Əziz və hörmətli oxucular!
Uşaqlar üçün və uşaqlar haqqında məlumatlandırıcı Uşaq İnternet Portalına xoş gəlmişsiniz!
Portal “ELS” Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən 2011-ci il 15-sentyabr-15 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılmışdır.
Layihənin təməlini 2011-ci ilin yanvar ayından "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin ictimai əsaslarla həyata keçirdiyi “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” kampaniyası qoymuşdur. Kampaniya çərçivəsində ölkəmizdə uşaq və gənc nəslin mədəni-mənəvi və əxlaqi formalaşması üçün yaradılmış şəraitin öyrənilməsi, mövcud problemlərin aşkarlanaraq həlli yollarının araşdırılması və təkliflərin hazırlanması olmuşdur. Layihə çərçivəsində monitorinqlər, rəy sorğuları, iki Dəyirmi masa keçirilmiş, təkliflər paketi hazırlanmışdır. İşlənmiş təkliflər ölkə Prezidenti cənab İlham Əliyevə göndərilmişdir.
Portalın yaradılmasında məqsəd uşaqların cəmiyyətimizin hərtərəfli inkişaf etmiş bir üzvü kimi formalaşması üçün tələb olunan məlumat bazasının yaradılmasıdır. Burada həm uşaqlar üçün yaradılmış milli ədəbi və musiqi əsərləri, həm dünya şöhrətli korifeylərimizin yaratdığı əsərlər və ustadlarımızın əsrarəngiz ifaları, həm də dünya xalqlarının yaradıcılığının incilərinin toplanılması nəzərdə tutulmuşdur.
Eyni zamanda Portalın bazasına uşaqlarımızın bacarıqlarının inkişafı üçün yaradılmış imkanlara dair məlumatlar daxil edilmişdir. Hər bir valideyn yaşadığı rayonda, yəni evinə yaxın dövlət məktəbdənkənar təhsil mərkəzlərində musiqi, rəqs, idman, qiraət, rəssamlıq, ekoloji, turizm və diyarşünaslıq, məktəbə hazırlıq və digər dərnəklərdə övladının pulsuz məşğul olması üçün nəzərdə tutulan mərkəzlər barədə ətraflı məlumatlar əldə edə bilər.
Portalın bazasının yaradılmasında bir çoxlarının töhfəsi olmuşdur. Biz ilk növbədə bu layihəni dəstəkləyən və iş prosesində öz dəyərli tövsiyyələrini verən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi, Bakı şəhər Təhsil İdarəsinin məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil sektorları, Bakı Musiqi Akademiyası, Bakı Musiqi Kolleci, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarları İttifaqı, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, “Göyərçin” uşaq jurnalının əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk.
Layihənin ilk günlərindən öz dəyərli vaxtlarını bizdən əsirgəməyən ölkəmizin görkəmli xadimləri Oqtay Zülfüqarov, Oqtay Rəcəbov, Nazim Kazımov, Baba Vəziroğlu, Vahid Əziz, Faiq Sücəddinov, Ənvər Əbluça minnətdarlığımızı bildiririk. Eyni zamanda APU-nun “Musiqi alətləri” kafedrasının müdiri Minarə Dadaşova, “Bənövşə” uşaq xoru və rəqs ansamblının bədii rəhbəri Zülfiyyə İbrahimovanın töhfələrini də qeyd etmək istərdik.
Qeyd etməliyik ki, Portalın məlumat bazasının yaradılması ilkin mərhələdədir. Biz sizləri bu işdə yaxından iştirak etməyə dəvət edirik! Uşaqlar üçün yaradılmış milli mədəni irsimizin incilərinin Portalda tam əks olunması üçün sizlərin köməyinə ehtiyacımız var! Portala öz əsərlərinizi, uşaqlarınızın şeir və hekayələrini, rəsmlərini, mahnı və rəqs ifalarının yazılarını göndərə bilərsiniz. Təqdim eləcəyiniz kitablar, disklər, fotoşəkillər, audio- və videoyazıların surətləri çıxarılaraq özünüzə qaytarılacaq!
İstinad etməyi unutmamaq şərtilə istənilən şəxs
"Uşaq İnternet Portalı”nda yerləşdirilmiş materiallardan
istifadə etmək hüququna malikdir.