Təhsil Nazirliyi bu il Azərbaycanda şagirdlərin I sinfə qəbul qaydalarında ediləcək dəyişiklərlə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib. A. Əhmədov qeyd edib ki, cari il istər vaxtından əvvəl I sinfə qəbulda, istərsə də I siniflərə kütləvi qəbulda hansısa dəyişiklik yoxdur. Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiq etdiyi “Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi”nə əsasən hər il sentyabrın 15-dək 6 yaşı tamam olan uşaqlar I sinfə qəbul olunur. “Təhsil haqqında” qanunda, eyni zamanda həmin nizamnaməyə əsasən xüsusi istedadı ilə fərqlənən, lakin məktəb yaşı qeyd olunan müddətədək tamam olmayan uşaqlar da xüsusi formada I sinfə qəbul oluna bilər: “6 yaşı müəyyən olunmuş vaxta qədər tamam olmayan istedadlı uşaqların I sinfə qəbulu haqqında təhsil nazirinin əmri ilə təsdiqlənmiş qaydalar var. Sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olacaq və özlərinin təfəkkür tərzi ilə fərqlənən istedadlı uşaqlar yalnız müvafiq komissiyadan keçdikdən sonra onların I sinfə qəbuluna ya icazə verilir, ya da icazə verilmir. Qaydalara görə, təhsil şöbələrinin nəzdində yaradılan komissiyalar vasitəsilə onlar yoxlanılır və müvafiq qərar qəbul olunur. Ötən il Bakı şəhərində 5 belə xüsusi komissiya yaradılmışdı və uşaqlar müəyyən olunan qrafik əsasında gələrək öz bacarıqlarını nümayiş etdirirdi. Bunun nəticəsində onlara qəbul olunmaları haqqında sertifikat verilir. Qəbul olunmayanlara isə bunun səbəbləri izah olunur”.
Altı yaşının tamam olmasına bir neçə gün qalan uşaqlara xüsusi güzəştlərin verilməsinə gəlincə, Aydın Əhmədov deyib ki, 1-2 gün fərq olan uşaqlar üçün hansısa güzəştlər nəzərdə tutulsa, digər valideynlərdə narazılıq yarana bilər. Şöbə müdiri bildirib ki, qanun müəyyən məhdudiyyət qoyur və onun pozulmasına yol verilmir.