Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« April 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə, 14 Dekabr 2011 17:10

ÇAR SALTAN NAĞILI

Aleksandr Puşkin

ÇAR SALTAN NAĞILI

(Tərcümə edəni Mirmehdi Seyidzadə)

Pəncərə qabağında

Gecənin bir çağında,

Üç qız ip əyirirkən

Biri söylədi ki, mən

Çariça olsam çara

Bütün xaç taxanlara

Bir qonaqlıq verərəm,

Yeyib kef çəkər aləm.

İkinci dedi: Qızlar!

Alsa məni hökmdar,

Toxuyaram bir kətan

Geyinər bütün cahan.

Kiçik qız söylədi: Çar,

Məni alsa, bacılar,

Doğaram igid oğlan,

Qüdrətli bir pəhləvan.

Qız sözünü bitirdi,

Çar Saltan evə girdi.

Qızlar danışan zaman

Dinləyirmiş arxadan.

Çox bəyəndi son sözü

Xoşlayıb kiçik qızı,

Salamlayıb dedi: gəl,

Arvadım ol, ay gözəl.

Bitincə sentyabr,

Doğarsan mənimçin bir

Adlı-sanlı qəhrəman,

Qüvvətli, igid oğlan.

Bacılara dedi çar,

Sizə də iş tapılar.

Sən toxucu ol bacı,

Sən də mətbəxdə aşçı.

Qızlar çarla bərabər

Sarayına gəldilər.

Düşünüb daşınmadan

Toyunu etdi Saltan.

Yanında gözəl nigar

Oturdu məclisdə çar.

Gecə keçdi yarıdan

Hamı getdi saraydan.

Saltanla sevdiyi qız

Sarayda qalıb yalqız,

Yatdılar sədəf taxtda.

Aşçı bacı mətbəxdə

Hirslənib, acıqlandı.

Toxucu bacı yandı.

Kəsib dəzgah başını,

Axıtdı göz yaşını.

Kiçik bacını Saltan

Almışdı, paxıllıqdan

Bacılar düşüb dərdə

Ovunmurdu heç yerdə.

Çarın gözəl arvadı

Vədini unutmadı.

Hamilə oldu gecə.

Qəlbi batdı sevincə.

Dava vardı о zaman,

Arvadıyla çar Saltan

Vidalaşıb görüşdü,

Atlanıb yola düşdü.

Düşmənlərlə savaşa.

Vədə gəlincə başa

Çariça oğlan doğdu.

Bir arşın idi boyu.

Ana öz balasını,

Gözünün qarasını

Qartal tək qoruyurdu.

O, çapara buyurdu:

Ala tez məktub apar!

Xəbərdən sevinsin çar.

Toxucu ilə aşçı

Bir də fıtnəyə başçı

Babarixa şər qarı

Qaytardılar çaparı.

Dəyişdirib xəbəri,

Yazdılar bu sözləri:

Çariça doğub gecə.

Anlamırıq ki, necə

Nə sifətdə heyvandır,

Uşaq qızdır, oğlandır,

Siçandır, qurbağadır.

Çox əcaib çağadır.

Məktubu verdi çapar

İşi bilən kimi çar

Qəlbi qaynadı kindən.

Çaparı qəzəbindən

Əvvəl asmaq istədi.

Sonra yumşalıb dedi:

Tez bu əmrimi apar,

Gözləsinlər əyanlar

Gəlim düzgün rəy verim.

Qanun ilə iş görüm.

Çapar yola düzəldi,

Birbaş saraya gəldi.

Toxucu ilə aşçı

Bir də fıtnəyə başçı

Hiyləgər elçi qarı

Bərk içirdib çaparı.

Xurcununa atıb əl,

Əmri alıb əlbəəl

Yazdılar başqa fərman.

Ayılıb sərxoşluqdan

Yollanıb xumar-xumar

Fərmanı verdi çapar.

Oxuyub neçə boyar

Gördülər əmr edir çar.

Bircə an yubanmadan,

Uşaqla xanım sultan

Atılsınlar dənizə.

Əmrim belədir sizə.

Boyarlar məəttəl qaldı

Hamını qayğı aldı.

Yazıq xanım sultançın,

Adlı-sanlı Saltançın.

Qalxıb yola düzəldi

Boyarlar qəsrə gəldi.

Oxundu qorxunc fərman.

Çariça ilə oğlan

Qoyuldu bir çəlləyə

Çar əmr etmişdir deyə.

Oğulla yazıq ana

Atıldı okeana.

Göydə ulduzlar yanır,

Göy dəniz dalğalanır.

Göydə buludlar süzür,

Dənizdə çəllək üzür.

Çəlləkdə xanım sultan

Ağlayır çox pərişan.

Gündə deyil, anbaan

Boy atır orda oğlan.

Gün keçir ana yenə

Son vemir naləsinə.

Qışqırır birdən ancaq

Dalğaya deyir uşaq:

Dalğam, ay qıvraq dalğam!

