Səhifəni çap et
Çərşənbə axşamı, 06 Dekabr 2011 12:30

HANSEL VƏ QRETEL

Alman nağılı

HANSEL VƏ QRETEL

(tərcümə edəni Dilsuz, Hikmət Hüseynov)

b
iri vardı, biri yoxdu, Qretel adında balaca bir qız vardı. Bir gün o, sübh tezdən kiçik qardaşı Hanseli də götürüb meşəyə yollandı. Gəzə-gəzə gəlib bir talaya çıxdılar, gördülər burada çoxlu göbələk var. Bacı-qardaş başladılar göbələk yığmağa. Hansel sonuncu göbələyi qoparanda dedi:

Bax, göbələk qalmadı,

Səbətimiz dolmadı...

Qretel dedi:

-       Eybi yoxdu. Meşədə о qədər meyvə var ki... Biz hələ moruq, çiyələk, qarağat da yığacağıq...

Bacı-qardaş gəzə-gəzə gəlib qarağat olan yeri tapdılar. Başladılar qarağat yığmağa. Hansel dedi:

Kolda qarağat qaldı,

Səbətimizsə doldu...

Qretel dedi:

-       Hə, indi qayıdaq evimizə.

Bacı-qardaş ağır səbəti yerdən güclə qaldırdılar. Amma bilmədilər hayana getsinlər. Gördülər yolu azıblar. Hansel ağlamsındı:

-       İndi biz nə edəcəyik? Görmürsən qaranlıq düşür...

Qretel ona ürək-dirək verdi:

-       Qorxma. Günəş batan kimi Ay çıxacaq, meşə yenə işıqlı olacaq...

Bu sözdən sonra bacı-qardaş meyvə dolu səbəti də götürüb yola düzəldilər. Bir az getmişdilər ki, noğuldan, nabatdan, kişmişdən tikilmiş bir evə rast gəldilər. Qretel də, Hansel də bərk yorulmuşdular. Fikirləşdilər ki, gecəni burada qalıb dincəlsinlər. Amma qapını nə qədər döydülər - açan olmadı...

Hansel dedi:

-       Bacıcan, acmışam...

Qretel noğuldan, nabatdan, kişmişdən tikilmiş evin divarından qoz, fındıq qoparıb qardaşına verdi, özü də bir az badam yedi. Elə bu vaxt qapı tappıltıyla açıldı. İçəridən bir küpəgirən qarı çıxıb qəzəblə bağırdı:

-       Kimdi bu gecə vaxtı evimi silkələyən, məni yuxudan oyadan?

Qretel dedi:

Bizik, nənəcan! Meşəyə göbələk, moruq, çiyələk, qarağat yığmağa gəlmişdik. Yolu azmışıq...

Vayyy... Vayyy... Siz mənim evimin qozdan, fındıqdan, badamdan hörülmüş divarlarını sökürsünüz... Görün sizə nə cəza verəcəyəm?!!

Küpəgirən qarı üzünü Qretelə tutdu:

-       Ömrün boyu qapımda qulluqçu olacaqsan. Qardaşını isə bişirib yeyəcəyəm...

Küpəgirən qarı qəfildən Hanseli qamarladı:

-       Vayy- vayy... Bunu belə yemək olmaz ki... Bir dəridi, bir sümük... Yaxşısı budu bir az kökəldim...

Küpəgirən qarı Hanseli iri bir qəfəsə salıb, ağzını qıfılladı. Küpəgirən qarının gözü yaxşı görmürdü. Odur ki, tez-tez Hanselin yanına gəlib deyirdi:

-       Barmağını qəfəsdən çölə çıxar, görüm kökəlmisən?

Ağıllı Qretel də qardaşına balaca bir toyuq sümüyü verib bərk-bərk tapşırmışdı:

-       Küpəgirən qarı gələndə, qəfəsdən barmağını yox, bu sümüyü çıxar...

Küpəgirən qarı hər dəfə əlini sümüyə vuranda fıkirləşirdi ki, Hansel hələ çox arıqdı, onu yemək olmaz. Amma günlərin bir günü onun səbri tükəndi, Qreteli çağırıb dedi:

-       Təndiri qala, bu gün qardaşını bişirib yeyəcəyəm... Nə gözünü döyürsən, bir az cəld ol, acmışam...

Qretel elə bunu gözləyirdi. Odur ki, dedi:

-       Axı, mən təndiri qalaya bilmirəm...

Küpəgirən qarı hirsləndi:

-       Sən nə kütbeyin qızsan, gəl öyrədim!..

Küpəgirən qarı təndirin ağzını açdı, içinə çoxlu odun yığıb qaladı. Bunu görən Qretel onu itələyib təndirə saldı, ağzını da bərk-bərk bağladı. Küpəgirən qarı cızhacız yana-yana qışqırdı:

-       Vay yandım!.. Vay öldüm!..

Qretel cəld qaçıb qardaşını xilas etdi.

Hansel soruşdu:

-       Qarı təndirdən çıxa bilməz ki?

Qretel dedi:

-       Yox, qorxma, təndirin ağzını bərk-bərk bağlamışam.

Sonra bacı-qardaş səbətlərinə noğul, nabat, badam, qoz, fındıq və kişmiş yığdılar.

Hansel dedi:

-       Bacıcan, bəs evimizə necə gedəcəyik? Axı, biz yolu tanımırıq...

Elə bu vaxt evin yaxınlığındakı ağacın budağına bir ağ göyərçin qondu:

-       Qorxmayın, mən sizə yolu göstərəcəyəm...

Qretellə Hansel çox sevindilər. Ağ göyərçinin göstərdiyi yolla gedib evlərinə çıxdılar. Ata-anaları şadlıqlarından bilmədilər nə etsinlər. Axı neçə gün idi ki, uşaqlarından xəbər-ətər yox idi. Bunu eşidənlər yığışıb gözaydınlığına gəldilər. Hansel ilə Qretel hamıya qoz, fındıq, nabat, badam, kişmiş payladılar.

 

HANSEL və QRETELİN MAHNISI

 

Əlimizdə iri səbət,

İçi dolu kişmiş, nabat...

Noğul evdən gəlirik hey,

Nağıl evdən gəlirik hey!..

Hağıl evdən gəlirik hey,

Bapbalaca boyumuz var.

Noğul evdən gəlirik hey,

Hər uşağa payımız var!..

Dara düşsək, qorxmarıq,

Çətinliyə baxmarıq...

İki bacı-qardaşıq,

İki yaxın yoldaşıq...

Oxunub 8741 dəfə