Qeyd olunub ki, ötən ilin may ayında baş verən zəlzələ nəticəsində Qax rayonunda olan 56 məktəbdən 11-i qəzalı vəziyyətə düşüb. Onlardan 10-u artıq tikilib təhvil verilib. Qalan 1 məktəbdə aparılan tikinti yekunlaşmaq üzrədir.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ötən il may ayında baş verən zəlzələdən sonra prezident İlham Əliyevin şimal-qərb bölgəsinə səfər etdiyini, zəlzələnin fəsadların dərhal aradan qaldırılması üçün zəruri tapşırıq və göstərişlər verdiyini xatırladıb. Zəlzələnin təbiət hadisəsi olduğunu qeyd edən nazir fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasında dövlət qurumları ilə birgə yerli camaatın da böyük əzmkarlıq nümayiş etdirdiyini deyib.
Nazir çıxışında orta məktəbdə təhsil alacaq şagirdlərə uğurlar arzulayıb.
Qeyd edək ki, bu il aprelin 1-nə olan statistikaya görə, Azərbaycanın zəlzələ baş vermiş şimal-qərb bölgəsindəki üç rayonda 3177 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb, 1915 evin isə tikintisi davam etdirilir.
Bu günə qədər 26 məktəb binası, 1 uşaq bağçası istifadəyə verilib. Qısa müddətdə Zaqatalada daha 8, Qaxda 1, Şəki şəhərində 1 məktəb binasının tikilib istifadəyə verilməsi planlaşdırılır.
Bu il aprelin 1-nə qədər zəlzələdən ziyan çəkmiş əhaliyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq 17 milyon 734 min manаt yardım ödənilib.