Ay mənim oynaq dalğam!

Dolanırsan hər yanı,

Gəzirsən okeanı,

Yonursan sivri daşı,

Dağ durmaz sənə qarşı.

Qüdrətinlə çox asan

Gəmilər qaldırırsan.

Qoyma məhv olaq belə.

Çıxar bizi sahilə.

Dalğalar sözə baxdı,

Sahilə tərəf axdı.

Həmin çəlləyi birbaş

Gətirdi yavaş-yavaş

Qumsallı sahillərə

Atdı geniş bir yerə.

Ana oğul şad oldu,

Qüssədən azad oldu.

Dedilər: - Bir iş də var

Çəlləkdən kim çıxarar

Bizi, düşündü oğlan:

Mən bu taxta çəlləkdən

Aça bilsəm pəncərə

Baxarıq biz hər yerə.

Oğlan qalxdı ayağa

Gücünü sınamağa.

Bir təkan verən kimi

Sındı çəlləyin dibi...

Onlar sahili gəzdi

Göz baxdıqca dənizdi.

Тәк bir palıd ağacı

Bəzəyirdi yamacı.

Şahzadə dedi, gərək

Yeməkçin fikirləşək.

Göy palıd ağacından

Bir budaq kəsib oğlan

Hazırladı ox, kaman.

Xaçın ipək bağından

Kamançın ip düzəltdi,

Sahildə ova getdi.

Dənizə yanaşırkən,

İnilti duydu birdən.

Bildi deyil əngəlsiz

Coşub gurlayan dəniz.

Gördü köpüklənir su

Çırpınır suda bir qu,

Üstünə bir çalağan

Hücum çəkir, qorxudan

Qu quşu qanad çalır.

Gah qalxır, gah ucalır.

Çalağan açdı caynaq

Quya sarı uçaraq.

Şahzadə aldı nişan.

Vıyıldadı kamandan

Ox dəydi çalağana.

Buladı onu qana.

Kamanını buraxdı.

Tez çalağana baxdı,

Gördü şahzadə oğlan

Çırpınanda çalağan

Tutur göyü naləsi.

Bu səs deyil quş səsi.

Yanındaca qu durur

Dimdiklə onu vurur,

Ölüm anı tez çatsın,

Çalağan suya batsın.

Qu quşu gəlib dilə

Rus dilində sevinclə

Dedi: - Ey şahzadə, sən

Məni azad etmisən.

Gedibsə oxun hədər

Sıxmasın səni kədər.

Üç gün ac qalsan əgər,

Keçinərsən bir təhər.

Onu da söyləyim bax,

Çoxlu xeyir çatacaq –

Məndən sənə hər zaman.

Öldürdüyün çalağan

Deyil, vurmusan cadu

Mən qızam deyiləm qu.

Bu yaxşılıq yadımdan

Heç zaman çıxmaz inan.

Taparsan hər an məni.

Get уat, unut qüssəni.

Dalğaları qu aşdı,

Sahildən uzaqlaşdı.

Ana oğul bir əlac –

Tapmayıb yatdılar ac.

Şəfəq sökəndə, oğlan

Oyandı yuxusundan.

Ətrafa salıb nəzər

Gördü böyük bir şəhər.

Oğlanı heyrət aldı

Donub yerində qaldı.

Şəhərin ağ hasarı

Baş çəkib göyə sarı,

Qızıldı kilsələri

Bəzəyib bu şəhəri.

Oğları dedi: - Ana, qalx!

Ana göstərib maraq

Söylədi: yuxudur bu?

Oğlan dedi:   Yəqin qu

Bu cəlalı düzəldir.

Ana və oğul gedir

Görsün gözəl şəhəri.

Keçən kimi çəpəri

Zəng səsləri hər yerdən

Ucalır göyə birdən.

Axıb çox insan gəlir

Bir mərasim düzəlir.

Əvvəl oxunur dua.

Dəbdəbə ilə sonra,

Əzəmətli saraydan

Gəlir bir dəstə əyan.

Oğlana deyirlər sən

Şəhərin hakimisən.

Knyaz edirik səni.

Qəbul et vəzifəni.

İzn alıb anasından

Elə həmin gün oğlan

Kefi kök, damağı saz

Adlanır Qvidon knyaz.

Gülür oğlanın baxtı

Olur gözəl paytaxtı.

Dənizdə külək gəzir,

Suda bir gəmi üzür,

Açıb dənizdə yelkən...

Gəmi əhlini birdən

Alır çox böyük heyrət.

Tanış adaya diqqət

Yetirincə görürlər

Salınıb təzə şəhər,

Şəhərin var limanı,

Səfalıdır hər yanı!

Deyirlər, nə cəlaldır

Bu yuxudur, xəyaldır.

Toplar səslənir gur-gur.

Əmr edir gəmiyə dur!

Alan kimi bu əmri,

Körpüyə gəlir gəmi.

