Səhifəni çap et
Çərşənbə axşamı, 22 Noyabr 2011 12:48

Göyçək Fatma

GÖYÇƏK FATMA

b
iri var idi, biri yox idi, allahın bəndəsi çox idi, bir kişiynən bir arvad var idi. Günlərin birində iş belə gətirdi ki, bu kişinin arvadı azarlanıb öldü. Həmin arvaddan Fatma adında yetim bir qızı, bir də oğlu qaldı. Kişi gördü ki, uşaqlara baxa bilməyəcək, odu ki, ayrı bir arvad aldı. Kişinin bu arvaddan da bir qızı oldu, amma bu yaman kifir qız idi. Bu arvad gələn gündən yetim Fatmanı gözü götürmədi. Öz qızının adını da Fatma qoydu. Amma bu qızınan onun asiman tafavüt var idi. Yetim Fatma gözəl göyçək bir qız, çirkin Fatma isə qara keçəl idi. Analıq yetim Fatmaynan, oğlana gün verib, işıq vermirdi. Onları gah suya, gah oduna göndərirdi. Evdə qarabaş kimi işlədirdi.

Günlərin birində arvad iki ayağın bir başmağa dirəyib ərinə dedi:

- Kişi, əgər bu uşaqları aparıb azıtmasan, səndə oturmuyacam. Mənim bu uşaqlardan zəhləm gedir, mən onlara daha baxa bilmirəm.

Kişi nə qədər yalvar-yapış elədi ki, ay arvad, insafın olsun, mən bu bir parça tüfülləri hara azıdım, yazıqdılar, gedərlər meşədə qurd-quş yiyər. Arvadın hırı tutmuşdu, elə nırx deyib durdu ki, əgər azıtmasan gününü qara eliyəcəm. Kişi çox götür-qoy elədi, gördü ki, ayrı əlacı yoxdu. Fatmaynan oğlunu götürüb getdi meşəyə. Uşaqlarını alladıb dedi:

- Balalarım, siz moruq, çiyələk yığa-yığa gedin dərənin dibinə, mən də bu biri tərəfdən bir az odun qırım, axşamüstü gəlib sizi də götürərəm, gedərik.

Uşaqlar atalarının sözünə inandılar. Moruq, çiyələk yığa-yığa lap meşənin sıx yerinə çatdılar.

Sizə kimnən deyim, kişidən. Kişi uşaqları aldadıb bu tərəfdən ağlaya-ağlaya, kor-peşiman qayıtdı evə. Axşam oldu. Qaranlıq düşdü, meşədə göz-gözü görmürdü. Ayı, canavar, pələng, şir meşəyə bir nərilti, gurultu, inilti salmışdılar ki, vəhmədən adamın bağrı çatlayırdı. Uşaqlar ha gözlədilər, dədələri gəlib çıxmadı. Axırda əlacsız qalıb bir ağacın başına çıxıb orada gecələdilər. Sabah tezdən durub yol başladılar bir cığırnan getməyə. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib bir bulağın başına çatdılar. Fatmanın qardaşı yaman susamışdı. Özünü tez verdi bulağın başına, istədi sudan doyunca içə. Fatma qoymaq istəmədi, elə bil ürəyinə dammışdı ki, bu suda bir şey var. Fatma nə qədər elədi ki, qardaşı sudan içməsin, olmadı. Oğlan ağzını bulağın gözünə diriyib sudan doyunca içdi. O saat dönüb oldu qara bir inək, Fatma üz-gözünü cırıb şivən saldı ki, ay qardaş, sənə demədimmi içmə, indi mən neyniyim, başıma haranın daşını töküm.

Qardaşı dedi:

- Bacı, daha iş-işdən keçib, mənimki də beləymiş, gəl gedək. Amma bu sirri nə badə bir adama deyəsən ha!

Fatma inəyi də qabağına salıb ayaq ləpiriynən o qədər getdi ki, meşədən çıxdı. Bir dağın başına çıxıb gördü ki, evləri uzaqdan görükür. Düz gəldi evlərinə. Arvad gördü ki, qız gəldi, amma yanında da bir qara inək. Əvvəlcə üz-gözünü turşutdu, qaş-qabağını tökdü, istədi qızı qovlasın. Sonra fikirləşdi ki, oğlan yoxdu, yəqin ölüb-itib, meşədə qalıb. Qız da ki, bir yaxşı inəynən gəlib. İnəyi sağıb yeyərik. Bir azdan sonra qızı genə azdırarıq, o da itib cəhənnəmə vasil olar. Kişi də qızını görüb bir tərəfdən sevindi, bir tərəfdən də oğlunu yadına salıb bikeyf oldu.

