Səhifəni çap et
Cümə axşamı, 13 İyun 2019 20:37

Yubiley tədbirləri davam edir

Oqtay Zulfuqarov

Oqtay Zülfüqarov-90

Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun 90 illik yubileyi münasibətilə silsilə tədbirlər davam edir. İyunun 11-də Şövkət Ələkbərova adına 20 saylı İncəsənət Məktəbində bəstəkarın əsərlərindən ibarət növbəti konsert keçirilib. Maraqlı çıxışlar, rəngarəng ifalar.

Oqtay müəllimin mahnıları ilə böyüyən və yaradıcılığını yüksək qiymətləndirən natiqlər bəstəkarın həyatda sadə, gülərüz və xeyirxah, işində tələbkar, məsuliyyətli və peşəkar olduğunu dedilər, xatirələrlə bölüşdülər.

Bəstəkarın ailə üzvlərinin iştirakı ilə keçən tədbirdə məktəbin şagirdləri onun fortepiano üçün yazılmış uşaq pyeslərini ifa ediblər. Bayram abu-havasında keçən konsert bəstəkarın sağlığında təşkil etdiyi görüşləri xatırladırdı.

Tədbirin sonunda məktəbin direktoru, əməkdar mədəniyyət işçisi Sevda Məmmədova hələ bəstəkarın sağlığında burada onun yubileylərinin keçirilməsindən, Oqtay müəllimlə gənc musiqiçilərin maraqlı və səmərəli görüşlərindən danışıb.

Qeyd edək ki, mayın 31-də bəstəkarın doğum günündə Azərbaycan Dövlət Akademik Filarmoniyasında simfonik, instrumental və kamera əsərlərindən ibarət  yubiley gecəsi, iyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində ELS Müstəqil Araşdırmalar Mərkəzi  Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət “Şənlən, mənim xalqım” adlı qala-konsert, iyunun 10-da isə Azərbaycan Bəstəkarlar İttifaqında müxtəlif illərdə yazdığı kamera əsərlərindən ibarət konsert keçirilmişdir.

Oxunub 160 dəfə