Səhifəni çap et
Çərşənbə axşamı, 04 İyun 2019 22:35

“Şənlən, mənim xalqım!” adlı qala-konsert anşlaqla keçdi

esas 04.06.2019

Bəstəkar Oqtay Zülfüqarovun 90 illiyi qeyd olundu

İyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ELS Müstəqil Araşdırmalar Mərkəzinin Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət “Şənlən, mənim xalqım” adlı təşkil etdiyi qala-konsert anşlaqla keçdi, musiqi və mədəniyyət bayramı hər kəsə unudulmaz musiqi və bol əyləncə yaşatmış oldu..

ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bəstəkar, rəssam, şair, heykəltəraş, yazıçı, müəllim, rejissor, bir sözlə, yaradıcı insan olan Oqtay Zülfüqarovun geniş və çoxşahəli fəaliyyətini qeyd etdi. Onun sözlərinə görə, ömrünü musiqiyə həsr edən bəstəkar gözəl, dolğun bir həyat yaşayıb, varlığı ilə ətrafa işıq, sevgi, mərhəmət saçıb.   

FOTOQALEREYA

“Oqtay müəllim bizim uşaqlığımız, gəncliyimiz, bugünümüz və tam əminliklə deyə bilərəm ki, sabahımızdır. Bu gün bir daha onu yad etmək, neçə-neçə nəslin dillər əzbəri olmuş mahnıları dinləmək üçün burdayıq. Biz bu layihəni gerçəkləşdirməklə, Oqtay müəllimin əziz xatirəsini yad etmək və təkrarolunmaz əsərlərini bir daha gündəmə gətirib onlara yeni nəfəs vermək istədik” – deyə İ.Yaqubova gecəni açdı.

Qala-konsertin iştirakçıları olan 2 və 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzləri, Respublika İncəsənət Gimnaziyasının mahnı və rəqs kollektivlərin rəngarənq və maraqlı çıxışları tamaşaçılara əsl bayram ab-havası yaşatdı.

Bəstəkarın dillər əzbəri olan “Yaz gəlir”, “Maşınımı sürürəm”, “Qucağında nənə, sən”, “Lavaş”, “İdman”, “Futbolçular”, “Sərçə”, “Can nənə”, “Qonaqlıq”, “Nağara”, “Göy Xəzər”, “Gözəl Bakı”, “Bayraq”, “Gözəl Vətən”, “Ad günü”, “Haralısan deməyin” və digər mahnıları yeni aranjemanda səsləndi. Sonda isə qala-konsertin bütün iştirakçıları bəstəkarın “Musiqi bayramı” mahnısını birgə ifa etdilər.

Sonda İ.Yaqubova gecənin ərsiyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirdi, diplomlar təqdim etdi. Oqtay Zülfqarovun qızı, həmçinin konsertin rejissoru Leyla Zülfüqarova belə bir ideyanı həyata keçirən ELS Müstəqil Araşdırmalar Mərkəzinin kollektivinə ailə adından təşəkkürünü bildirdi.

Qala-konsertdə rəsmi dövlət qurumlarının təmsilçiləri, tanınmış incəsənət xadimləri, bəstəkarın ailə üzvləri, ictimai təşkilatlar, mətbuat nümayəndələri və nəhayət O.Zülfüqarovun ən balaca və sevimli tamaşaçıları iştirak edirdi.

Qeyd edək ki, qala-konsert ELS Müstəqil Araşdırmalar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində təşkil olunmuşdur.

Oxunub 170 dəfə