Səhifəni çap et
Şənbə, 01 Sentyabr 2012 08:45

YAY TƏTİLİNDƏ

Münəvər Tapdıqova

YAY TƏTİLİNDƏ

(Hekayə) 

H
ər gün günlərimi sayırdım. Axı mən tətildə istirahət üçün kəndə ana nənəmin, babamın yanına getmişdim. Kənd həyatı mənim çox xoşuma gəlirdi, hara baxırsan təmizlik, yaşıllıqdır. Amma əvvəl-əvvəl bir az darıxırdım. Sonra hər şeyə uyğunlaşdım. Təmiz, saf dağ havası adama xoş gəlirdi. Təmiz hava məni vurduqca iştaham artırdı. Şəhərdə o qədər də iştaham olmurdu. Məktəbdən qayıdanda çox az yemək yeyirdim. Uşaqlarla həyətdə oynamağa çıxırdım. Yoldan şütüyüb keçən maşınların istisi, qazı bizi vururdu.

Amma kənd həyatı bir başqa cürdür. Hər yerdən otların iyi gəlir, çayların şırıltısı adamı yormur, quşların oxuması, cəh-cəhi adama xoş gəlirdi. Hərdən mən yaşıl ağaclara, çəmənə baxanda nənəm deyirdi - qızım, yaşıllığa baxmaq xeyirdi, gözün işığını artırır.

Hərdən də bu həyətdə gəzən toyuq-cücənin, hind toyuğunun quyruq yelpiyini daraq kimi açıb səs salması «deyinməsi» adama ləzzət verirdi. Bir dəfə istədim ki, həyətdə gəzən kürd toyuğun sarı, tükü yumşaq balasını əlimə götürüm, həm nənəm icazə vermədi, həm də kürd toyuqdan qorxdum. Onun balasına əl dəymək istəyəndə o qanadlarını pırpızlayıb mənə tərəf şığıyırdı -«yəni balama dəymə deyirdi». Nənəm bunu görüb, məni başa saldı ki, cücələr hələ ətcəbaladırlar, onları ələ götürmək olmaz, əlində sıxa bilərsən. Onsuz da bu toyuq-cücənin qənimi olan çalağan havada uçaraq fürsət axtarır ki, cücədən-zaddan caynağına alıb aparsın.

Nənəm hər səhər Qızıl inəyini sağıb süd gətirirdi, mənim üçün də bişirirdi. Deyirdi ki, nənə qurban Güntac gəl süd iç. Evinizə gedincə ətə-qana gələrsən. Mən də nənəm Qumralın sözünə qulaq asırdım. Nənəm çox mehriban idi. Kənddə müəllim işləyirdi. Təqaüdə çıxmağa nənəmi qoymurdular. Nənəm çox təcrübəli idi və öz işini yaxşı bilirdi. Nənəm istəyirdi ki, mən hər şeydən az da olsa yeyim. Sağlam və gümrah böyüyüm, dərslərimi yaxşı oxuyum. Nənəm şəhərə - bizə qonaq gələndə ona nə qədər qulluq etsək də, o öz ev-eşiyi üçün darıxırdı. Nənəmin yaxşı qonşuları vardı, hərdən nənəmin yanına gəlib şirin-şirin söhbət edərdilər. Nənəmgilin evlərindən xeyli aralıda çay axırdı, çayın kənarından bir qədər uzaqda bulaqlar vardı ayrı-ayrı yerlərdən qaynayıb çıxırdı. Bu bulağa Beş bulaq deyirdilər. Bulaqların suyu axıb çaya qarışırdı. Yan-yörəsində çoxlu yarpız, əvəlik bitmişdi. Mən də qızlarla bulağa gedəndə onlardan yığıb nənəmə gətirirdim. Nənəm mənə başa salırdı ki, onları bir qəzetin üstünə sər, sən gedincə qurusun, gedəndə evinizə apararsan. Anan dovğaya qatar, yarpız çayı dəmləyər.

Babam Aslan bağban idi, o, səhər gedib evə axşam qayıdırdı. O, deyirdi ki, bağda gərək ağaclara, moruq kollarına qulluq edəsən, yoxsa o bağdan bağ olmaz, atalar demişkən «Bağa baxarsan bağ olar, baxmazsan dağ olar».

Nənəm, babam hiss edirdilər ki, mən anam üçün çox darıxıram. Ona görə babam məni evimizə gətirdi.

Güntac indi də nənəsi üçün darıxırdı. Kənddə yazdığı gündəliyini açıb oxuyurdu, gündəliyin arasındakı çiçəklər də qurumuşdu.

Oxunub 10337 dəfə