Səhifəni çap et
Cümə axşamı, 30 Avqust 2012 08:20

KÜLKƏMAN

KÜLKƏMAN

İsveç nağılı

U
zaq bir ölkədə, şahlıqların birində bir nəfər yaşayırdı.

Bir kəndlinin üç oğlu vardı. Onlardan böyüyü və ortancılı zəhmətkeş və çalışqan idilər, kiçiyi isə dünyada tayı - bərabəri olmayan bir tənbəl idi. Bütün günü sobanın yanında oturar və külün içində eşələnərdi. Dırnaqları caynaq kimi uzanmış, saçlarına isə nə vaxt daraq dəydiyi heç kimin yadına gəlmirdi, buna gorə də onu Külkəman adlandırırdılar.

Heç bir məsləhət və heç bir hədə- qorxu Külkəmanı işləməyə vadar edə bilmirdi. Nəhayət atası boğaza yığıldı, Külkəmana bir az yol azuqəsi verdi və dedi:

-      Bəsdir havayı ata çörəyi yedin!İndi də get öz bəxtini sına, Külkəman!-  və onu evdən qovdu.

Külkəman az getdi,  çox getdi,  gəlib  boyük bir meşəyə çatdı və orda azdı. Yol azuqəsi də artıq bitmişdi və o nə edəcəyini bilmirdi. Kədərli halda bir kötüyün üstündə oturdu və acı-  acı ağlamağa başladı. İndi o evlərində olanda tənbəllik etdiyinə görə çox peşman olmuşdu.

Qaş qaraldı, meşədə bayquşlar, canavarlar ulamağa başladı. Külkəman gecələmək üçün yer axtarmaq fikrinə düşdü. Birdən  uzaqdan bir işığın gəldiyini gördü  və o səmtə getməyə başladı. Bir xeyli yol getdikdən sonra o böyük bir şaya rast gəldi. Çayın o biri üzündə bir qəsr dururdu, qəsri dəmir divarlar əhatə edirdi. Qəsrin pəncərələrinin birində işıq yanırdı. Külkəman əynini soyundu, paltarlarını kürəyinə bağladı və üzərək çayın dayaz yerindən keçməyə başladı. Çay dərin idi və suyu iti axırdı. Oğlan çayı güc- bəla ilə keçdi. Sahilə çıxdı, əynini geyindi, nəfəsini dərib qəsrin ətrafına dolanmağa – içəri girməyə qapı axtarmağa başladı. Qapı isə yox idi. Birtəhər dəmir divarların birində darvaza tapdı və darvaza öz- özünə açıldı.

O darvazadan içəri girdi, qapılar onun  arxasınca örtüldülər. Oğlan həyəti dolaşmağa başladı, qəsrə girmək üçün qapı axtarmaq istədi, lakin divarda kiçik dəlik gördü. O divarı döydü və hardansa bir qapı peyda oldu və açıldı. Külkəman içəri girdi və zülmət qaranlıq bir otağa düşdü. O divarları əli ilə yoxlayarkən  bir qapıya toxundu. Bu qapı da dərhal açıldı və qonağı bir otağa buraxdı. Otağın ortasında bir masa vardı, masanın arxasında çox nurani bir qoca  oturub nəsə yazırdı. Qocanın çox uzun burnu, başında isə qəribə papağı var idi.

-      Sənə nə lazımdır, ay oğlan? - deyə qoca soruşdu.

-      Özümə iş axtarıram, - deyə Külkəman ağlına gələn ilk  şeyi söylədi.

-      Bəs içəri necə keçmisən?- deyə qoca təəccübləndi.

-      Möcüzə ilə, - deyə Külkəman boynuna aldı. –Heç gözləmirdim ki, qapını tapa bilərəm.

