Səhifəni çap et
Çərşənbə axşamı, 13 Dekabr 2011 15:34

Lev Tolstoy

ÇƏYİRDƏK

(Tərcümə edəni İ.İbrahimov)

A
na aldığı gavalıları nahardan sonra uşaqlara paylamaq istəyirdi. Gavalılar boşqabda idi. Vanya ömründə gavalı yemədiyi üçün onları maraqla iyləyirdi. Gavalılar ona çox xoş gəlirdi. Vanya baxdıqca iştahası artır, onları götürüb yemək istəyirdi. Ona görə də gavalıların yanından о tərəf bu tərəfə gedir, yolunu gavalı qoyulduğu yerin lap yaxınından salırdı. Nəhayət, otaqda tək qaldıqda, özünü saxlaya bilməyib, gavalılardan birini yedi.

Nahardan qabaq ana gavalıları sayıb, birinin çatmadığını gördü və ataya xəbər verdi.

Nahar zamanı ata belə dedi:

-        Uşaqlar, sizlərdən gavalının birini yeyən olmayıb ki?

Hamı dedi: yox. Vanya da qıpqırmızı qızarıb: "Yox, mən yeməmişəm" - dedi.

Ata uşaqların cavabını eşidib dedi:

-        Əlbəttə, yeməyinə biriniz yemisiniz, icazəsiz yemək olmaz. Bu öz yerində, ancaq iş bunda deyil. Mənim qorxduğum şey başqadır. Gavalının çəyirdəyi var. Kim onu udarsa, sabahı gün ölər.

Vanya bu sözləri eşidən kimi saraldı və dedi:

-        Yox, mən çəyirdəyi pəncərədən bayıra tulladım.

Hamı güldü, Vanya isə utandığından ağlamağa başladı.

Oxunub 4766 dəfə Last modified on Çərşənbə axşamı, 26 İyun 2012 20:53