Göstərib çox ehtiram,

Gəmi əhlini tamam

Saraya çağıraraq

Knyaz eyləyir qonaq.

Qonaqlar yeyir, içir.

Məclis çox gözəl keçir.

Knyaz deyir: qonaqlar!

Sizə bir sualım var,

Nə alveri edirsiz?

Haradır səfəriniz?

Söyləyir sövdəgərlər:

Gəzmişik bir çox yerlər.

Üzmüşük okeanda,

Olmuşuq biz hər yanda.

Xəz alveri etdik biz.

Qurtardı alverimiz.

Keçib indi Buyandan

Şərqə gedirik ondan.

Saltandır Buyanda çar.

Knyaz deyir: ağalar!

Yaxşı yol, okeanı

Keçib, siz çar Saltanı

Görəndə ona hökmən

Salam söyləyin məndən.

Yollanır sövdəgərlər.

Gözlərində qəm, kədər

Dalır dərin duyğuya

Qvidon baxır suya.

Üzə-üzə bu zaman

Qu çıxır dalğalardan.

Söyləyir: salam knyaz!

Neçin kefin deyil saz?

Tutqun günəş kimisən,

Aç dərdini bilim mən.

Kədərlə knyaz deyir,

Ürəyimi qəm yeyir.

Atamı görsəm əgər,

Qəlbimi sıxmaz kədər.

Qu söyləyir, dostum sən

Buna görə qəmlisən?

İstəyirsən dənizlə

Gedən gəmini izlə.

Ol kiçik ağcaqanad.

Uç həmin gəmiyə çat.

Qanad çırpdı suya qu.

Çalxalandı mavi su.

Bir anda ləpələndi,

Knyaza səpələndi.

Oldu bir ağcaqanad,

Qvidon açdı qanad.

Uçub gəmiyə çatdı.

Bir sığıncaqda yatdı.

Külək əsir çox oynaq,

Bir gəmi üzür qıvraq.

О Buyan adasından

Keçib gedir, çar Saltan

Hakim olan diyara.

Gözə çarpır bu ara

Uzaqdan böyük şəhər.

Sahilə sövdəgərlər

Gəlib yetişən zaman.

Qonaq aparır Saltan

Onları sarayına

Qoçaq ağcaqanad da

Qanadlanır yüksəlir,

Birbaş saraya gəlir.

Görür bəzənib hər yan.

Zər paltar geyib Saltan,

Qızıl taxt üzərində

Əyləşib, gözlərində

Onun bir məhzunluq var.

Yanındadır bacılar.

Toxucu ilə aşçı,

Hər cür fitnəyə başçı

Elçi Babarixa da

Əyləşib yuxarıda,

Göz zilləyib üzünə

Baxır çarın gözünə.

Əyləşincə qonaqlar

Mərhəmətlə deyir çar:

Dənizdən о tayda siz.

Nə görüb, nə bildiniz?

Söyləyir sövdəgərlər:

Gəzmişik biz çox yerlər

Gəzib neçə dəryanı,

Dolanmışıq dünyanı.

Xoş keçdi günlərimiz,

Bir möcüzə gördük biz.

Bir zamanlar dəryada

Görünürdü boş ada.

Vardı kiçik yamacı,

Tək bir palıd ağacı

Vardı о cansız yerdə.

Keçmiş insansız yerdə

İndi salınıb şəhər.

Vardır orda kilsələr,

Saraylar, yaşıl bağlar.

О şəhərdə hökmdar

Olub Qvidon knyaz.

Elə gözəl yer olmaz.

Qvidon dönə-dönə

Salam göndərdi sənə.

Çar söyləyir heyrətlə,

Möcüzələr var belə?

Sağlıq olsa biz gərək

О gözəl yeri görək.

Toxucu ilə aşçı

Elçi, fitnəyə başçı

Babarixa şər qarı

Getməyə qoymur çarı.

Əvvəlcə göz eyləyir

Sonra aşçı söyləyir:

Ada olubsa şəhər

Təəccüblüdür məgər?

Heyrətlidir bax bu iş:

Meşədə bir şam bitmiş,

Şam altında bir dələ

Fındıq qırır sevinclə.

Sadə deyil fındıqlar

Qızıldan qabığı var,

Zümrüddür ləpələri,

Şövqü tutur hər yeri.

Çar buna qalır heyran...

Ağcaqanad acıqdan

Xalaya tərəf gəlir.

Gözünü sancıb dəlir.

Aşçı qadın saralır

Qəlbinı qorxu alır.

Gözü olur qıyqacı.

Qaravaş, nökər, bacı,

Babarixa şər qarı,

Saltanın adamları

Deyir yaramaz!Gərək

Biz səni tutub əzək.

İşi görəndə belə.

Ağcaqanad sürətlə

Havada qanad açır

Yurduna tərəf qaçır.

Sahildə knyaz yenə

Baxır mavi rənginə

Suların. Ləpələrdən

Üzüb Qu çıxır birdən.