-      Bilirsən ki, geri qayıtmaq daha da çətin olacaq?- dedi qoca. - Neynək, burda qala bilərsən. Mən tezliklə qohumlarıma baş çəkməyə gedəcəm və bir ildən sonra qayıdacam. Sən də bu vaxt ərzində kitab oxu və mənim atımı bəslə. Sənə bütün otaqların açarlarını verirəm, amma bax o otağı –qoca uzaq bir qapıya işarə etdi, - açmaq olmaz. Əgər o otağı açsan, mən dərhal qayıdacam və sən yaxanı qurtara bilməyəcəksən, - bunu deyib o böyük bir açar dəstəsi  çıxardı və Külkəmana  uzatdı.

-      Bəs sənin adın nədir?

-      Külkəman, - deyə oğlan cavab verdi.

-      Gözəl addır, - dedi qoca və getdi.

Külkəman isə qəsrdə qaldı. Bütün günü o kitab oxumaqla keçirirdi.

Tezliklə bir çoxlarından ağıllı oldu. Qocanın nəsihətini dinləyərək qadağan edilmiş qapını isə o heç açmırdı.

Lakin günlər keçirdi, maraq isə ona üstün gəlirdi. Bir gün o dözə bilmədi, qapını açdı və kiçik bir otağa daxil oldu. Otaqda bir soba var idi, sobanın üstündə qazan qaynayırdı. Divardan bir qılınc, yanında isə bir neçə bayraq asılmışdı. Masanın üstündə iki fırça, bir qutu, qutuda isə bir neçə talaşa var idi.

Birdən Külkəman özünə gəldi, başa düşdü ki, qocanın qadağasını pozub və o qorxmağa başladı. Qaçıb at tövləsinə getdi. Tövlədə qəsr sahibinin atı var idi. Atın quyruğu tərəfdə saman, başı tərəfdə isə ocaq var idi. Kulkəmanın ata yazığı gəldi, onun başını samana tərəf, quyruğunu isə ocağa tərəf çevirdi. Bu vaxt at dedi:

-      Bilirsən heç neynəmisən?Sən qadağa qoyulmuş otağa girmisən, qısrin sahibi harda olsa indi yetişəcək. Amma sən mənə kömək etmisən, buna görə də sənə yaxşı məsləhət verəcəm. Qadağa qoyulmuş otağa qaç, qılıncın yanında asılmış şüşədən iç. Onda gücün artacaq və sən qılıncı saxlaya biləcəksən. Sonra başını qazana sal. Görərsən nə baş verəcək. Sonra qonşu otağa get, ordan zirehli geyimləri götür. Onlardan bəziləri günəş kimi, digərləri ay kimi işıq saçır, o biriləri isə ulduz kimi parıldayır. Onların üçünü də götür. Bir də qılıncı, su qabını, fırçanı və talaşa olan qutunu götür. Bir az cəld ol, indi ağamız qayidacaq!

Külkəman qəsrə tərəf qaçdı və atın dediklərini yerinə yetirdi.

Su qabından içdi, qılınc onun əlində yüngül quş lələyinə döndü, başını qazana saldı- çirkli saçları yoxa çıxdı, əvəzində başında qızılı saçlar əmələ gəldi. O özü ilə atın dediklərinin hamısını götürdü və çaparaq ordan uzaqlaşdı. Bir az uzaqlaşmışdı ki, qəsrin sahibi qayıtdı. Sən demə zalım troll(div) imiş!O elə qəzəbli idi ki, onun qəzəbindən qəsrin divarları da lərzəyə gəlirdi.

Külkəman çaparaq gedir, qulaqlarında külək vıyıldayırdı. Bir xeyli uzaqlaşdıqdan sonra at Külkəmandan soruşdu:

-      Bir şey eşidirsən?

-      Yox heç nə eşitmirəm, - deyə Külkəman cavab verdi.

-      Başını qulağıma yaxınlaşdır, - dedi at.

Oğlan belə də etdi, lakin yenə də heç nə eşitmədi.

Bir az da getdilər, at yenə də soruşdu:

-      Bir şey eşidirsən?