Analıq hər gün Fatmanın əlinə bir az yun verib inəyi otarmağa göndərərdi. Fatma axşama kimi inəyi otarır, analığı verdiyi yunu da didib əyirərdi. Bir gün yenə inəyi otardığı yerdə bərk yel əsdi, yel Fatmanın yumağını götürüb apardı. Fatma, "a yel baba, yumağımı aparma" - deyə-deyə yüyürürdü. Yel baba yumağı aparıb bir evin bacasınnan içəri saldı. Fatma gəlib bu evin qapısını döydü. İçəridən bədheybət bir qarı çıxıb dedi:

- A bala, nə var, nə istəyirsən?

Fatma dedi:

- Qarı nənə, yel baba yumağımı sənin bacannan içəri saldı, gəlmişəm ki, onu verəsən.
Qarı dedi:

- A qızım, gəl mənim başıma bax, sonra yumağını verim.

Fatma razı oldu, içəri girib gördü qarının evi zir-zibilnən doludu. Odu ki, dedi:

- Qarı nənə, süpürgəni ver, evini süpürüm.

Qarı süpürgəni verdi. Fatma evi süpürüb tər-təmiz elədi. Sonra da başladı qarının başına baxmağa, gördü ki, bunun başı doludu ilan, çayannan, baxdı ki, qarının başında bitlər var tısbağa boyda, birələr var qurbağa boyda.

Qarı dedi:

- A qızım, de görüm sənin ananın başı qəşəngdi, yoxsa mənim? Mənim birələrim qəşəngdi, yoxsa onun.

Fatma dedi:

- Ay nənə, əlbəttə, sənin başın qəşəngdi. Sənin bit, birələrin də lap sərçə, bülbül kimi şeylərdi.
Bu sözlər qarının xoşuna gəldi, odu ki, dedi:

- Bala, burdan gedəndə qabağına üç bulaq çıxacaq, birinin suyu dümağ, süd kimi, o birininki qapqara şəvə kimi, birinin də suyu qıp-qırmızı lalə kimi. Ağ suda soyunub çimərsən, qara sudan da saçına, qaşına, kirpiyinə çəkərsən. Qırmızı sudan da yanaqlarına, dodaqlarına çəkərsən. Sonra gedib qara inəyin bir buynuzunnan yağ, birinnən də bal əməcəksən.

Fatma qarının yanından çıxıb gəldi, yolda günçıxan tərəfdə qabağına bir bulaq çıxdı, suyu dümağ süd kimi, girib suda çimdi. Bir az gedib günbatan tərəfdə də bir bulağa rast oldu. Bu bulağın suyu da qapqara idi. Fatma bu suynan başını yuyub, bir az da qaşına, kirpiyinə çəkdi. Qırmızı sudan da bir az yanaqlarına, dodaqlarına çəkdi. Fatmanın gözəlliyi bir idi, indi oldu min. Fatma elə bir gözəl qız oldu ki, heç misli-bərabəri olmadı. Aya dedi, sən çıxma, mən çıxacam, günə dedi, sən çıxma, mən çıxacam. Yanaqlar qıp-qırmızı alma kimi, dodaqları qaymaq, dişləri inci, gözü maral gözü. Nə deyim, bir baxan deyərdi bir də baxaydım.

Fatma düz gəlib çıxdı qara inəyin yanına, onun başını, gözünü sığallayıb başladı buynuzlarını əmməyə, gördü ki, doğrudan da, inəyin bir buynuzunnan yağ, birinnən də bal gəlir. Fatma hər gün inəyin buynuzlarını əmib elə kökəldi ki, lap balığa döndü. Fatmanın analığının bu işə həm paxıllığı tutdu, həm də mat qaldı ki, görən Fatma neyləyir ki, belə kökəlib, qəşəngləşir. Odu ki, sabahdan öz keçəl qızını da qoşdu Fatmanın yanına ki, o da naxıra gedib qəşəngləşsin.

İş belə gətirdi ki, yenə bərk bir yel qopdu, bu dəfə də yel keçəl Fatmanın yununu götürüb apardı. Yun gedib həmin qarının bacasınnan içəri düşdü. Keçəl Fatma yunun dalınca qaça-qaça gedib qarının evinə çıxdı. Qapını döyüb yununu istədi. Qarı qızı içəri çağırıb dedi:

- A qızım, gəl başımı bitlə, sonra yununu verim.

