Səhifəni çap et
Çərşənbə, 16 Aprel 2014 10:10

Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumuna hazırlıq prosesi başlayıb

Ushaqlar-kitabxanaAilə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu üçün hazırlıq prosesinə başlayıb. Komitədən APA-ya verilən məlumatlara görə, cari ilin oktyabr ayında Azərbaycan Uşaqlarının III Forumunun keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar ölkə üzrə bütün şəhər və rayonların hər biri üzrə Forumda iştirak edəcək uşaqların seçilməsi məqsədilə Komitə tərəfindən regional görüşlər keçirilir.

 

Hər bir rayon və şəhər üzrə öz fəallığı və intellektual səviyyəsi ilə seçilən, fikirlərini sərbəst şəkildə ifadə edə bilən uşaqlar seçilərək forumda iştirak hüququ əldə edəcəklər. Foruma uşaqların seçimi ilə əlaqədar artıq Bakı şəhərinin rayonlarından (Səbail, Nərimanov, Qaradağ, Nizami, Yasamal, Pirallahı, Xətai, Xəzər, Nəsimi, Sabunçu, Suraxanı, Binəqədi), Sumqayıt, Gəncə və Naftalan şəhərlərindən, Qobustan, Qubadlı,  Şuşa, Zəngilan, Cəbrayıl, Laçın, Füzuli rayonlarından və Şəmkir rayonunda Kəlbəcər, Samux, Tovuz, Qazax, Gədəbəy, Daşkəsən, Ağstafa, Göygöl, Naftalan, Xocalı, Goranboy rayonlarının uşaqları ilə  regional görüşlər keçirilib. Eyni zamanda regional görüşlərin keçirilməsi davam edir.

Qeyd edək ki, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən 2009-cu ildə Azərbaycan Uşaqlarının I və 2011-ci ildə Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumu keçirilib. Forumlar ölkə üzrə bütün şəhər və rayonları təmsil edən uşaqların iştirakı ilə keçirilmişdir. Ötən müddət ərzində Forumlarda iştirak edən uşaqlar tərəfindən səsləndirilən bütün təkliflər hökumət tərəfindən hazırlanan müxtəlif  proqramlarda öz əksini tapmışdır.

Oxunub 1633 dəfə