-      Hə arxadan gurultu səsi gəlir.

-      Tez ol, şüşədən arxaya bir az su çilə!- dedi at.

Külkəman onun dediyini etdi və onun arxasında elə dəniz əmələ gəldi ki, div onu üzüb keçə bilməzdi. Div dayanmalı və gəmi hazırlamalı oldu.

At isə elə hey çapırdı. Yenə o oğlandan bir şey eşidib-  eşitməyini soruşdu. Üç dəfə soruşdu, üçüncü dəfə Külkəman dedi ki, arxadan qulağına dəhşətli gurultu gəlir.

-      Fırçanı arxaya tulla!- dedi at.

Külkəman fırçanı tulladı və onun arxasında elə qalın və keçilməz bir meşə əmələ gəldi ki,  div onu keçə bilmədi.  Div dayanmalı və ağacları qırmalı oldu.

Onlar az çapdılar, çox çapdılar, gəlib şüşə bir dağa çatdılar.

-      Bircə bu dağı keçə bilsəydik,  onda heç nədən qorxumuz olmazdı, -  dedi at. - Bir şey eşidirsən?

-      Hə, eşidirəm, arxada göy guruldayır, - deyə Külkəman cavab verdi.

-      Deməli qoca div bizə çatır, - dedi at. - Tərpən görüm,  məni mahmızla!

Külkəman atı mahmızladı,  div isə artıq əlini onlara uzadırdı.  At dağa tərəf getdi,  div də onun arxasınca.

-      Tez ol,  qutudakı talaşaları yerə səp!-  deyə at qışqırdı.

Oğlan talaşaları yerə tökdü, onlar böyük tirlərə çevrildilər, dağdan aşagı diyirlənərək divin üstünə düşdülər və onu basıb əzdilər!

-      Axır ki, qurtulduq!- dedi at. - İndi öz köhnə- kürüşünü gey, zirehli geyimləri isə mənə ver, yalnız yüyəni özünlə götür! Saraya get və bağbana iş axtardıgını söylə.

Külkəman atın dediklərini yerinə yetirdi, bağban onu özünə köməkçi götürdü. At hər gecə oğlanın yanına gəlir, ona nə etmək lazım olduğunu öyrədir, bağban isə şagirdini yerə- göyə sığdırmırdı.

Bir dəfə Külkəman bağda durub qızılı saçlarını darayırdı. Kiçik şahzadə qız isə pəncərədən baxırdı; qız oğlanı gördü və fikirləşdi:”Görəsən bu yaraşıqlı oğlan bura hardan gəlib?” Amma xidmətçilərini nə qədər sorğu - suala tutsa da, heç kim ona cavab verə bilmədi və qıza elə gəldi ki, oğlan onun gözünə görünüb.

Külkəman isə şahzadə qızı gördü,  tez papağını başına qoyub kolların arxasında gizləndi.

Lakin,  Külkəmanın asudə çox sürmədi. Qonşu kral müharibə etmək fikrinə düşdü. Hamı ilə birlikdə Külkəman da müharibəyə hazırlaşırdı. Kral onun bu hərəkətinə güldü, lakin onu müharibəyə apardı, yalnız ona yaşlı yabı verdi. Onlar yürüşə çıxanda Külkəman yabıdan yıxılıb gölməçənin içinə düşdü. Bütün qoşun ona gülməyə başladı. Külkəman qoşunun keçib getməsini gözlədi.  Qoca yabını gölməçənin yanında qoyub özü dağa çıxdı. Yüyəni cingildətdi və sehrli at qaçaraq onun yanına gəldi.  Yəhərin üstündə isə onun par- par parıldayan zirehli geyimləri dururdu.

-      Geyin!-  deyə at qışqırdı. - Qılıncı götür, yəhərə otur, müharibəyə gedək!