Qız qarının başına baxıb gördü ki, bit-birəynən doludu. "Tfu" eləyib geri çəkildi. Qarı dedi:
- A qızım, mənim başım təmizdi, yoxsa sənin ananın?

Qız dedi:

- Allah vurmuşdu səni, başın ilan qurbağaynan doludu, həlbətdə anamın başı yaxşıdı.

Qarı bir altdan yuxarı baxıb dedi:

- A qızım, sən ki, belə dedin, ala yununu verirəm, amma burdan gedəndə qabağına üç bulaq çıxacaq. Birinin suyu qara, birinin suyu ağ, o birininki də qırmızı. Sən əvvəlcə qara suya girib çimərsən, sonra ağ suynan başını yuyub, bir az da qaşına, kirpiyinə, qırmızı sudan da alnına sürtərsən. Sonra da qara inəyin döşlərini əmərsən.

Qız qarının yanınnan çıxıb yolda qara suynan çimdi, ağ sudan qaşına, kirpiyinə çəkdi, qırmızı sudan da alnına sürtdü. Əvvəldən də bir şey olmayan keçəl Fatma dönüb oldu qara qul; hər yeri oldu qap-qara kösəy kimi. Bircə dişləri, gözləri ağarırdı. Keçəl Fatmanın heç nədən xəbəri yox idi. Gəlib inəyin əmcəyini ağzına salıb başladı sormağa, gördü ki, ağzına irin gəlir, tez başladı inəyin o biri məməsini əmməyə, gördü ki, bunnan da qan gəlir. Durub kor-peşiman evlərinə gəldi. Anası qızına baxan kimi əllərini iki dizinə vurub dedi:

- Bıy, başına güllər, ay qız sənə nə oldu ki, bu günə düşdün?

Qız başına gələni anasına söylədi. Daha iş işdən keçmişdi. O günnən keçəl Fatmanı anası evdən heç yerə buraxmadı. Amma göyçək Fatma hər gün inəyi aparıb otarır, özü də günü-günnən qəşəngləşirdi. Analıq gördü ki, Fatma inəyi otarmağa apardıqca yaxşılaşır, odu ki, bir gün bir az quru yuxa bişirib paltarının altınnan kürəklərinə qoydu, əri evə gələndə yerə yıxılıb arxası üstə o üzə, bu üzə çörükdü. Arvad tərpəndikcə yuxalar xırha-xırnan qırılırdı. Arvad ufuldana-ufuldana dedi:

- A kişi, görürsənmi nə bərk azarramışam. Ölürəm, mənə bir əlac.

Kişi dedi:

- Arvad sənin dərmanın nədi, de tapım?

Arvad dedi:

- Mənim dərmanım qara inəyin ətidi. Onu kəsib ətini mənə yedirtsən yaxşı olacam.

Kişi əvvəlcə inəyi kəsmək istəmədi, amma arvad əl çəkmədi ki, çəkmədi. Kişi axırda inəyi kəsdi. Göyçək Fatma gördü ki, inəyi kəsdilər. Qaldı məəttəl ki, indi nə yeyəcək, acınnan öləcək. Durub getdi həmin qoca qarının yanına, əhvalatı ona söylədi. Qarı dedi:

- Qızım, eybi yoxdu, qoy inəyi kəssinnər, sən onun ətinnən yeməzsən, qoy onlar yesinnər, sonra xəlvətcə onun bütün sümüklərini torbaya yığıb gətirərsən mənim yanıma. Qorxma, qardaşın indi də xoruz cildinə düşəcək.

Fatma qarının yanınnan gəlib o dediyi kimi elədi. İnəyin ətinnən yemədi, onsuz da analığı heç ona ət vermədi. Bəli, Fatma inəyin sümüklərini irili-xırdalı yığıb bir torbaya doldurdu, xəlvətcə düz gətirdi qarının evinə, qarı yekə bir quyu qazıb sümükləri basdırdı ora. Üstünü torpaqlayıb qıza dedi: - Bala, qorxma, bu sümüklərdən nə istəsən o saat hazır olacaq.

Qız durub evlərinə gəldi, bir-iki günnən sonra padşahın böyük oğlunun toyuydu, hamını çağırmışdılar. Fatmanın analığı da keçəl qızını geyindirib-keçindirib toya gedirdi. Göyçək Fatma da analığına yalvar-yaxar elədi ki, toya onu da aparsın. Analığı qoymadı ki, qoymadı, dedi:
- Bircə sənin yerin əskik idi, qaxıl otur yerində, onsuz da sənin paltarın nə gəzir ki, geyinib gedəsən.

