Səhifəni çap et
Cümə axşamı, 30 Avqust 2012 11:14

SƏNƏT ÖYRƏN

SƏNƏT ÖYRƏN

Gürcü nağılı

g
iri varmış, biri yoxmuş, bir şah və onun gözünün ağı-qarası bir oğlu varmış. Şah qocalmışdı və oğlunu evləndirmək qərarına gəldi. Şahın oğlu dedi:

-     İzn ver, şahlığı gəzib dolanım, qızı özüm seçim!

Şah dedi:

-     İzn sənindir!

Şahzadə yola düşdü. Az gəzdi, çox gəzdi, bütün şəhərləri, kəndləri gəzdi, amma özünə qız seçə bilmədi. Yalnız yoxsul bir kənddə, kəndin lap kənarında, ən kasıb evdə о gözəl bir qız gördü. Qız о qədər gözəl idi ki, aya deyirdi sən çıxma mən çıxım, günə deyirdi sən çıxma mən çıxım! Bir könüldən min könülə о qıza aşiq oldu. Şahzadə ona dedi:

-     Mənə gələrsənmi!

Qız isə soruşdu:

-     De görüm, hansı sənətin sahibisən?

О cavab verdi:

-     Heç bir sənət əlimdən gəlmir, mən şahzadəyəm!

-     Heç bir sənət sahibi deyilsənsə, vay halına! - dedi qız. - Şahzadə olmaq - sənət deyil! Bu gün sən şahsan, sabah yox, onda özünə necə çörək pulu qazanacaqsan? Get bir sənət öyrən, yalnız о zaman sənə gələrəm.

Şahzadə qəm dəryasına qərq oldu. Tez bir zamanda hansı sənətə yiyələnə biləcəyini bilmirdi.Atasının yanına gəldi və əhvalatı ona danışdı:

-     Mən bir qız seçmişəm. Dünyada onun tayı-bərabəri yoxdur. Lakin о mənə gəlməyə razılıq vermədi. "Əvvəlcə, - dedi o, - get bir sənət öyrən!" О qızdan əl çəkə bilmərəm. Gözüm ondan başqasını görmür. Ondan başqası mənə gərək deyil. Kömək edin, bir sənət öyrənim.

Şah bütün sənətkarları hüzuruna çağırdı. Sənətkarlar buyurdular: xarratlar, pinəçilər, dərzilər, bənnalar, ocaqçılar. Şah xarratdan soruşdu:

-     Neçə müddətə oğluma sənətini öyrədə bilərsən?

-     Beş ilə, -deyə xarrat cavab verdi.

-     Eh! Beş ilə о qız ərə gedər, məni о qədər gözləməz, - dedi şahzadə.

О birilərindən soruşdular:

-     Kim şahzadəyə ən qısa müddətə sənət öyrədə bilər?

Pinəçi dedi:

-     Dörd ilə öyrədərəm!

Bənna dedi:

-     Üç ilə öyrədərəm

Ocaqçı dedi:

-     İki ilə öyrədərəm!

Nəhayət bir qoca irəli çıxdı və dedi:

-     Mən keçə basıram və yapıncı düzəldirəm. Üç günə şahzadəyə sənətimi öyrədərəm.

Şahzadə sevindi, yapıncı ustasının yanına getdi. Üç günə keçə basmağı və müxtəlif yapıncılar – atlılar üçün uzun, xovlu yapıncılar, piyadalar üçün qısa, hamar, tikişsiz yapıncılar düzəltməyi öyrəndi.

   Bundan sonra şahzadə qızın yanına yollandı:

-     Yenə niyə gəlmisən? - deyə qız soruşdu.

-     Səni elçiləməyə.

-     Sənət öyrənmisən?

-     Öyrənmişəm: yapıncı düzəldə bilirəm.

-     Bu sənət də yarayar! - dedi qız. - İndi sənə gələrəm!

Onlar evlənib şad-xürrəm yaşamağa başladılar. Çox keçmədən qoca şah dünyasını dəyişdi. Şahzadə şahlıq etməyə başladı. Günlərin bir günü o öz şahlığını gəzmək istədi. Kimin necə yaşadığını, kimin nəyə sevindiyini, kimin nəyə kədərləndiyini, onun barəsində danışılanları öyrənmək istədi. Təğyiri-libas olub yola düzəldi.

Az getdi, düz getdi, gəlib bir şəhərə yetişdi. Acmışdı, yemək istədi. Bir aşxana tapdı, içəri girdi və dedi:

-     Ey xeyirxah insanlar, məni yedizdirin!

Aşxana sahibi onu nəzakətlə qarşıladı, yemək verdi.

Sən demə bunlar adamyeyən quldurlar imiş. Onlar şahı zirzəmiyə yaxın aparıb qapını açdılar.

-     Bu zirzəmidə nə var? - deyə şah soruşdu.

-     Gir, özün bax! - deyə quldurlar onu içəri itələdilər.

-     Şah ətrafına baxındı, gördü ki, zirzəmidə daha üç nəfər var.

-     Siz burda niyə oturmusuz? - deyə şah soruşdu. - Sizi niyə saxlayırlar?

-     Bu  adamyeyən quldurlar bizi öldürüb yeyəcəklər, - deyə əsirlər ona cavab verdi. - Səni də bu aqibət gözləyir.

Şahın canına qorxu düşdü, bilmədi nə etsin.

Quldurlar üç nəfəri öldürdülər. Şahın növbəsi çatdı. Şah adamyeyən quldurlara dedi:

-     Məni öldürməyin! Mən sizə elə yapıncı düzəldərəm ki, onu min tümənə sata bilərsiniz! Onu birbaş şahın gənc arvadının yanına aparın, о sövdələşmədən onu alacaq.

Quldurlar sevindilər. Yun gətirdilər. Şah yapıncı düzəltməyə başladı. Düzəlib qurtardı, ona elə naxışlar vurdu ki, iki göz istəyirdi tamaşasına dursun! Naxışların arasında bu sözləri tikdi:

"Filan şəhərdə, filan evdə, zirzəmidə adamyeyən quldurların əsirliyindəyəm. İki günə kimi köməyimə yetişməsəniz, məni öldürəcəklər".

Bir quldur yapıncını götürdü, çiyninə atıb şəhərə getdi.

Şah sarayına, şahın arvadının yanına apardı, satmaq istədi. Şah arvadı yapıncını nəzərdən keçirməyə başladı: naxışların arasında tikilən sözləri oxudu. Yapıncını min tümənə aldı və qulduru buraxdı. Sonra döyüşçülərini çağırdı, quldurun arxasınca - ərini qurtarmağa yola düşdü. Quldur heç bir şeydən xəbəri olmadan irəlidə, şahın arvadı isə döyüşçülər ilə arxada gedirdi! Gəlib çatdılar. Quldurların evini mühasirəyə aldılar, heç kim qaça bilmədi!

Döyüşçülər evə hücum çəkdilər, bütün quldurları tutub öldürdülər. Zirzəmiyə düşüb şahı azad etdilər və arvadının yanına apardılar.

-     Görürsənmi! - dedi arvadı. - Əgər bu sənəti öyrənməsəydin, sənin şahlığın köməyinə çatmazdı: səni qoyun kimi kəsib yeyəcəkdilər.

-     Haqlısan, - deyə şah cavab verdi, - belə olmasaydı, indi mən sağ qalmazdım! Məni ancaq sənətim xilas etdi!

Oxunub 7293 dəfə