Külkəman belə də etdi,  kralın qoşunu döyüş yerinə çatmağa macal tapmamış Külkəman bütün düşmənləri darmadağın etdi.  Kral bu naməlum şahzadənin kim olması ilə maraqlandı. Bu vaxt o döyüşçünün ayağından qan axdığını gördü və onun ayağını öz kral yaylığı ilə bağladı. Sonra onu saraya dəvət etdi, amma gənc razı olmadı və çaparaq uzaqlaşdı. Oğlan dağa qayıtdı, atın yüyənini çıxardi və öz köhnə - kürüşünü əyninə taxdı. Gölməçənin yanına qayıtdı, yaşlı yabısını götürüb geriyə, saraya qayıtdı.

Ertəsi gün hər şey təkrarlandı. Külkəman yaşlı yabısını mindi, gölməçənin yanında ləngidi, dağa qaçdı, yüyəni cingildətdi. Bu dəfə at ay kimi işıq saçan zirehli geyimi gətirdi. Yenə də Külkəman bütün düşmənləri darmadağın etdi və dağa tərəf çapdı.

Üçüncü gün at göydə ulduz kimi yanan zirehli geyimi gətirdi.

Külkəman öz qüdrətli qılıncı ilə düşmənlərin canına vəlvələ saldı, sağ qalanlar isə dabanlarına tüpürüb paytaxta kimi arxalarına belə baxmadan qaçdılar.

Yenə də kral Külkəmanı öz sarayına dəvət etdi, o isə etiraz edərək çaparaq dağa getdi. Orda öz köhnə paltarlarını geydi, gölməçənin yanındakı yaşlı yabısını götürüb ağır- ağır saraya tərəf getməyə başladı.

Müharibə qurtardı, kral sarayda ziyafət verdi. Ziyafətə müharibədə krala köməklik göstərmiş bir çox mərd şəhzadə gəlmişdi. Kral qızlarına onların arasından özlərinə adaxlı seçməyi təklif etdi.

Böyük qız özünə boylu- buxunlu əcnəbi şəhzadə seçdi. Ortancıl qız da özünə nəcib cəngavər seçdi. Kiçik qız isə əlindəki almanı kandarda durmuş Külkəmana atdı.

-      Bu sənin üçündür, gözümün işığı, - dedi.

Kral qızının bu hərəkətindən qəzəbləndi və Külkəmanı saraydan qovdurmağı buyurdu.

Bu vaxt Külkəman ayağındakı yaranı və yaraya sarınmış yaylığı göstərdi. O bu yaylığın kimin olmasını soruşdu. Kral yaylığa nəzər saldı və onu tanıdı. Külkəman yüyənin cingildətdi və sehrli at qaçaraq onun yanına gəldi.

Külkəman əhvalatı olduğu kimi danışdı. Hamı məəttəl qalmışdı və ziyafəti davam etdirdilər.

Axşamçağı hamı yatandan sonra at Külkəmana baltanı gətirib onun baçını kəsməyi buyurdu.

-      Nə danışırsan!Dəli olmusan!Mən bunu edə bilmərəm!- deyə Külkəman əllərini yellədi.

-      Necə deyirəm,  elə də et!- dedi at. - Sən axı məni xilas etməyə söz vermişdin.

Külkəman atın başını kəsdi və o dərhal yaraşıqlı şəhzadəyə çevrildi. Şəhzadə Külkəmanın əlindən tutub kralın yanına gətirdiş

-      Əziz ata, - dedi şəhzadə. - Zalım divin tilsimlədiyi doğma oğlunu tanıdınmı?Külkəmanın düşmənləri darmadağın edən zaman minib çapdığı o at mən idim!Məni xilas edən odur!

Kral sevindiyindən göz yaşlarına boğuldu. Külkəman isə günəş kimi parıldayan zirehli geyimini geydi və qızılı saçlarını çiyninə tökdü. Kral sevincək onu da şəhzadə elan etdi və kiçik qızını ona ərə verdi.

Oxunub 6508 dəfə