Söyləyir: salam knyaz!

Nədən kefın deyil saz?

Əzizim nə var yenə,

Dönmüsən tutqun günə.

Kədərlə knyaz deyir:

Ürəyimi qəm ypyir.

Bəlli deyil hayanda

Deyirlər, bir ormanda

Şam altında bir dələ

Oxuyur çox sevinclə.

Gözəl mahnı söyləyir.

Fındıq sındırıb yeyir.

Sadə deyil fındıqlar

Qızıldan qabığı var.

Zümrüddür ləpələri

Şövqü tutub hər yeri.

Bəlkə də yalandır bu.

Knyaza söyləyir qu:

Yalan deyil var elə

Qəribə gözəl dələ.

Uzaq ol dərddən, qəmdən.

Əzizim, dostumsan sən

Sənə edərəm xidmət.

Dələ tapılar əlbət.

Çox sevinə-sevinə

Knyaz dönür evinə.

Girir geniş həyətə

Düşür böyük heyrətə

Görür şam altmda bir

Dələ zəncirlənibdir.

Qəsrin yaşıl bağmda

Hamının qabağında

Çox şadlıqla sevinclə

Nəğmə oxuyur dələ.

Qızıl fındıq sındırır

Fındıqdan zümrüd çıxır.

Knyaz deyir: Qu sağ ol!

Dərddən, qəmdən uzaq ol.

Kefımi elədin saz.

Sonra dələyçin knyaz

Ev tikdirdi billurdan

О gündən bəri hər an

Knyazın hesabdarı

Sayırdı fındıqları.

Knyaz sərvətli oldu,

Dələ hörmətli oldu.

Dənizdə külək gəzir,

Yelkənli gəmi üzür.

Yarır ağ dalğaları,

Çox qıvraq dalğaları.

Dik adaya şəhərə

Çatanda, birdən-birə

Toplar səslənir gur-gur.

Əmr edir gəmiyə dur.

Alan kimi bu əmri

Körpüyə gəlir gəmi.

Knyaz edib ehtiram

Gəmi əhlini tamam

Saraya çağıraraq

Evində edir qonaq.

Qonaqlar yeyib, içir,

Məclis çox gözəl keçir.

Knyaz deyir: ağalar,

Sizə bir sualım var.

Nə idi alveriniz?

Haradır səfəriniz?

Söyləyir sövdəgərlər:

Gəzmişik uzaq yerlər.

Qurtarıb alverimiz

Don atı satırdıq biz.

Keçib indi Buyandan

Birbaş gedirik ordan,

Okeanla, biz yenə

Saltanın ölkəsinə.

Knyaz deyir: ağalar,

Gedin, olun bəxtiyar.

Siz keçib okeanı

Görəndə çar Saltanı,

Unutmayın ha, hökmən

Salam söyləyin məndən.

Baş endirib görüşdü,

Qonaqlar yola düşdü.

Knyaz sahilə gəldi

Kefı yaman kökəldi.

Gördü üzür yenə Qu

Dalğalanır mavi su.

Yalvardı knyaz ona

Su səpdi Qvidona

Bir anda dəyişərək

Knyaz oldu bir milçək.

Uçub gəmiyə çatdı

Bir sığmcaqda yatdı.

Külək əsir çox oynaq.

Bir gəmi üzür qıvraq.

О Buyan adasından

Keçir gedir çar Saltan

Hakim оlan diyara.

Gözə çarpır bu ara

Uzaqdan böyük şəhər.

Sahilə sövdəgərlər

Gəlib yetişən zaman

Qonaq aparır Saltan,

Onları, qoçaq milçək

Tərpənir yaman zirək.

Qanadlanır, yüksəlir,

Birbaş saraya gəlir.

Görür bəzənib hər yan.

Zər paltar geyib Saltan

Qızıl taxt üzərində

Əyləşib, gözlərində

Onun bir məhzunluq var.

Yanındadır bacılar.

Toxucu, çəpgöz aşçı

Elçi fıtnəyə başçı

Babarixa qarı da

Əyləşib yuxarıda.

Baxır kinlə, hiddətlə.

Qonaqları hörmətlə

Əyləşdirib deyir, çar:

Söyləyin, ay ağalar!

Maraqlı xəbər-ətər

Nə var, gəzən çox bilər.

Dənizdən о tayda siz

Nə görüb, nə bildiniz?

Söyləyir sövdəgərlər:

Biz gəzdik bir çox yerlər.

Keçdik neçə dəryanı

Dolandıq bu dünyanı.

Xoş keçdi günlərimiz,

Bir möcüzə gördük biz.

О da budur, dəryada:

Vardır gözəl bir ada.

Adada var bir şəhər.

Şəhərdə yüksək evlər

Qızıl kilsə, bağçalar.

Bir şam ağacı da var

О şəhərin bağında,

Sarayın qabağında.

