Səhifəni çap et
Şənbə, 28 Aprel 2012 16:22

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin yaranmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib

Beynelxalq Inovasiya_merkezinin_yubileyiAprelin 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin yaranmasının 10-cu ildönümü münasibətilə yubiley tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə Mərkəzin rəhbərliyi, müəllimləri, burada təhsil alan şagirdlər və onların valideynləri, mərkəzin məzunları, Təhsil Nazirliyinin, müxtəlif ali məktəblərin nümayəndələri iştirak edib.

Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov Mərkəzin kollektivini təbrik edib və nazir Misir Mərdanovun 28 aprel 2012-ci il tarixli sərəncamını oxuyub. Sərəncama əsasən, Mərkəzin bir qrup müəllimi fəxri fərman və qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif olunublar. Təltif edilənlər arasında Mərkəzin direktoru Vəfa Məmmədova da var. Daha sonra Mərkəzdə təhsil alan şagirdlər müxtəlif mahnılar səsləndirib, rəqslər ediblər. Tədbirdə Mərkəzin 10 illiyi münasibətilə hazırlanmış film və süjetlər də nümayiş etdirilib.

Qeyd edək ki, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində 15-ə yaxın ixtisaslaşdırılmış kurs və dərnək fəaliyyətdədir. 2003-cü ildən etibarən tədris prosesində Moskva şəhərinin Lomonosov məktəbinin elmi rəhbəri və təsisçisi M. Ziganovun müəllifi olduğu “İntellekt” təhsil texnologiyası tətbiq edilib. Şagirdlər Beynəlxalq “İntellekt” Olimpiadasının iştirakçılarıdırlar. 2008-ci ildə XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Beynəlxalq Kembric ibtidai təhsil “CİPP” proqramının keçirilməsi haqqında lisenziya və orta təhsil üzrə Beynəlxalq “İGCSE” ümumi sertifikatını alıb. Mərkəz Kembric Beynəlxalq Mərkəzi AZ004 kodu altında fəaliyyət göstərir. 2010–cu ildən isə Beynəlxalq “TOEFL İBT” imtahan mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə həftədə bir dəfə sınaq imtahanları da keçirilir. XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin daxilində “Pre-TOEFL” ingilis dilinin təkmilləşdirilməsi üzrə kurslar var.

Gələcəkdə təhsilini xaricdə davam etdirmək istəyən 10–11-ci sinif şagirdləri üçün ingilis dilində Beynəlxalq Bakalavriat Diplom Proqramı (“İBDP”) fəaliyyət göstərir.

Oxunub 2386 dəfə