Eyvaz Zeynalov (1950)
Yazıçı Eyvaz Zeynalov 1950-ci ildə Ağdam rayonunda anadan olub. O, 1973-cü ildə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirib.
1990-cı ildə E.Zeynalovun “Yazıçı” nəşriyyatında “Rəngsiz yuxu” (povest, hekayələr) adlı ilk kitabı çapdan çıxıb, 1999-cu ildə “Bahalı şokolad qutusu”, 2007-ci ildə “Qırmızı almalar” (uşaqlar üçün) kitabları, 2006-cı və 2009-cu illərdə “Qarabağ hekayələri” (təkmilləşdirilmiş, artırılmış iki nəşr), 2007-ci ildə “Hekayələr”, 2008-ci ildə “Qış günəşi” (povestlər, hekayələr) kitabları işıq üzü görüb.
2010-cu ildə yazıçının Tiflisdə iki dildə - azərbaycan və gürcü dilində “Uşaq hekayələri və nağıllar” adlı kitabı çap olunub. 2011-ci ildə isə Ankarada Türkiyə türkcəsində “Kara(b)ağlayan Hikayeler” kitabı işıq üzü görüb.
2007-ci ildə “Avropa Nəşr Mətbu Evi”nin keçirdiyi müsabiqədə “Ən yaxşı vətənpərvər yazıçı” Beynəlxalq Qızıl mükafatına layiq görülən Eyvaz Zeynalov, 2008-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq hekayə müsabiqəsinin qaliblərindən biri olub, 2010-cu ildə isəAzadlıq radiosunun “Ədəbi azadlıq” kiçik hekayə müsabiqəsində 1-ci yeri tutub.
Yazıçının əsərləri rus, türk, ingilis, gürcü, qırğız, türkmən, krımtatar, polyak və s. dillərə tərcüm edilib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Eyvaz Zeynalov hazırda “Yazı” ədəbiyyat dərgisinin baş redaktor müavini və eyniadlı saytın aparıcısıdır.