Billur evdə bir dələ

Vardır, öyrənib ələ

Nəğmə deyir sevinclə

Fındıq sındırır dələ.

Sadə deyil fındıqlar

Qızıldan qabığı var.

Zümrüddür ləpələri

Şövqü tutub hər yeri.

Dələyə neçə nökər

Göz qoyur, mühasiblər

Tökülən pulu sayır.

Sonra aləmə yayır.

Parlayan zümrüdlər də

Saxlanır möhkəm yerdə.

Həmin gözəl adada

Nə yoxsul var, nə daxma.

Hamının var sərvəti,

Bağçası, imarəti.

Hamının kefı çox saz.

Ordan Qvidon knyaz

Hörmətlə dönə-dönə

Salam göndərdi sənə.

Maraqlı əhvalatdan

Heyrətlənib çar Saltan.

Deyir, qalsam əgər sağ

Gedərəm ora qonaq.

Toxucu ilə aşçı

Elçi fıtnəyə başçı

Babarixa şər qarı

Getməyə qoymur çarı.

Toxucu gülümsəyir,

Kinayə edib deyir:

Bunda var nə möcüzə,

Heyrətli gəlsin bizə?

Dələ, fındıq sındırır

Zümrüdlə qızıl çıxır.

Bu çox adi, çox sadə

İşlərdəndir, dünyada

Qəribə möcüzlər var.

Kim görsə heyran qalar.

Göy dəniz dalğalanır,

Suları çalxalanır,

Sahilə çıxır sudan,

Pulu od kimi yanan

Otuz üç gənc pəhləvan.

İgid şanlı qəhrəman.

Hamısının boyu bir,

Yaraşığı, soyu bir,

Olmaz onların tayı.

Qoca Çernomor dayı

Lələdir cavanlara,

İgid pəhləvanlara.

Təəccüblü budur bax,

Bunda var böyük maraq.

Söz demədi qonaqlar

Çox heyrətə düşdü çar.

Qvidon acıqlandı

Hirsindən qəlbi yandı.

Xalaya tərəf gəldi,

Sancdı, gözünü dəldi.

Ay, deyə rəngi soldu,

Toxucu da kor oldu.

Qışqırdılar tez tutun,

Əzin başını qurdun.

Qoyma, qoyma, bax bir az

Qalıbdır, ax yaramaz!

İşi görüncə belə

Pəncərədən sürətlə

Çıxıb tez qanad açır,

Knyaz yurduna qaçır.

Sahildə knyaz yenə

Baxır mavi rənginə

Suların, ləpələrdən

Üzüb Qu, çıxır birdən

Söyləyir: salam knyaz!

Nədən kefin deyil saz?

Nə olub dostum sənə,

Dönmüsən tutqun günə.

Kədərlə knyaz deyir:

Ürəyimi qəm yeyir.

Mən çəkməzdim qəm, kədər

Evimdə olsa əgər

Mənim о cazibədar

Möcüzlər, - nədir onlar?

Deyə xəbər alır Qu.

Qvidon söyləyir. Su

Dənizdə çalxalanır,

Göy dəniz dalğalanır

Sahilə çıxır sudan

Pulu od kimi yanan

Otuz üç gənc pəhləvan.

İgid, şanlı qəhrəman.

Hamısının boyu bir,

Yaraşığı, soyu bir,

Çernomor dayı da bax,

Onlarla gəzir, ancaq

Bilmirəm bu doğrumu?

Knyaza söyləyir Qu:

Bu dərd incidir səni?

Burax yersiz qüssəni.

О dəniz igidləri

Qardaşımdır, dön geri

Dərdsiz get evinizə

İgidlər gələr sizə.

Çox sevinə-sevinə

Knyaz döndü evinə.

Göy dəniz dalğalandı,

Suları çalxalandı,

Çıxdı sahilə sudan

Pulu od kimi yanan

Otuz üç gənc pəhləvan.

İgid, şanlı qəhrəman.

Çernomor oğlanları

Apardı qəsrə sarı.

Qaladan knyaz aşdı.

Qonaqlara yanaşdı

Səs yayıldı, bu zaman

Axıb gəldi çox insan.

Görüncə Qvidonu

Çernomor söylədi, qu

Bizi bura göndərib

Möhkəm tapşırıq verib

Gəzib gecə hər yeri

Qoruyaq biz şəhəri.

Bu gündən gecə-gündüz

Yanında qalarıq biz.

Gedirik indi, ancaq

Əgər qurada qalsaq

Zərərli olar bizə.

Getdi onlar dənizə.

Dənizdə külək gəzir,

Yelkənli gəmi üzür.

Yarır ağ dalğaları,

Şən qıvraq dalğaları,

Dik adaya, şəhərə,

Çatanda birdən-birə

Toplar səslənir gur-gur.

Əmr edir gəmiyə dur.

Alan kimi bu əmri

Körpüyə gəlir gəmi.

