səhralar var. Orada bir damla su belə qiymətlidir. Gedim oraları tapım!»
Heyrətini gizlədə bilmədi: Damla buludun içində səhranın üstünə gəldi. Aşağı boylandı:
- Ay aman, bura nə gündədir? Hər yan qupquru qumluqdur ki! Mən yazıq, balaca canımla bu boyda yerdə nə edə bilərəm? Qayıdım, dostlarımı da çağırım, birləşib, səhra adlanan bu yeri canlandıraq.
Geri qayıtmaq istəyirdi ki, bir neçə qarışqa diqqətini cəlb etdi. Susuzluqdan əldən düşmüş qarışqalar fikrə getmişdilər:
- Kaş ki, bir damcı suyumuz olsaydı... Özümüzə gələrdik! Sonra yolumuza davam edərik - deyə qarışqalardan biri dilləndi.
- Bu qupquru səhrada bunu ancaq yuxunda görə bilərsən! - o biri qarışqa ona cavab verdi. - Belə getsə, üçümüz də susuzluqdan öləcəyik!
- Anamız doğru deyirdi ki, yuvadan çox uzaqlaşmayın, yoxsa, yolu tapmayıb, susuz qalarsınız! - üçüncü qarışqa ağlamsındı.
- Demək yalnız bir damcı su! - balaca damla gülümsündü. - Axır ki, mən işə yaradım! - və o, buludun içindən sıçrayıb qarışqaların başına düşdü!
- Su! Su! - başdan ayağa islanmış qarışqalar sevinclə çığırdılar. - Su tapıldı!
- Özümüzə gəldik, indi evimizin yolunu axtarıb tapa bilərik! - birinci qarışqa xoşbəxt halda qardaşlarına baxdı. - Getdik, uşaqlar, yoxsa, yuvadakılar nigaran qalarlar. Az sonra yuvaya çatan bala qarışqalar sevinclə analarının qoynuna atıldılar:
- Ana! Anacan! Biz bir də icazəsiz yuvadan uzağa getməyəcəyik!
Balaca damla isə... Qarışqaların üst-başından sürüşüb, torpağa düşən kimi, qupquru torpaq acgözlüklə onu öz içinə çəkdi və damlanın yeni səyahəti başladı. «Bulud baba deyirdi ki, güc birlikdədir. Gedim yeraltı çaylardakı damla dostlarıma deyim, dünyanın bütün damlalarına çatdırsınlar ki, burada bizə çox böyük ehtiyac var». Damla balaca boyuna yaraşmayan ciddiliklə işə girişdi.
Susuzluqdan cadar-cadar səhra isə sevinirdi, onun yaşıllığa çevriləcəyi günə az qalmışdı.