Səhifəni çap et
Bazar ertəsi, 30 Sentyabr 2019 17:57

Paytaxt oxucuları üçün yeni kitab ünvanı

3b9dd770-4a2f-4b9a-8861-c55161a76ee5Sentyabrın 27-də Bakının Yasamal rayonu ərazisində "Azərkitab" kitab mərkəzinin açılış mərasimi keçirildi. Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatları, elm, ədəbiyyat, mədəniyyət xadimləri, yazıçılar və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan layihənin ideya müəllifi Sabir Həsənov yeni kitab mərkəzinin fəaliyyəti haqqında məlumat verdi. Qeyd etdi ki, bu layihənin reallaşdırılmasında məqsəd kitabla, əvvəllər olduğu kimi, ünsiyyəti möhkəmləndirməkdir.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev yeni bir kitab məkanının açılması ilə bağlı paytaxtın mütaliə həvəskarlarını təbrik etdi. Bildirdi ki, son illər ölkəmizdə kitaba maraq xeyli artıb. Paytaxtımızda yeni kitab satışı ünvanlarının yaradılması bunun əsas göstəricilərindəndir.

Nazir həmçinin ölkəmizin bütün kitabxanalarına latın qrafikasında yeni nəşrlərin verildiyini dedi. Bu istiqamətdə atılan addımların davamlı olacağını bildirdi.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində maraqlı təqdimatların, tədbirlərin, görüşlərin keçiriləcəyini diqqətə çatdıran Əbülfəs Qarayev bütün bunların da öz növbəsində kitaba marağın artırılması töhfə olacağını vurğuladı.

Qeyd edək ki, üç mərtəbədən ibarət olan kitab mağazasında müxtəlif yaşda oxucular üçün rəngarəng mövzularda ədəbiyyatlar əldə etmək mümkündür.

Oxunub 1350 dəfə