Göstərib çox ehtiram

Gəmi əhlini tamam

Saraya çağıraraq

Knyaz eyləyir qonaq.

Qonaqlar yeyib içir,

Məclis çox gözəl keçir.

Knyaz deyir, qonaqlar!

Sizə bir sualım var.

Nə alveri edirsiz?

Haradır səfəriniz?

Söyləyir sövdəgərlər:

Gəzmişik uzaq yerlər,

Polad, qızıl və gümüş

Satırdıq, alver bitmiş.

Keçib indi Buyandan

Birbaş gedirik ordan

Okeanla biz yenə

Saltanın ölkəsinə

Knyaz deyir, ağalar!

Gedin, olun bəxtiyar.

Yaxşı yol? okeanı

Keçin, görün Saltanı.

Unutmayın a, hökmən

Salam söyləyin məndən.

Baş endirib görüşdü,

Qonaqlar yola düşdü.

Knyaz yola düzəldi

Birbaş sahilə gəldi.

Gördü üzür yenə Qu

Dalğalanır mavi su.

Yalvardı knyaz ona

Su səpdi Qvidona.

Qvidon oldu an,

Uçdu gəmiyə sarı.

Gəlib gəmiyə çatdı,

Xəlvət bir yerdə yatdı.

Külək əsir çox oynaq.

Bir gəmi üzür qıvraq

О Buyan adasından

Keçib gedir, çar Saltan

Hakim olan diyara.

Gözə çarpır bu ara

Uzaqdan böyük şəhər.

Sahilə sövdəgərlər

Gəlib yetişən zaman.

Qonaq aparır Saltan

Onları, zirəng arı

İzləyir qonaqları.

Qanad açıb yüksəlir,

Birbaş saraya gəlir.

Görür bəzənib hər yan

Zər paltar geyib Saltan.

Qızıl taxt üzərində

Əyləşib, gözlərində

Onun, bir dalğınlıq var.

Yanındadır bacılar

Toxucu ilə aşçı

Hər cür fıtnəyə başçı

Babarixa şər qarı,

Elçi hiyləgər qarı.

Üçünün dörd gözü var.

Qonaqlara deyir çar:

"Maraqlı xəbər-ətər

Nə var, gəzən çox bilər.

Dənizdən о tayda siz

Nə görüb, nə bildiniz?

Söyləyir sövdəgərlər:

- Biz gəzdik bir çox yerlər.

Keçdik neçə dəryanı,

Dolandıq bu dünyanı.

Xoş keçdi günlərimiz.

Bir möcüzə gördük biz.

О da budur: dəryada

Vardır gözəl bir ada.

Adada var bir şəhər.

Şəhərdə yüksək evlər

Qızıl kilsə, bağçalar,

Orda bir möcüz də var.

Göy dəniz dalğalanır,

Suları çalxalanır,

Sahilə çıxır sudan,

Pulu od kimi yanan

Otuz üç gənc pəhləvan.

İgid şanlı qəhrəman.

Hamısının boyu bir,

Yaraşığı, soyu bir,

Olmaz onların tayı.

Qoca Çemomor dayı

Yoldaşdır cavanlara,

İgid qəhrəmanlara.

Bu igidlər hər yeri

Gəzib bütün şəhəri

Qoruyur, çəkir keşik

Yaxşı qalsın ev-eşik.

Elə gözəl yer olmaz

Qvidondur orda knyaz.

Hörmətlə dönə-dönə

Salam göndərib sənə.

Buna heyrət etdi çar.

Söylədi ki: - "Ağalar,

Ölməyib, mən qalsam sağ

Gedərəm ora qonaq".

Bacılar danışmadı

Söhbətə qarışmadı.

Lakin şər Babarixa

Çalışdı ki, ev yıxa.

Gülüb, söylədi, bizə

Görünmür bu möcüzə.

Nə olsun ki, dəryadan

Çıxır bir neçə insan

Qorumaqçın ev-eşik

Şəhərdə çəkir keşik.

Doğru olsa da əgər

Boş şeydir belə işlər.

Elə möcüzələr var

Görənlər heyran qalar.

Eşitmişəm deyirlər:

Var bir sevimli dilbər

Bilinmir hayandadır,

Dəryadan о yandadır.

Başqa gözəldir о qız

Alnında yanır ulduz,

Saçında parlayır ay,

Yox dünyada ona tay.

Sevimlidir hər halı

Gəzir tavus misalı.

Səsi çağlayan sudur

Əsil möcüz bax, budur.

Qonaqlar baxır dinməz.

Bəhsə girişmir heç kəs.

Heyrətlənir çar Saltan.

Knyaz hirslənir yaman.

İstəmir ancaq yenə

Kor olub qalsın nənə.

Qarıya tərəf gəlir,

Sancıb bumunu dəlir.

Səs-küy qalxır hər yandan

Sən allah tut, ay aman!

Sürətlə uçur arı

Gedir adaya sarı.

