Səhifəni çap et
Cümə, 31 Avqust 2012 12:56

Barışdılar

Eyvaz Zeynalov

Barışdılar

(Hekayə)

O
nlar ana-bala dayanacaqda avtobusu gözləyirdilər. Böyür-başdakı adam­la­rın qı­nağından çəkinən qızcığaz səsini içinə salaraq astadan zığıldayırdı. 

- Ana, apay də, nə olay...

- Yaxşı, qurtar... - Bezmiş ana onu sakitləşdir­məyə çalı­şır­dı.

- Axı söz veymişdin… - Birdən qız anasına öz vədini xatırlatdı. Məsələ də elə bundaydı. Qızcığazı verdiyi sözün ağası olmağa öyrətmişdilər. İndi isə...

- Zəhləmi tökmə, söz vermişdim, verməmiş olum. Böyük şeymiş!.. - Höv­sə­lə­si daralmış ana başını itirmişdi. Nə dediyinin fərqində deyildi...

Elə bu zaman avtobus gəldi. Ana avtobusa tərəf addımladı. Qız ayaqlarını ye­rə döyüb tərpənmədi.

- Getmiyəm!.. Getmiyəm!..

Ana qayıdıb onu arxasınca dartdı. Ətəyindən tutub sürünəndə əməllibaşlı tın­cıx­dı. Çönüb əlinin üstünə kök bir şillə çəkdi. Qız balaca yumruqlarını göz­lə­ri­nə bas­dı. Elə bil gözlərinin yaşı ovcundaydı, sıxıb tökdü…

Boş oturacaqlardan birində əyləşdilər. Ana təzədən qızına təpindi:

- Kiri, daha bəsdi!..

İçin-için ağlayan qızcığaz heç cür ovunmaq bilmirdi. Anası “kiri” dedikcə da­ha artıq kövrəlirdi. Anasının öz vədini yerinə yetirməməsi, üstəlik haqqını tə­ləb edən­­də onu cəzalandırması qızcığazın qüruruna bərk toxunmuşdu...

Qabaqda əyləşmiş yaşlı, nurani bir qadın arxaya, onlara tərəf çöndü.

- Ağlama, qızım. Belə qəşəng qız da heç ağlayarmı?..

Qızcığaz başını yana döndərdi. Ayrı vaxt olsaydı anasına sığınardı. İndi də əv­­­­­­vəlcə ona sarı əyildi. Sonra xatırladı ki, elə anasından küsüb.

Anasının dodaqları qaçdı. Qadın da gülümsədi. Qız daha da bərkitdi. Ana özü­­­nü o yerə qoymasa da artıq qızının könlündən keçənləri duyurdu. Bir yolla səh­vi­ni etiraf etməsə sakitləşməyəcəkdi. Buna isə cəsarəti çatmır, ehtiyatlanırdı. Qor­xur­du ki, sonra qızının ayağı yer alar, yumşalmasını başqa cür qiymətlən­di­rər.

- Niyə ağlayır?.. - Qadın bu dəfə anasından soruşdu.

- Bilirsiniz, qonşunun qızı bu ildən məktəbə gedir. Dirəndi ki, gərək məni də apa­rasan. Amma yaşı düşmür. Dilim dinc durmadı, başımdan eləmək üçün dedim, son­ra apararam. İndi də əl çəkmir ki, söz vermisən…

Qadın qızcığazın ipək kimi yumşaq saçlarını sığalladı.

- Yaxşı, qızım, bir de görüm neçə yaşın var, hə?..

Qızın əvəzinə anası cavab verdi:

- Hələ heç beş də tamam deyil…

- Belə dee… - Qadın mənalı-mənalı gülərək təzədən qızcığazın saçlarını tu­mar­­ladı.

Qız göz yaşları içində özünü doğrultmağa çalışdı:

- Pa, Dilşadın da boyu elə mənimki kimidi də. Qollayı hələm mənimkindən də gö­­dəkdi. - Arıq qollarını göstərdi.

- Dilşad kimdi, balası?..

- Qonşunun qızıdı. - Anası dedi.

Qadın ciddiləşdi.

- Yox, qızım, iş boyda deyil. Sən axı ağıllı qızsan, gərək belə şeyləri başa dü­şə­sən. Uşaqları məktəbə yaşa görə götürürlər. Əgər oxumağa, doğrudan da, be­lə hə­­vəsin varsa, anan “Əlifba” kitabı alıb səni evdə də öyrədə bilər...

Anası vəziyyətdən çıxış yolu tapmış kimi sevincək qadının sözünə qüvvət ver­­di:

- Mən buna razıyam, qızım. Bax, elə indicə evimizin altındakı kitab mağa­za­­sın­­dan sənə bir “Əlifba” kitabı alaram. Birlikdə məşğul olarıq. Yaxşımı?.. - Onu şəf­­qətlə özünə sıxdı. - Hə, di hansı əlinə vurmuşam gətir öpüm, barışaq.

Qızcığazın sol əlini dodaqlarına qaldırdı. O, geri çəkib sağı uzatdı. Anası onu vur­­muşdu…

Oxunub 7129 dəfə