Analıq bir çanaq darını yerə töküb, bir boş cam qoydu, dedi:

- Mən gələnə kimi bu darını yığarsan çanağa, bu camı da göz yaşınnan doldurarsan, əgər dediklərimi eləməsən, vay sənin gününə.

Fatma qaldı mat-məhəttəl ki, neyləsin. Analığı gedən kimi kor-peşiman daban alıb düz gəldi qarının yanına, analığının tapşırdığı işləri söylədi.

Qarı dedi:

- Qızım, qorxma, bu işlər mənim əlimdə su içimi kimi bir şeydi.

Qarı qıza bir çanaq darı verdi, bir cam da duzlu şor su. Dedi:

- Apar bu darını tök analığının darı çanağına, duzlu suyu da tök cama, elə bilsin ki, ağlayıbsan, gözünün yaşıdı. Qaldı yerə tökülən darılar, toyuq-cücələri buraq qoy darını dənnəyib qurtarsınnar.

Qarı bu sözləri qıza deyənnən sonra onu götürüb gəldi inəyin sümüyünü basdırdığı yerə. Quyunun ağzını açıb dedi:

- Ey qara inək, sənnən bir qəşəng padşahanə libas, bir də bir qızıl başmaq istəyirəm ki, Fatma geyinib getsin toya.

O saat bir də gördülər ki, bu şeylər hazır oldu. Qarı qıza bir torba kişmiş, bir torba da kül verib dedi:

- Qızım, bu paltarı, qızıl başmağı geyib, torbaları da götürüb gedərsən toya, orada səni analığın tanımayacaq, toyda səni də oynadacaqlar. Sən oynayanda camaatın üstünə kişmiş tökərsən, analığının üzünə kül, sonra tez qayıdıb gələrsən evə, paltarını soyunub oturarsan.

Bəli, Fatma zər-zibaynan tikilmiş paltarı geyib, qızıl başmağı ayağına taxıb döndü huri-mələyə. Getdi toya, hamı bu gözəllikdə qızı görüb mat qaldı. Fatma oynaya-oynaya adamların qabağına getdikcə hamının qucağına kişmiş töküb, analığının gözünə kül səpdi. Sonra toydan çıxıb tələsik qayıtdı evə. Yolda çaydan hoppanıb keçəndə başmağının bir tayı ayağınnan çıxıb düşdü suya. Tələsdiyinnən başmağı qoyub qaçdı. Həmin gün demə padşahın oğlu ova çıxıbmış. Qayıdan baş yolda atını çayda sulamağa gətirdi. At dodağını suya vurub geri çəkildi. Padşahın oğlu əyilib suya baxdı, gördü ki, suda bir tay qızıl başmaq var, tez çıxardıb özüynən gətirdi. Bu tərəfdən də Fatma gəlib paltarını soyunub gizləndi. Analığı qaş-qabaqlı gəldi evə. Fatma dedi:
-
Ana, bir az söylə görüm toyda nə oldu, nə keçdi?

Arvad dedi:

- Heç, nə olacaq, bir qaragünnünün biri oynayanda hamının qabağına kişmiş tökdü, bizim qabağımıza kül atdı.

Bunları burda qoyaq, görək padşahın oğlu başmağı neylədi. Başmaq o qədər qəşəng idi ki, heç padşahın xəzinəsində də beləsi yox idi. Padşahın oğlu başmağı öz lələsinə verib dedi:

- Apar bu başmağı şəhərbəşəhər, kəndbəkənd axtar, hansı qızın ayağına olsa, gərək onu alam.

Lələ hər yeri gəzdi, bütün kəndləri, şəhərləri hələk-fələk elədi, başmaq heç kimin ayağına olmadı. Axırda xəbər alırlar ki, bu başmağı ayağına taxmamış kim qaldı, dedilər ki, bircə Fatma adlı bir yetim qız var, o qalıbdı. Gətirib başmağı Fatmanın ayağına geyindirdilər, gördülər ki, elə bil başmaqçı özü əliynən tikib, düz qızın ayağına. O saat gedib padşah oğluna xəbər apardılar ki, bəs belə-belə, başmaq filan qızın ayağına oldu. Oğlan toy tədarükü görüb Fatmanı gəlin gətirmək üçün öz adamlarını göndərdi ki, qızın başını bəzəsinnər. Bu tərəfdən Fatmanın analığı paxıllığınnan az qaldı çatlasın, odu ki, Fatmanın əl-ayağını kəndirnən bağlayıb saldı təndirə, üstünü də örtdü. Öz qızı keçəl Fatmanı da bəzəndirib qoydu göyçək Fatmanın yerində. Yengələr, sağdışlar, solduşlar gəldilər ki, qızın başını bəzəyib gəlin aparsınlar, gördülər ki, qız o qız deyil.