Sahildə knyaz yenə

Baxır mavi rənginə

Suların, ləpələrdən

Üzüb, Qu çıxır birdən

Söyləyir: - "Salam knyaz,

Nədən kefin deyil saz,

Nə olub dostum sənə

Dönmüsən tutqun günə".

Kədərlə knyaz deyir:

-"Ürəyimi qəm yeyir.

Hamı evlidir ancaq

Mən subayam hələ, bax

Sevgilisiz gəzmişəm,

Bu həyatdan bezmişəm.

Dünya olub mənə dar.

-"Bir gözaltın varmı", - var,

Deyirlər: var bir pəri

Tapılmaz bərabəri,

Aydan yaraşıqlıdır,

Günəşdən işıqlıdır

Elə gözəldir о qız

Alnında yanır ulduz.

Saçında ay parlayır.

Hər yana işıq yayır.

Xoşdur onun hər halı.

Gəzir tavus misalı.

Səsi çağlayan sudur.

Görəsən bu doğrudur?

Knyaz çəkir iztirab

Qudan gözləyir cavab

Fikrə gedərək bir az

Qu ona deyir: - "Knyaz,

Elə qız var, lakin bil,

Qadın bir əlcək deyil

Onu çırpıb əlinə,

Ya sancasan belinə.

Yaxşıca düşün, daşın,

Bəla çəkməsin başın.

Bir yamanlıq olmasın,

Peşimanlıq olmasın.

Yalvarıb dedi knyaz:

- Heç peşimanlıq olmaz.

Düşünmüşəm çox dərin.

О sevimli dilbərin

Yolunda keçib candan,

Keçmərəm о cavandan.

Yer qoymaram dünyada

Mən gəzərəm piyada

Tapmaqçın о nigarı,

Gəzərəm hər diyarı.

Bir ah çəkib dərindən

Qu dedi: - Şahzadə, sən

Uzaq getmə, dostum bil

Başqa ölkədə deyil

Sənin sevdiyin sənəm.

Əziz knyazım, mənəm.

Qu quşu qanad çaldı,

Dalğalardan ucaldı.

Uçdu o, yüksəklərə

Düşdü çəmənlik yerə,

Oldu gözəl bir canan

Ay parladı saçından.

Alnında ulduz yandı

Hər tərəf işıqlandı.

Bu gözəl sevdalı qız

Şən tavus ədalı qız

Danışanda şən səsi

Oldu bulaq nəğməsi.

Yarını qucaqladı,

Ona könül bağladı.

Oxşadı sevə-sevə

Apardı knyaz evə.

Qvidon dedi: ana, gəl!

Budur sevdiyim gözəl.

Əmrindən о heç zaman

Çıxmaz sənin, anacan!

İcazə ver evlənək

Birləşsin iki ürək.

Ver bizə xeyir-dua.

Xoş gün görək dünyada.

Başları üstə ana

Tutdu dərhal ikona.

Sevincdən göz yaşları

Axıdıb dedi: tanrı

Sizə xoş gün göstərsin,

Çox uzun ömür versin.

Keçincə bundan bir az

Toyunu etdi knyaz.

Qvidonla gözəl yar

Omür sürdü bəxtiyar.

Qəlbləri qəmdən azad

Gözlədi onlar övlad...

Külək əsir çox oynaq

Bir gəmi üzür qıvraq.

О Buyan adasından

Keçir, gedir Çar Saltan

Hakim olan diyara.

Gözə çarpır ara

Uzaqdan böyük şəhər,

Sahilə sövdəgərlər

Gəlib yetişən zaman

Qonaq aparır Saltan.

Onlara edir hörmət

Qonaqlar edir diqqət

Görür bəzənib hər yan.

Zər geyinib hökmran.

Qızıl taxt üzərində

Əyləşib öz yerində.

Toxucu ilə aşçı,

Hər cür fitnəyə başçı

Elçi Babarixa da

Oturub yuxarıda.

Üçünün dörd gözü var.

Qonaqlara deyir çar:

-Maraqlı xəbər-ətər

Nə var, gəzən çox bilər.

Dənizdən о tayda siz

Nə görüb, nə bildiniz?

Söyləyir sövdəgərlər:

-Biz gəzdik bir çox yerlər.

Keçdik neçə dəryanı.

Dolandıq bu dünyanı,

Şən keçdi günlərimiz,

Möcüzələr gördük biz.

Yer üzündə, dünyada.

Göy dənizdə bir ada

Adada var bir şəhər.

Orda qızıl kilsələr

Saraylar, bağçalar var,

Baxdıqca könül oxşar.

Sarayın bağında bir

Yaşıl şam göyərmişdir.

Şam altında billurdan

Bir ev düzəlmiş, haman

Evdə vardır bir dələ.

Nəğmə deyir sevinclə.

Qızıl fındıq sındırır

Fındıqdan zümrüd çıxır.

Dələni axşam-səhər

Qorayur naib, nökər.

