Səhifəni çap et
Çərşənbə axşamı, 04 İyun 2019 22:25

Oqtay Zülfüqarovun anadan olmasının 90 illik yubileyi münasibətilə konsert keçirilib

esas azertac“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində iyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət “Şənlən, mənim xalqım” adlı qala-konsert təşkil edib.

AZƏRTAC xəbər verir ki, qala-konsertdə 2 və 3 saylı Uşaq-Gənclər İnkişaf mərkəzlərinin, Respublika İncəsənət Gimnaziyasının mahnı və rəqs kollektivləri iştirak ediblər.

Oqtay Zülfüqarovun 90 illiyi ilə bağlı keçirilən konsertdə bəstəkarın sevilən uşaq mahnıları yeni aranjemanda təqdim olunub.

Tədbirdə çıxış edən “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin rəhbəri İradə Yaqubova bildirib: “Artıq iki ildir ki, Oqtay müəllim bizim aramızda deyil. Ancaq onun dəyərli nəsihətlərinə ehtiyacımız var. Oqtay Zülfüqarov uşaqlığımz, gəncliyimiz, bu günümüz və sabahımızdır”.

O, konsertin təşkilində O.Zülfüqarovun ailə üzvlərinin də yaxından iştirak etdiklərini vurğulayıb.

Oqtay Zülfüqarov yaradıcılığında əsas yeri uşaq mahnıları tutur. Onun “Telefon”, “Qatar”, “Ovçu”, “Kim sevirsə idmanı?”, “Lavaş”, “Sərçə”, “Can nənə” və başqa mahnıları bir çox nəsillər tərəfindən sevilir və bu gün də aktuallığını itirməyib. Bəstəkar Azərbaycan musiqi mədəniyyəti tarixində mühüm yer tutan iki simfoniya, violonçel, fleyta və simfonik orkestr üçün konsertlər, “Şənlən, mənim xalqım” uvertürası, “Pişik və sərçə” opera-nağılı, “Sehrli alma” uşaq baleti, simli kvartet, fortepiano triosu, mahnı və romansların müəllifidir.

“Şənlən, mənim xalqım!” adlı qala-konsert anşlaqla keçdi

Oxunub 153 dəfə