Dedilər:

- Ay balam, bu qız niyə belə qaralıb?

Qızın anası nırx deyib durdu ki, elə bu həmən göyçək Fatmadı, o günün altında durub, gün qaraldıb. Yengə tez başmağı gətirib qızın ayağına taxdı, gördü yox, olmadı. Özzünə fikirləşdi ki, axı bu qız mən gördüyüm deyil, bunu bəzəyib aparsaq padşahın oğlu nə deyər? Elə bu fikirdəydi ki, gördü küçədən uşaqlar oxuyurlar:

Gün çıx, gün çıx,

Kəhər atı min çıx,

Keçəl qızı evdə qoy,

Saçlı qızı götür qaç.

Yengə qızın tez başına baxıb gördü qız qart keçəldi. Tez durdu ki, gedib əhvalatı oğlana söyləsin. Birdən məhlədə bir xoruz başladı bannamağa:

Quqqulu-qu,

Fatma xanım təndirdə,

Əl-ayağı kəndirdə.

Yengə gəlib tez təndirin ağzını açdı, gördü doğrudan da Fatmanın əl-ayağını kəndirnən bağlayıb təndirə salıblar. Qızı çıxardıb gətirdilər evə, yetmiş yerdən ona bəzək-düzək verib, geyindirib-keçindirib apardılar padşahın oğluna. Hamı toyda çalır, oynayır, şadlıq eləyirdi keçəl Fatmaynan anası qan ağlayırdı.

Aradan bir müddət keçənnən sonra keçəl Fatmanın anası dedi:

- A qızım, olan-olub, keçən-keçib, bir dur get gör bacın nə qayırır?

Keçəl Fatma geyinib-keçinib getdi bacısının yanına, xoş-beş on beşdən sonra dedi:

- Ay bacı, yaman çimmək istəyirəm, dur gedək dərya kənarında çimək.

Göyçək Fatma bacısının xətrini sındırmayıb öz qızıl teştini də götürüb getdi dərya kənarına. Keçəl qız dedi:

- A bacı, əvvəlcə sən soyun, mən səni çimizdirim, sonrada sən məni çimizdirərsən.

Fatma sözə inanıb soyundu, dəryanın qırağında çimmək istəyəndə keçəl Fatma onu itələyib suyun dərin yerinə saldı. Göyçək Fatma sudan çıxa bilmədi. Keçəl qız Fatmanın paltarını geyinib oğlanın evinə gəldi. Axşam oldu, qız üz-gözünü gizlədə-gizlədə bir təhər gecəni saldı. Yatmaq vaxtı gələndə oğlan gördü ki, Fatmanın saçı heç əlinə dəymir. Odu ki, dedi:

- Ay Fatma, sənin saçın heç gözümə dəymir.

Qız dedi:

- Başımı yumuşam deyin yığılıb bir yerə, sabah quruyar, genə uzanar.

Sabah açıldı, oğlan atına minib dəryanın kənarıynan gedirdi, bir də gördü ki, bir balıqçı toru nə qədər çəkirsə, sudan çıxarda bilmir. Oğlan atdan düşüb balıqçıya kömək elədi. Bir təhər toru çəkib sudan çıxardılar. Bir də gördülər ki, tora bir balıq düşüb ki, əcdaha boyda, tez balığın qarnını yardılar. Oğlan gördü ki, buy budu göyçək Fatma balığın qarnında, tez qızı çıxardıb bir şeyə büküb evə gətirdi. Fatma başına gələn əhvalatı tamam başdan-ayağa kimi ərinə danışdı. Oğlan o saat əmr elədi ki, bir dəli qatır gətirsinlər. Keçəl Fatmanı qatırın quyruğuna bağladıb dağda-daşda sürütdədilər. Keçəl Fatmanın hər tikəsi bir dərədə qaldı. Sonra göyçək Fatmaynan padşahın oğlu keyf çəkib dövran keçirdilər.

Göydən üç alma düşdü, biri mənim, biri sənin, biri də nağıl söyləyənin.

Oxunub 10419 dəfə