О gözəl şəhərdə var

Başqa möcüz də, ey çar!

Göy dəniz dalğalanır,

Suları çalxalanır,

Sahilə çıxır sudan

Pulu od kimi yanan

Otuz üç gənc pəhləvan.

İgid şanlı qəhrəman.

Hamısının boyu bir,

Yaraşığı, soyu bir.

Olmaz onların tayı...

Qoca Çemomor dayı

Onlara olub rəhbər.

Bu dediyim igidlər

Qoruyurlar şəhəri.

Var onların hünəri.

Knyazın cazibədar

Bir gözəl arvadı var.

Günəşdən işıqlıdır,

Aydan yaraşıqlıdır.

Danışanda şən səsi

Olur bulaq nəğməsi.

Alnında ulduz yanır.

Qaranlıq işıqlanır,

Parlayır saçında ay.

Olmaz о gözələ tay.

Dediyimiz şəhərdə,

О möcüzəli yerdə

Qvidon hökmrandır.

Hamıya mehribandır.

Qvidon dönə-dönə

Salam göndərdi sənə.

Dedi, vəd etmişdin sən

Ona qonaq gedəsən.

Çarın qalmadı səbri

Əmr etdi gəmiləri

Hazırlasınlar, getsin

О şəhəri seyr etsin.

Toxucu ilə aşçı

Elçi fitnəyə başçı

Babarixa şər qarı

Getməyə qoymur çarı.

Çar bunu yersiz sandı,

Qışqırıb acıqlandı.

Mən çağayam, ya çaram

Öz sözümdə duraram.

Bu saat gedim gərək.

Qapını çırpdı bərk-bərk

Çox qəzəblə hökmran

Çıxdı öz sarayından.

Sarayının bağında

Pəncərə qabağında

Knyaz əyləşib səssiz,

Sulara baxır, dəniz

Sakitdir... elə bu an

Knyaz görür uzaqdan

Gəlir nəhəng gəmilər,

Çox rəngbərəng gəmilər!

О bilir okeandan

Gəlir bura çar Saltan

Knyaz söyləyir - Ana,

Ay cavan knyaginya,

Baxın atamdır gələn,

Coşuram sevincimdən,

Mavi suları aşdı

Gəmilər yaxınlaşdı.

Gözəl adaya, knyaz

Kefi kök, damağı saz

Durbinlə baxdı, Saltan

Göyərtədə bu zaman

Dayanmışdı yanında

Şər qarı Babarixa,

İki hiyləgər bacı:

Toxucu ilə aşçı.

Onlara bu yad ölkə

Bu gözəl abad ölkə

Çox təəccüblü gəldi.

Bərk zəng səsi yüksəldi.

Atəş açıb yer-yerdən

Toplar gurladı birdən.

Qarşılamaqçın çarı

Knyaz dənizə sarı

Gəldi, gördü durub çar

Yanında da bacılar,

Toxucu ilə aşçı

Elçi, fitnəyə başçı

Babarixa şər qarı.

Dinmədən qonaqları

О gətirdi şəhərə,

Sarayı olan yerə.

Qəsrə girdi qonaqlar

Göz gəzdirib gördü çar:

Zirehlər parıldayır,

Ətrafa işıq yayır.

Durub otuz üç cavan

İgid şanlı pəhləvan.

Hamısının boyu bir,

Yaraşığı, soyu bir.

Olmaz onların tayı,

Qoca Çernomor dayı.

İgidlərə rəhbərdi.

Qonaqlar bağa girdi

Gördülər ki, bir dələ

Şam altında nəğməylə,

Qızıl fındıq sındırır,

Fındıqdan zümrüd çıxır.

Çox heyrətlə qonaqlar

Gördülər bir gözəl var:

Olmaz о canana tay

Saçında parlayır ay.

Alnında ulduz yanır,

Qaranlıq işıqlanır,

Sevimli, sevdalıdır,

О tavus ədalıdır.

Bənzəyir qızıl gülə

Gəlir qaynanasiylə.

Gördü onları Saltan

Ağlı uçdu başından.

Dedi: nə görürəm mən

Arvadımdır bu gələn.

Sevincindən ağladı,

Yarını qucaqladı.

Gəlinini, oğlunu

Öpüb, qucdu boynunu.

Süfrəyə tərəf gəldi

Hamı, məclis düzəldi.

Toxucu ilə aşçı

Elçi fıtnəyə başçı

Babarixa şər qarı

Gizləndi, tez onları

Axtardılar tapdılar.

Ağladı üç günahkar,

Üzr istədi, çar Saltan

Onların günahından

Keçdi belə şad günçün,

Bu toyçün, bu düyünçün.

Axşam oldu, gün batdı

Saltan dəmlənib yatdı.

Mən о məclisə düşdüm,

Pivə içdim, bal içdim.

Sarayda oldum qonaq,

Bığım islandı ancaq.

Oxunub 5046 dəfə